SON XƏBƏR

Səlim Müslümovun Bayram Mikayılov adlı "intihar kəndiri"...

Aprel 14
20:04 2017
Aprel ayının 10-da əvvəl sosial şəbəkələri, sonra ölkə mediasını zəbt edən bir video yayıldı. Videoda dövlət müəssisəsinə aid olduğu ehtimal olunan otaqda siması görünməyən vəzifəli şəxs qəbula gəlmiş yaşlı (eşitmək qabiliyyəti zəif olan) vətəndaşla məzələnirdi. Məlumat sosial şəbəkələri və ölkə mediasını ağuşuna aldıqdan sonra ƏSMM nazirliyi tez-tələsik rəsmi açıqlama yaydı. Nazirliyin açıqlamasında deyilirdi: "Saatlı rayon sakini Elşən Mehdiqulu oğlu Allahyarovun (qəbula gəlmiş yaşlı vətəndaş- müəl.) ümumiyyətlə Saatlı rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi və bu videogörüntülərin şəxsi zəmində Saatlı rayon Məşğulluq Mərkəzinin Direktoru B. Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilib hazırlanaraq sosial şəbəkələrə yerləşdirilib".
 
Təsəvvür etdinizmi? Səlim Müslümovun rəhbərlik etdiyi nazirlik baş verənləri ən qısa zamanda araşdıraraq videonunu montaj olunduğunu təsbit edir. Ölkədə ən bərbad strukturlardan biri olmasına, hər gün tabeçiliyində olan idarə və müəssisələr haqqında ən azı 4-5 neqativ xəbər dərc edilən, amma həmişə də "böyük müdrikliklə" susmağa üstünlük verən ƏSMM nazirliyi bu dəfə baş verənlərə operativ olaraq reaksiya verdi. Həm də tələsik olaraq. Bəs nazirliyi bu tələskənliyə sövq edən səbəb nədir?..
 
Nazirliyin açıqlamasında qeyd olunan "şəxsi zəmin" sözü maraq çəkdiyindən B. Mikayılov barəsində internet üzərindən axtarış apardım. Və doğrudan da çox acınacaqlı mənzərə ilə üzləşdim. Doğrudan da bizim xalq normal olaraq ayrıla bilmir. Keçmişlərinə, yaşadıqlarına rəğmən sayğı ilə ayrıla bilmirlər. Mütləq hər iki tərəf bir-birini ləkələməlidir. Əlbəttə, istisnalar da var. B. Mikayılovun taleyi də standart azərbaycanlı ailəsinin boşanmasının tipik nümunəsidir. Burada hər iki nəsil üz-üzədir. Əllərində olan bütün imkanlardan yararlanıb bir-birlərini ləkələməyə girişiblər. Qarşılıqlı nifrətin həddi o qədərdir ki, artıq mediaya da sıçraya bilib. 

Hər bir ailə başçısı öz övladlarını tanıdığı kimi, hər bir struktur rəhbəri də öz işçisini elə tanımalıdır. Onun potensialını, mənəviyyatının sərhədlərini bilməlidir. Və həm də hər bir işçi öz rəhbərinin mənəvi övladıdır. ƏSMM nazirliyinin bu tələsik və təlaşlı açıqlamasına səbəb məncə S. Müslümovun "mənəvi atalıq" məsuliyyətinin dərkindən irəli gəlir. 
 
Mətbuatda B.Mikayılovun şəxsi problemləri ilə yanaşı, maddi imkanları barədə də xeyli informasiyalar var. Onun paytaxtda bir neçə daşınmaz əmlakının və xarici avtomobillərinin olduğu deyilir. 
 
Mətbuatda yazılan digər ilginc məlumat isə ƏSMM nazirliyinin rəsmi açıqlama verdiyi videonun Saatlı rayon Məşğulluq Mərkəzinin inzibati binasında yox, elə həmin nazirliyin tabeçiliyində olmuş, "SOBEZ" deyilən idarədə qeydə alınmasıdır. Yaşlı vətəndaşın da idarəyə sosial müavinət almaq üçün gəldiyi deyilir. Həmin idarənin müdiri isə B. Mikayılov olub. Tağı Əhmədov demiş, "burcutmaqla" deyil, hara fırlansa da, hadisə ƏSSM nazirliyinin strukturunda və B. Mikayılovun müdir olduğu idarədə baş verib. 
 
Bu məsələ ilk gündən mənim üçün əhəmiyyətsizdir. Çünki, ƏSMM nazirliyi rüşvətin və korrupsiyanın ən geniş yayılmış, ən dərin kök atdığı qurumlardan biridir. Bəlkə də birincisidir. Səlim Müslümov nazir olandan sonra cəmiyyətdə "islahatçı nazir" imici yaratsa da, bu "imic" bir müddətdən sonra sabun köpüyü kimi dağıldı. Və həm də çox sürətlə dağıldı. Elə bir sürətlə ki "VEMTAS" da köməyinə çata bilmədi. 
 
Ancaq bununla belə düşünürəm ki, S. Müslümov çox səmimi insandır. Məhz bu səmimiyyətin nəticəsidir ki, S. Müslümov arada ictimaiyyət önünə çıxaraq rəhbərlik etdiyi nazirlikdə rüşvətxorluqla bacara blmədiyini dilə gətirir.
 
S. Müslümovun bir yaxşı cəhəti də kitab oxumaqdır. Bir dəfə tv-də şeir söyləməyini də görmüşəm. S. Müslümovun söylədiyi şeirlərdən onun Azərbaycan poeziyasına xüsusi meylli olduğu hiss olunur. Azərbaycan poeziyası isə dünyanın ən gözəl poeziyalarındandır. Xalqımızın min illərlə formalaşdırdığı insani-bəşəri prinsiplərdən qaynaqlanan milli-mənəvi dəyərlərimizlə zəngindir. S. Müslümov da bilir ki, poeziyamızın bütün nümunələrində və eləcə də insanlığa xidmət edən digər kitablarda yaşlı, əqli və fiziki problemi olan insanlara kömək və hörmət etmək aşılanır. Səlim Müslümovun kadrının "tarixə" çevrilən videosunda isə bu əmələ rast gəlinmir. Əksinə, o, yaşlı vətəndaşa "zatkini" deyə qışqırır, ondan "durub-durmadığını" soruşur. Sanki tibbi ekspertdir. 
 
Sadəcə maraqlıdır, S. Müslümovun kadrının bu sualına ağsaqqal müsbət cavab versəydi nə olacaqdı, mənfi cavab versəydi nə olacaqdı...
 
Gənc bir şəxsin yaşlı və fiziki problemi olan insanla bu cür danışması tərbiyəsizlikdir. 
 
Bir məmurun dövlətə aid olan məkanda qəbula gəlmiş yaşlı və fiziki problemi olan vətəndaşla bu formada danışması isə ən azından tərbiyəsizlikdir. 
 
Nə isə...
 
Bir şeyə əminəm. Əminəm ki, hörmətli S. Müslümov əmindir ki, tabeçiliyində olan idarə və müəssisə rəhbərlərinin içində ən kasıblarından biri B. Mikayılovdur. 
 
Vicdanım ən mədənisi yazmağa imkan vermir!
 
Yenə də nə isə...
 
Beynimdə sadəcə bir sual qalıb: Görəsən cənab nazir bu videoya baxıbmı?! 

Baxıbsa nə düşündüyünü heç soruşmuram!
 
Mübariz Məmmədov
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook