SON XƏBƏR

Serj Sərkisyan özü ilə birlikdə Ermənistanı da batırmaq istəyir

Mart 28
10:11 2017
Müdafiə Nazirliyi: "Ermənistanın rəhbərliyi məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”; siyasi və hərbi təhlilçilər işğalçı ölkənin prezidentinin seçicilərə hesablanmış son bəyanatlarını dəyərləndirir; "Sərkisyan və onun komandası yenidən hakimiyyətə sahiblənərsə, bu, Ermənistanın sonu olacaq...”
 
Parlament seçkiləri ərəfəsində özünün gərgin günlərini yaşayan Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa növbəti qanunsuz səfəri və Azərbaycanı hədələməsi həyasızlıq nümunəsi olmaqla yanaşı, həm də hakimiyyətini qorumaq cəhdidir. Hər halda, Ermənistandakı seçki mübarizəsi ondan xəbər verir ki, 2 aprel seçkisi Sərkisyan üçün heç də asan keçməyəcək.

Düzdür, erməni prezident öz rəqiblərini sıradan çıxartmaq üçün ağlasığmaz metodlara əl atır. Necə ki, Qarabağ separatçılarından biri, "Ohanyan-Raffi-Oskanyan” blokunun üzvü Samvel Babayanı "zenit-raket kompleksi” əldə etməkdə ittiham ediblər. Sabiq müdafiə naziri Seyran Ohanyan həbsin bir addımlığında olduğunu yaxşı anlayır, ancaq buna baxmayaraq, geri çəkilməyəcəklərini bəyan edir.

Digər tərəfdən, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Konqress-Ermənistan Xalq Partiyası” bloku da seçkilərə müdaxilə edən təhsil nazirinin istefasını tələb edib. Günün birində bu tələb S.Sərkisyanın bütün komandasına yönələ bilər. Odur ki, dayaqlarını itirən, xalqın etimadından məhrum olan Sərkisyan hərbi mundirini geyərək Xankəndindən mesajlar verməklə seçiciləri ələ almağa növbəti cəhd göstərdi.

2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan Dağlıq Qarabağa 25 dəfə (!) qanunsuz səfər edib. Ancaq budəfəki səfərində onun öz taleyindən narahatlığı diqqətdən yayınmadı.
"Məndən həmişə soruşurlar ki, 2018-ci ildən sonra nə ilə məşğul olacaqsan? Əslində mən ömrüm boyu heç vaxt növbəti mərhələ ilə bağlı plan qurmamışam. Hər zaman bizim təhlükəsizliyimiz üçün harada xeyir verə bilərəmsə, orada olmuşam. Mən bilmirəm 2018-ci ildə siyasi struktur necə olacaq. Amma başçılıq etdiyim partiya qarşıdan gələn parlament seçkisindən qalib çıxsa, hər hansı bir statusda xalqın təhlükəsizliyi işində rol ala bilərəm. Mən bilmirəm, bu nə status olacaq. Amma hər hansı bir statusda gərəkli ola biləcəyim dəqiqdir”. (novator.az).

Göründüyü kimi, S.Sərkisyan çox həyəcanlıdır və seçkidə birmənalı qalib ola biləcəyini deməyə ürək eləmir. Amma ermənilərin səsini qazana biləcəyinə şübhə edən Sərkisyan nədənsə ən müasir silahlarla təchiz olunmuş Azərbaycan ordusuna zərbə endirə biləcəyi haqda əminliklə danışıb.

Aprelin 2-də Ermənistanda parlament seçkisi keçiriləcək. 2015-ci ildə qəbul edilmiş yeni konstitusiya ilə ölkə mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən 101 nəfərlik parlamentdə azı, 53 mandatı olan partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək. S.Sərkisyan çox istərdi ki, növbəti mərhələdə baş nazir kürsüsünə otursun. Ancaq erməni xalqına qarşı törətdiyi cinayətlər, müxalifətin reytinqinin artması, üstəlik, onun özünün vaxtaşırı Rusiyanın sınaqlarından çıxa bilməməsi vəziyyəti qəlizləşdirib. Bütün bunları göz önünə alan S.Sərkisyan təbliğatını Qarabağ məsələsi üzərində qurub. Onun Azərbaycanı "İsgəndər” raketləri ilə hədələməsi də seçki təbliğatının tərkib hissəsi sayılır.

***
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bildirdi ki, Sərkisyan Dağlıq Qarabağa qeyri-qanuni səfərlərinə adətən hərbi geyimdə gəlir: "Yəni düşünür ki, bununla həm separatçılara, həm də bölgədə yaşayan ermənilərə ruh yüksəkliyi verir. Görünür, Dağlıq Qarabağda yaşayan ermənilər daima müharibə təhlükəsi altında yaşamaqdan beziblər. Təsadüfi deyil ki, Sərkisyan budəfəki səfərində yerli əhalini rahatlatmaq üçün Azərbaycanı Rusiyanın ”İsgəndər" raketləri ilə "qorxudub”. Ağlı başında olan erməni bilməlidir ki, əgər növbəti hərbi toqquşma zamanı Ermənistan Azərbaycana qarşı "İsgəndər” raketlərindən istifadə etsə, Ermənistan bundan beşqat ağır zərbə alacaq".

Ekspert qeyd etdi ki, düşməni susdurmağa qadir olan raketlər Azərbaycanda da boldur və Ermənistandan fərqli olaraq həmin raketlərdən istifadə üçün ikinci dövlətin icazəsini almağa ehtiyac yoxdur: "Sadəcə, Sərkisyan ”Azərbaycana qarşı İsgəndər raketlərindən istifadə edə bilərik" deyəndə gərək rəsmilərimiz dərhal onun cavabını verərdilər. Məsələn, Ermənistanın müdafiə naziri "Mingəçevir Su Elektrik Stansiyasını vura bilərik” deyəndə Azərbaycanın müdafiə naziri bizim də "Metsamor”u göyə uçura biləcəyimizi demişdi. Bundan sonra erməni generallar susdular. İndi də Sərkisyanın cavabı bu şəkildə verilməliydi ki, çaşıb Azərbaycana qarşı "İsgəndər” raketlərindən istifadə etsəniz, bizim raketlər Ermənistanı tam hədəfə alacaq və Ermənistanda yaşayan heç bir erməni özünü təhlükəsiz hiss etməyəcək".

Politoloq Elçin Mirzəbəyli də şübhə etmir ki, Sərkisyanın Dağlıq Qarabağa qanunsuz səfəri aprelin 2-nə təyin olunmuş seçkilərlə bağlıdır: "Bir qayda olaraq, Ermənistan prezidentləri hər seçki öncəsi Dağlıq Qarabağa səfər edir və oradan öz mesajlarını Ermənistan cəmiyyətinə ünvanlayırlar. Sarkisyanın səfəri və mesajları onu ifadə edir ki, Xocalı qatili hər zaman olduğu kimi Qarabağ klanına arxalanır və onun rəhbərlik etdiyi partiya hakimiyyətdə qalacağı təqdirdə yenə də bu klanın maraqlarından çıxış edəcək. Bu səfərin ilk mesajı da elə budur. Sərkisyan siyasətdə qalacağını bəyan etməklə əslində hakimiyyətdən getməyəcəyi mesajını da verir. Onun açıqlamalarından belə anlaşılır ki, daha çox konstitusiyaya edilmiş dəyişikliyə əsasən parlamentin seçəcəyi prezident kürsüsünə iddialıdır. Əslində bu açıqlama Ermənistanda konstitusiyaya edilən dəyişikliklərin mahiyyətini də ortaya çıxarır. Yəni əgər konstitusiyaya dəyişiklik edilməsəydi, ümumxalq səsverməsi yolu ilə keçirilən seçkilərdə Sərkisyanın hətta total saxtakarlıq edərək hakimiyyətdə qalması çətin olacaqdı. Çünki Ermənistanda Sərkisyana bir fərd olaraq böyük nifrət var. Digər tərəfdən, ola bilsin ki, Sərkisyan ümumxalq səsverməsi ilə yenidən prezident seçiləcəyinə əmin olmayıb. Buna mane olan daxili və xarici səbəblərin çoxluğu onu konstitusiya dəyişikliyinə getməyə vadar edib. İndi isə o, ”döyüşə" öz partiyasının nümayəndələrini göndərib. Özü qismən də olsa hadisələrin mərkəzindən kənarda qalıb. Parlament seçkilərindən sonra isə partiyasının və yedək partiyaların təmsilçilərinin səs çoxluğu ilə yenidən prezident kürsüsünə sahiblənəcək. Doğrudur, səlahiyyətləri əvvəlki kimi olmayacaq, amma proseslərə nəzarət edə biləcək. Hazırda 2 aprel seçkisinin Sərkisyanın sonu olacağını söyləmək üçün heç bir əsas yoxdur. Amma Sərkisyan və onun komandası yenidən hakimiyyətə sahiblənərsə, bu, Ermənistanın sonu olacaq".

***
Deyəsən, aqoniya vəziyyətində olan erməni prezident Azərbaycanın silah arsenalını genişləndirdiyini unudur. Bəlkə də bunu ona xatırlatmaq üçün daha bir "aprel zərbəsi” lazım gələcək. Keçən ilin aprelində necə sarsılmışdısa, Almaniya kanslerinə erməni ordusunun 80-ci illər istehsalı olan köhnə silahlarla təchiz olunmasından şikayətlənmişdi. Düşmənə cavab zərbələri endirmək üçün Pakistandan aldığımız "JF-17 Thunder” döyüş qırıcıları da Azərbaycana əlavə imkanlar vəd edir.

"Sərkisyan özü də bilir ki, Naxçıvandakı əlahiddə ön qoşun ordusunda ən müasir, həm göstərdiyimiz, həm də göstərmədiyimiz raket-artilleriya qurğuları var. Türkiyədən aldığımız ”Qasırğa" kompleksi Ermənistanda daşı daş üstündə qoymayacaq". Bunu isə hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan silahlı qüvvələri, xüsusən də hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunları 24 saat hər şeyi ciddi nəzarət altında saxlayır.

Yeri gəlmişkən, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sərkisyanın "İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Sərkisyanın bu bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır: "Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir. Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook