SON XƏBƏR

“Sən neyçün ağlarsan”

Oktyabr 21
09:37 2017
(Esse)
 
Poeziyamızın həzin, kövrək Müşfiqinin dilbəri – Dilbər Axundzadənin vəfatının ildönümünə həsr olunur.
 
Bir qara buludam uca göylərdə,
Bu qara baxtımla bizim ellərdə.
Sən neyçün ağlarsan, mən duran yerdə?
Nərgiz gözlərinin yaşına qurban.

 
O gün dəli küləklər də matəm sükutunda idi. Yerdə də, göydə də məhəbbət naləsi tüğyan edirdi. Məhəbbət və intizar, sevgi və mərhəmət... Yaradan da gileyli idi.
 
O gün bir kişi məzarı hərarət həsrətində idi. Məzar yol intizarında idi. Müşfiq gözləyirdi! Müşfiq dözümü tükənmişdi. Alagöz yarının həsrətində, intizarında qovrulurdu Müşfiq.
 
O gün iki sevgili qovuşacaqdı. O gün dünya məhəbbət nəğməsini ağı üstə kökləyəcəkdi. O gün Dilbər – Müşfiq yadıgarı, Müşfiq ömrünün davamı dünyasını dəyişəcəkdi. O gün... 21 oktyabr 1990-cı il!..
 
1939-cu il mart ayının 12-də dünyada bir müqəddəs ruh zühur etdi. Müşfiq ruhuydu O!
 
Hər ruhun öz sığınacağı olur. Sığındığı qapını bağlı görəndə tənha ruh öz babını axtardı. Axtardı... Axtardı... Və... TAPDI!
 
Müşfiq atanın, Dilbər ananın qəmli ömürlərini duyan, kövrək hisslərlə xatırladan şer də həzin-həzin layla deyir. İki nakam sevgilinin çiçək kimi qısa qoşalıq ömürlərinə, əlacsız həsrətlərinə layla deyir: bacı laylası, ana laylası...
 
O gün ki, hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.
Qəlbimin çeşməsi çağlar səninçün,
Könlüm uşaq kimi ağlar səninçün.

 
37 tək rəqəmdi, nəhs deyildi ancaq. Amma bəxtinin qapısı bağlı olanlar üçün nəhs gətirdi.
 
Bu günün kütləvi qırğın silahı, dünənin başbiləninin bir kəlməsi idi. Sapı özündən olan iti baltalar başı yarpaqlı uca çinarlarımızı kobud əllə budadı. Qılıncların dalı da kəsdi, qabağı da.
 
Nədim hakim olub göyüs dağlamaq,
Əllərə, qollara zəncir bağlamaq?
Yaslı bir ananın saçları kimi,
Nədir məhkum olub səssiz ağlamaq?

 
1905... 1917... 1937... 1941... hamısı təklənən illər... Təklər birləşib qoşalülə düzəltdilər. Dili uzun, sözü kəsərli olanları, dünyamızın dünya boyda dərdlərini duyanları susdurmaq üçün! Qoşalan rəqəmlər cütləri qarğadılar... Qurbanlar, şəhidlər saybasay, dərdlər çeşidbəçeşid... Qurbanların, şəhidlərin cərgəsindən iki nəfər boylanır: biri Müşfiqdi, o biri Dilbər!
 
Ah!... Mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerdə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim?

 
Müşfiq ülvi məhəbbətinin bəhrəsini də daddı. Bir körpə dünyaya göz açdı. Yalçın qoydu adını. Yalçın bala laçın uçuşuyla əldən getdi. Bəlkə tale oğlan uşağını atasız eləməmək üçün dünyadan aldı onu? Bəlkə iki sevgilinin məhəbbətini bölməmək, parçalamamaq üçün körpəni aldı onlardan?
 
Üzeyirlər, Niyazilər nəsli yadigarı qoya bilməzdilərmi? Tanrı bu məhəbbəti bölməmək üçün onları tək-tənha qoydu. Əvəzində böyük bir xalqın məhəbbətini, alqışını verdi onlara. Ancaq Dilbər poeziya, sənət vurğunlarında tapdı təsəllisini. Həmsöhbətləri dərdinə şərik çıxdılar. Məhəbbətini bölməsələr də, dərdini böldülər. Belə həmsöhbətləri birdimi, ondumu,
 
Ay Müşfiqim, xəyallara dalaraq
Yollarına baxa-baxa qalmışam.
Ötən günün həsrətini anaraq,
Uçan quşdan səni xəbər almışam.

 
Nəğmə-nəğmə inlədi Dilbər həsrəti. O, bu həsrəti könül ağrısıyla yaşadı. İlk məhəbbətin əvəzolunmazlığı, solmazlığı, əbədiyyət ömrü Dilbər ömründə, Dilbər yozumunda bir daha təsdiqləndi.
 
Bahar oldu, yaz oldu,
Niyə ömrü az oldu?
Dönüb telli saz oldu,
Mənim ilk məhəbbətim.

 
Ayrılığın uzun həsrəti iliklərə qədər işləmişdi. Müşfiqin məzarı da yanmışdı. Dilbərin könül dünyası da odlanmışdı. Misralar da haray çəkirdi yanıqlı nalələrdən.
 
Dilbərəm, ilk eşqim günəşdir sönməz,
Ömrümün baharı geriyə dönməz.
Həmişə yalvarıram şəklin də dinməz.
Şəklinə, özünə qurban olduğum.

 
- Müşfiq ata, sən neyçün ağlayırsan?
 
- Dilbərim dünyasını dəyişibdir.
 
- Görünür, qismət beləymiş.
 
- Axı, "Müşfiqsiz günlərim” də nakam qalıb?! Bitirməyib.
 
- Bir igid tapılar bitirməyə.
 
- Qeyrətinizə inanıram, bala.
 
- Səndən sonra çox küləklər əsibdi, çox qovğalar olubdu. Dilbər ana yaman üşüyübdü.
 
- Mən də üşümüşəm.
 
- Dilbər ana torpaq əmanətidi...
 
- Ana torpağımın ətrinə qurban olum...
 
- Qənşərinizdə diz üstəyik. Allah Sizə rəhmət eləsin! Qəbriniz nurla dolsun!
 
Rafiq Rəhimli,
"Dədəç Qorqud” qəzeti
6-13 noyabr,1991-ci il.

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook