SON XƏBƏR

Sevinc Hüseynova: Strateji Yol Xəritəsi respublikamızda turizmin inkişafı üçün böyük inkişaf perspektivləri vəd edir

Dekabr 30
00:36 2016
«Son illərdə Azərbaycanda iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı baxımından turizm sektoru geniş imkanlara malikdir. Turizm sektorunu beynəlxalq təcrübə əsasında inkişaf etdirməklə respublikamıza valyuta daxilolmalarını artırmaq, paytaxtda və bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasına ciddi töhfə vermək, eyni zamanda, ölkəmizin, milli mədəniyyətimizin dünya miqyasında təbliğinə daha münbit şərait yaratmaq mümkündür». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
 
S.Hüseynova bildirib ki, respublikamızın turizm potensialından səmərəli istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, turizm sektorunun rəqabətədavamlılığının artırılması məqsədilə reallaşdırılan məqsədyönlü siyasət əldə olunan uğurlu nəticələrdə, ölkənin turist cəlbediciliyinin yüksəlməsində öz əksini tapır.
 
«Yeni iqtisadi şəraitdə ölkəmizin turizm potensialından səmərəli istifadə edilməsinin aktuallığı daha da artıb. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmana əsasən "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsinin böyük əhəmiyyəti var. Yaxın, orta və uzunmüddətli dövr üçün nəzərdə tutulan belə bir mühüm sənədin təsdiqlənməsi ondan xəbər verir ki, yeni iqtisadi şəraitdə ölkəmizdə turizm sektorunun inkişafının prioritetliyi təmin olunacaq. Bu Strateji Yol Xəritəsi respublikamızda turizmin inkişafı üçün böyük inkişaf perspektivləri vəd edir. Sənəddə turizm sektorunun inkişafının qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşrutlarının yaradılması, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsi kimi vacib məsələlərlə bağlı tədbirlər müəyyənləşdirilib və qarşıya konkret hədəflər qoyulub»- deyə, S.Hüseynova qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook