SON XƏBƏR

Şəmsəddin Xanbabayev Xaçmazı korrupsiya yuvasına çevirib

May 04
12:32 2016
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevin yarıtmaz fəaliyyətinə dair kifayət qədər məlumat yazmışıq. Bu yazılardan sonra rayon ictimaiyyətindən redaksiyamıza ünvanlanan məlumatların ardı-arası kəsilmir.
 
Bu dəfə Qlobal.az-ın elektron poçtuna göndərilən məlumat Xaçmaz rayon Maliyyə İdarəsinin rəisi Nizami Həsənov barədədir.
 
Məlumatda deyilir ki, Maliyyə İdarəsinin rəisi Nizami Həsənov Xaçmaz rayonunda bütün büdcə maxinasiyalarının, maliyyə fırıldaqlarının başında dayanır. Elə bu səbəbdən də Nizami Həsənovu rayonda Şəmsəddin Xanbabayevin "qara kassası" kimi tanıyırlar. Nizami Həsənovun əməlləri haqda məlumatlarla yanaşı icra başçısı Şəmsəddin Xanbabayevin ətrafında qurulmuş korrupsiya və maxinasiya çetesinin formalaşması haqda gələcək yazılarımızda da geniş məlumat verəcəyik.
 
Xaçmazdakı mənbəmizin bildirdiyinə görə birbaşa icra başçısının rəhbərlik etdiyi bu korrupsioner qrupa Xaçmaz rayonunun Yalama və Xudat Şəhərlərinin Ərazi İnzibati nümayəndələri, Xaçmaz RİH-nin başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Bəxtiyar Osmanov və bir də rayon əhalisi arasında "aptekçi" ləqəbi deyilən RİH-nin müavini rəhbərlik edir.
 
Qeyd edək ki, bu ilin əvvəlində Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatında da Xaçmaz rayonunda baş verən korrupsiya halı öz əksini tapmışdı.
 
Belə ki, Hesablama Palatası Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində nöqsanlara yol verildiyini aşkar edib. Belə ki, Hesablama Palatasının sədri V.Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditinin nəticələri müzakirə olunub, yoxlama qrupu rəhbərinin məruzəsi dinlənilib və fəaliyyəti istiqaməti üzrə Auditor C.Həsənovun təqdim etdiyi Hesabat dinlənilib.
 
Auditor Xaçmaz Rayon İcra Hakimiyyəti (İH) tərəfindən bir sıra nöqsanlara yol verildiyi qeyd edilərək bildirib ki, yeni layihələndirilən obyektlər üzrə texniki-iqtisadi əsaslandırma və hesablamalar tərtib edilməyib, bəzi hallarda layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilmədən və işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən, həmçinin xüsusi razılıq (lisenziya) malik olmayan podratçı təşkilatla satınalma müqavilələri bağlanılıb, bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırılmayıb, bir neçə hallarda istismara qəbul edilmiş obyektlərin müvafiq qaydada uçota alınması təmin edilməyib. İH tərəfindən avtomobil yollarının tikintisi üzrə yolun işçi cizgilərində yol geyiminin konstruktiv qalınlığının göstərilmədiyi, yerinə yetirilməyən asfalt-beton işlərinin qəbul aktlarına daxil edildiyi diqqətə çatdırılıb.
 
Auditor inşa edilən məktəblərdə şagirdlərin layihə-smeta sənədlərində qeyd edilmiş və faktiki sayı arasında fərqlərin olduğunu, bəzi məktəblərdə sinif otaqlarının istifadəsiz qaldığını, digərlərində isə yeni sinif otaqlarının tikintisinə ehtiyacın yarandığını, bu faktorların isə büdcədən əlavə vəsaitin ayrılmasını zəruri etdiyini bildirməklə qeyd olunanların son nəticəsində investisiya qoyuluşlarından səmərəli istifadə edilməməsi qənaətinə gəlmək imkan verdiyini diqqətə çatdırıb.
 
Auditor bina və qurğuların tikintisinə sərf edilmiş vəsait xərcə silindiyini, obyektlərin tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarəti həyata keçirilmədiyini, əsaslı vəsait qoyuluşların uçotunun Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbinə uyğun aparılmadığını qeyd edib.
 
C.Həsənov auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq investisiya təkliflərinin qanunvericiliklə müəyyən edilən qaydada hazırlanmasını, müvafiq sənədlərin dövlət ekspertizasından keçirilməsini, təhsil müəssisələrinin tikintisinin layihə tapşırıqlarının mövcud normativlərinin tələblərinə uyğun tərtib edilməsini, yalnız xüsusi razılıq (lisenziyası) olan podratçılarla müqavilələrin bağlanılmasının təmin edilməsini, layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılmasını, sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, daxili və xarici su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin sınaq aktların tərtib edilməsini, istifadə olunan kapital qoyuluşları üzrə Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun maliyyə hesabatlarının tərtib edilməsini, debitor-kreditorların uçotunun aparılmasını məqsədəmüvafiq hesab edib.
 
Auditor rəyində həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin məqsədyönlü və qənaətlə istifadəsi üzrə müvafiq tədbirlərin həyata keçirilməklə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə nəzərdə tutulan işlərin icrasına ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi, tikinti-quruculuq işlərinin keyfiyyətnin artırılması və vaxtında başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi də təklif olunub.
 
Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, audit dövründə bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırıldığı, kəndlərarası avtomobil yollarının tikintisi üzrə asfalt-beton işlərinin başa çatdırılması, yeni yaranmış əsas vəsaitlərin müvafiq qaydada uçota alınması və bəzi çatışmamazlıqlar üzrə vəsaitlərin dövlət büdcəsinə bərpası nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilmiş, Qərar icra edilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinə göndərilib.
 
 
Qeyd edək ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı 12 ildir ki, Şəmsəddin Xanbabayevdir.
 
Xaçmaz rayonunda baş verən ciddi maliyyə maxinasiyaları barədə daha ciddi araşdırmalarımız davam edir.
 
Qlobal.az 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook