SON XƏBƏR

Seyidov AŞ PA-nın ittihamlarına cavab verdi: “Telefonu ona görə götürmürdüm ki...”

Avqust 05
10:32 2020
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ilə rəsmi Bakı arasındakı münasibətlər yenidən qırılma nöqtəsindədir. Belə ki, bu günlərdə AŞ PA məruzəçiləri Azərbaycandakı həbslərlə bağlı bəyanat yayıblar. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Yeni Müsavat”ın bu mövzuda suallarını cavablandırıb. 

- Səməd bəy, AŞ PA ilə rəsmi Bakı arasında "atəşkəs” yenidən pozulub. Nə baş verdi bu ərəfədə? Məruzəçilərin bəyanatını obyektiv şərh etsək, hansı qənaət hasil olar?

- Mənim üçün əsas məruzəçilərin, yaxud başqa təşkilatların verdiyi bəyanat əsas deyil...Gördüyünüz kimi, yalnız Avropa Şurası yox, başqaları da bu istiqamətdə bəyanat verməyə, ortaya fikirlər atmağa başlayıb. Ümumiyyətlə, son hadisələr onu göstərir ki, Azərbaycanın mövqeyi yalnız iqtisadi, hərbi, yaxud da başqa hansısa məsələlərlə izah olunmur. O cümlədən Azərbaycanın gücü beynəlxalq səviyyədə də göz qabağındadır. Siz çox gözəl bilirsiniz ki, bu gün beynəlxalq səviyyədə fərqli bir Azərbaycan var. Onun mövqeyi, münasibətləri, qurduğu əlaqələr, tellər beynəlxalq siyasəti formalaşdıran amillərə çevrilib. Elə TAP,  TANAP və başqa enerji infrastruktur layihələrinin adlarını çəkmək kifayətdir.  Azərbaycan gündəmə gələndə yəqin heç kimi təəccübləndirmir ki, biz Rusiyanın, ABŞ-ın, Avropanın, Çinin siyasəti ilə bağlı danışmağa başlayırıq. Azərbaycan coğrafi nöqteyi-nəzərdən o qədər də böyük bir dövlət deyil. Amma Azərbaycanın apardığı siyasət böyük bir siyasətdir və böyük dövlətlərə, onların maraqlarına təsir göstərmək iqtidarındadır.  Ona hər bir məsələni bu nöqteyi-nəzərdən təhlil etmək lazımdır. Son hadisələr, xüsusilə iyul ayında baş vermiş erməni təxribatları bax, bu səviyyədən olan hadisələr kimi təhlil olunmalıdır. Ona görə ki, onların planları Azərbaycanı beynəlxalq səviyyədə səhnədən kənarlaşdırmaq, onun rolunu, hansısa təsir imkanlarını şübhə altına qoymaq idi. O cümlədən bir neçə müddətdən sonra qırılmaz tellərlə bağlanacaq Azərbaycanın Avropa ilə, Qərblə, dünya ilə əlaqələrin möhkəmlənməsinə qarşı yönələn bir təxribat idi.  Biz hamımız şahidi olduq ki, bu, keçmədi, baş tutmadı. Paşinyan istədiklərinin tamamilə əksini gördü...

 "Biz Avropa Şurasında da işimizi davam etdirəcəyik, Avropa Parlamentində də”

- Yəni deyirsiniz, Nikol Paşinyanın əl-qolu bu qədərmi uzundur və Avropa Şurasına da çatır?

- Təkcə Paşinyan yox, o cümlədən Paşinyan... Paşinyan deyəndə biz məhdud şəkildə və geniş şəkildə deyə bilərik. Paşinyan və Ermənistan, o cümlədən erməni diasporu, erməni lobbisini, həm Avropa Şurası, həm Avropa Şurasında təxribatları deyə bilərik.

- Dediklərinizdən belə aydın olur ki, hələ AŞ PA-dakı ermənipərəst qüvvələr güclüdür?

- Mənim fikrimcə, bu istiqamətdə Avropa Şurasında olan, məhdud şəkildə Ermənistanın maraqlarına birbaşa işləyən qruplar da öz iç üzlərini artıq açırlar. Bu bəyanatların da kökü, mənbəyi, əsası da məhz oradan bəhrələnir. Baxın, bunlar əl atdıqları təxribatlarla istədiklərini əldə edə bilmədiklərinə görə, başqa istiqamətdə ciddi fəaliyyət göstərməyə başlayıblar. Təxribatlar başlayandan bizim diaspora öz gücünü, münasibətini, vətənpərvərliyini, yüksək səviyyədə müqavimətini göstərmək iqtidarında oldu. Baxmayaraq ki, faktiki terrora, ASALA-ya, "Daşnaksütyun”a qarşı mübarizə aparırdı. Təxribatların heç biri baş tutmayanda bunlar nəyə əl atıblar? Bunlar ənənəvi olaraq - bu, birinci dəfə deyil - insan haqları məsələsini gündəmə gətiriblər. Bununla da beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsinə diqqətini  yayındırmaq istəyirlər. Sizə bir faktı deyim: Avropa Şurasında, Avropa Parlamentində, o cümlədən ABŞ Konqresində Dağlıq Qarabağ məsələsi axı, müzakirə obyektinə çevrilir. Konqresin qəbul etdiyi məsələləri yəqin bilirsiniz... Siz bilirsiniz ki, ilk dəfədir "907"-dən sonra belə bir hadisə baş verib. Ermənistan əleyhinə sənəd qəbul olunub, işğalçı kimi tanınıb. Bundan başqa qısa bir müddətdə yüz minlərlə imza toplanaraq ABŞ Konqresinə göndərilməsi öz-özlüyündə böyük bir məsələdir,  mütəşəkkilliyin nümunəsidir. Deməli, bu mütəşəkkillik, təşkilatçılıq, bu istiqamətdə aparılan işlər öz bəhrəsini verməkdədir.

- Bu il Azərbaycanın işğal altındakı ərazilərində saxta "seçkilər” keçiriləndə AŞ PA susdu, bunu ölkə prezidenti də bəyan etdi. Strasburqun beynəlxalq hüququn tapdanmasına, əl atılan cinayətlərə göz yummaqda maraq-məqsədi nədən ibarətdir?

- Bu təşkilatların içərisində elə nümayəndələr var ki, onlar birbaşa erməni lobbisinin, o cümlədən korrupsiya içərisində olan Ermənistanı dəstəkləyən qurumların təsiri altındadır.

- Qayıdaq məruzəçilərin Azərbaycanla bağlı bəyanatına...

- Yəqin ki, bəyanatın son hissəsini oxumusunuz. Onlar heç vaxt Azərbaycana müraciət etmədən mətbuatda Azərbaycana qarşı bəyanatlar verməyə, ölkəmizi təhqir etməyə, Azərbaycanda gedən prosesləri tamamilə qeyri-obyektiv şərh etməyə başlayırlar. Bununla bağlı biz dəfələrlə Avropa Şurasının rəhbərliyinə müraciət etmişdik. AŞ rəhbərliyi də - mən sizə səmimi deyim  - bunu başa düşərək, həmin o məruzəçilərə ciddi tövsiyə etmişdi ki, onlar belə şeylərdən əl çəksinlər. Ancaq bu bəyanatların altından imzasını atan həmin məruzəçilər  əməllərindən əl çəkmədən Azərbaycana hansısa bir məktub göndərəndə, hansısa bir bəyanat verəndə AŞ rəhbərliyi buna Avropa Şurasının məruzəçilərinin statusuna uyğun olmayan tərzdə, formada müraciət edirlər. Məlum müraciət də tam bu şəkildədir.

- AŞ PA məruzəçiləri iddia edir ki, sizinlə neçə gündür danışmaq cəhdləri alınmır...

- Bəli, icazənizlə ona aydınlıq gətirim. Onlar konkret olaraq nümayəndə heyətinin rəhbərinə müraciət ediblər ki, bizə bu məsələlərlə bağlı konkret məlumat verin. Niyə mənə müraciət etmişdilər? Hansı ki, indiyədək heç vaxt müraciət etməmişdilər.  Sonra görərək ki, bunlar öz statusunu pozurlar və müraciət etməyə məcburdurlar, məsələni araşdırmalıdırlar... Ancaq müraciət edərək öz etik normalarını, ümumiyyətlə, müraciət tərzini tamamilə ifrat şəklində təqdim etmişdilər. Mən də nümayəndə heyətinin rəhbəri kimi, hətta onlara cavabdan imtina etmişdim və öz cavabımı monitorinq komitəsinı göndərmişdim. Azərbaycanda baş vermiş hadisələr və hadisələrdən sonra hüquq-mühafizə orqanlarının apardığı işlərlə bağlı. Məhz buna görə də həmin o bəyanatda sonuncu cümlədə onlar yazıblar ki, nümayəndə heyətinin rəhbərinə müraciət etdik, o isə bizə cavab verməkdən imtina edib. Bəli, bir də təsdiq edirəm: Azərbaycan üzrə məruzəçilər qeyri-obyektiv mövqedə dayandıqlarına görə, onlar Azərbaycanda gedən prosesləri məruzəçilərin statusuna uyğun olmadığı tərzdə şərh etdiklərinə, Azərbaycana qərəzli yanaşdıqlarına görə, biz müraciətlərimizi və məlumatlarımızı AŞ rəhbərliyinə, monitorinq komitəsinin rəhbərliyinə, AŞ prezidentinə göndəririk. Mən sizdən xahiş edirəm, başa düşəsiniz ki, Avropa Şurası həmin məruzəçilərdən  ibarət deyil. O məruzəçiləri hamı yaxşı tanıyır, onların mövqeyi hamıya bəllidir və onlar insan haqları ilə bağlı məsələni Azərbaycana qarşı bir alət, silah kimi istifadə etmək fikrinə düşüblər. Bu, alınmayacaq və Azərbaycan  öz mövqeyini konkret şəkildə ortaya qoyacaq.

- AŞ PA-nın bu ilin yanvarında qəbul etdiyi 2322 saylı qətnamədən sonra ölkədə heç bir irəliləyişin olmadığı iddiası var və qətnamənin icrası, o cümlədən Azərbaycanda siyasi məhbuslarla bağlı görülən işlər barədə Azərbaycan nümayəndə heyətindən məlumat almağa çalışacaqları bildirilir. Qətnamə ilə əlaqədar hansısa addımlar atıla, yaxud onlara izahat verilə bilərmi?

- Sizə konkret və rəsmi deyirəm ki, məruzəçilərlə bağlı biz münasibətimizi formalaşdırmışıq. Onların Azərbaycana qarşı mövqeyi qərəzlidir və hər hansı məlumatla bağlı biz müraciətlərimizi AŞ rəhbərliyinə edəcəyik. Biz AŞ rəhbərliyi ilə birbaşa işləyirik, AŞ rəhbərliyi bu istiqamətdə konstruktiv mövqedə dayanıb və yeni qurumun yeni seçilmiş rəhbərliyi də bunu çox gözəl başa düşür. Ancaq çox təəssüf ki, təsir altına düşmüş, Azərbaycanda gedən prosesləri tamamilə qeyri-obyektiv şərh edən insanlarla konstruktiv əlaqələr qurmaq mümkün deyil.

- Bəs, qərəzlidirlərsə, onların əvəzlənməsi məsələsini qaldırmaq mümkündürmü?

- Ona heç bir ehtiyac yoxdur. Çünki o insanlar rotasiya prinsipi ilə dəyişəcək. Onlar AŞ dəyərlərini özəlləşdirmək istəyirlərsə, bu, mümkün olmayan məsələdir.

- Paralel olaraq Avropa Parlamenti Azərbaycana qarşı sanksiya məsələsini gündəmə gətirib...

- Bəli, orda da eyni söhbətdir. Avropa Parlamentində də elə insanlar var ki, bu vəziyyətdən sui-istifadə edirlər. Ən əsas məqsəd də diqqəti yayındırmaqdır. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın işğalı ilə bağlı məsələlər gündəmə gəlir, müzakirələr başlayır. Məsələn, Avropa Şurasında qərar verilir ki, sentyabrın 15-16-sı Dağlıq Qarabağ məsələsi müzakirə olunsun. Dərhal bax, insan haqları gündəmə gəlir. Eyni məsələlər Avropa Parlamentində müzakirə olunanda dərhal - baxmayaraq ki, orda bu saat tətildir, deputatlar yoxdur - AP-ın adından bəyanatlar yayırlar. Bunlardan da başqa, böyük ehtimalla ABŞ-da bir neçə qurumlar, ermənipərəst konqresmenlər də bəyanatlar verəcəklər. Bunların məqsədlərinin altında dayanan ən əsas məsələ artıq başa düşülən, dəstəklənən, müzakirə olunan, Azərbaycan diasporu tərəfindən yüksək səviyyədə dəstəklənən Dağlıq Qarabağla bağlı məsələni diqqət mərkəzindən uzaqlaşdırmaq, "insan haqları” adı altında bu məsələni ört-basdır etməkdir.

- Qarabağa gedən yolumuzda "mina”ya çevrilən məsələlərlə bağlı hansısa addımlar atıla, həbslərlə bağlı məsələlər sərf-nəzər oluna, yüngülləşdirici qərarlar verilə bilərmi? Milli Məclisin bu prosesdə hansısa formada iştirakı mümkündürmü?

- Sizin terminologiyadan istifadə etsək, o "mina”ları biz qoymamışıq. O "mina”ları, Azərbaycana qarşı iradları, "barmaqdan sorulmuş”, boş və reallığı əks etdirməyən məsələləri onlar gündəmə gətiriblər. Ona görə də siz bir şeyi başa düşməlisiniz ki, Dağlıq Qarabağ məsələsi gündəmə gətirilməsin deyə, onlar əllərindən gələni etməyə hazırdırlar. Azərbaycan diasporunun da üzərinə hücumlar oldu, Los-Ancelesdə, Torontoda baş vermiş hadisələr, insan haqlarından istifadə, məruzəçilərin ələ alınması...Ona görə o qədər də sadəlövh olmayın, fikirləşməyin ki, onlar bu istiqamətdə oturub, əllərini aşağı salacaqlar. Azərbaycan hüquq-mühafizə orqanlarının son hadisələrlə bağlı  apardığı işlər qanun çərçivəsindədir. Ombudsman da gedib, həbs olunan insanlara baş çəkib. Biz də bu prosesi nəzarətdə saxlayırıq. Biz də çox gözəl bilirik ki, bu faktorlardan, bu məsələlərdən düşmənlər istifadə edə bilər. Ancaq onlar bu məsələni şişirtmək, süni şəkildə, yalan formasında gündəmə gətirməkdə əllərindən gələni edirlər. Odur ki, biz bu istiqamətdə necə fəaliyyət göstərmişiksə, bu fəaliyyəti davam etdirmək lazımdır. Onların bu yalanını da ifşa etmək lazımdır. Bu insanların ifşası ilə bağlı bütün məlumatlar, bütün şəkillər, məktublar - xüsusilə son hadisələrlə bağlı - beynəlxalq təşkilatlara gedib. Yenə deyirəm, həmin beynəlxalq təşkilatlar adıçəkilən məruzəçilərdən, ya onların ətrafındakı insanlardan ibarət deyil. Onlar da gözəl başa düşürlər ki, kim-kimdir, nəyə görə bu məsələlər gündəmə gətirilir.

- Səməd bəy, heç şübhəsiz, ermənilər çox istərdilər ki, Azərbaycan Avropa Şurasından imtina etsin və buradakı "yüksəklik” əllərində qalsın. Dediklərinizdən belə başa düşdüm ki, buna heç vaxt gedilməyəcək, eləmi?

- Konkret olaraq öz mövqeyimizi ortaya qoymuşuq. Sizin sözünüzdə həqiqət var. Meydan artıq boş deyil və boş qalmayacaq. Azərbaycan öz mövqeyini konkret olaraq bildirib, bildirəcək. Ancaq bunların təxribatı ondan ibarətdir ki, provakativ addımlar ataraq, Azərbaycanı beynəlxalq səviyyədə güclənən və öz iradəsini ortaya qoymaq iqtidarında olan mövqeyindən çəkindirsin. Hansısa formada, istər Avropa Şurası, istər Avropa Parlamenti, istər ABŞ Konqresindən, ya başqa qurumlardan çəkilək... Əsla belə olmayacaq, biz Avropa Şurasında da işimizi davam etdirəcəyik, Avropa Parlamentində də...


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook