SON XƏBƏR

Şəhriyar Məmmədyarov: "19-cu gedişdən sonra Kramnikin əhvalı korlandı"

Aprel 28
09:41 2017
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2017" turnirində VI tura yekun vurulub.
 
"Report" xəbər verir ki, XXI kateqoriyalı superturnirin VI turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla sabiq dünya çempionu Vladimir Kramniki məğlub edib. 6 saat 22 dəqiqə davam edən görüşün sonunda rusiyalı şahmatçı təslim olub.
 
Turnirin mətbuat xidməti xəbər verir ki, partiyadan sonra Şəhriyar Məmmədyarov mətbuat konfransında iştirak edib. Sumqayıt şahmat məktəbinin yetirməsi oyunun onun üçün yaxşı başlamadığını deyib:
 
"Debütdən sonra hər şey rəqibin xeyrinə oldu. Fiqurlarım pis vəziyyətdə idi. Ağ fiqurlar üstünlük qazanmışdı. Vəziyyəti daha da inkişaf etdirmək olardı. 19-cu gedişdə rəqib səhvə yol verdi. Fikrimcə bundan sonra Kramnikin əhvalı korlandı. Bu gediş oyunda dönüş nöqtəsi yaratdı.
 
19-cu gedişdən sonra ağlar üstünlüyü itirdi. Bu vəziyyətdə fərqli gedişlərlə vəziyyəti sınamaq qərarına gəldim. Rəqibin piyadasını götürəndən sonra udmağa şansım yarandı. Vladimir Kramnik çox güclü şahmatçıdır. Etiraf edim ki, asan oyun olmadı. Sona qədər mübarizə apardı. Rəqib təslim olmaq barədə düşünmək istəmirdi. Ona görə partiya 6 saatdan çox davam etdi".
 
Son 3 tur ərəfəsində Məmmədyarov yekun barədə danışmaq istəmədiyini bildirib. Onun fikrincə növbəti 3 tur həlledici olacaq.
 
Bu qələbədən sonra Şəhriyar Məmmədyarov 4.5 xalla "ShamkirChess 2017" turnirində vahid liderdir. Ən yaxın izləyicilər 2-4-cü yerləri bölüşdürən Maykl Adams, Uesli So və Veselin Topalovun 3.5 xalı var.
 
Qeyd edək ki, Məmmədyarova qarşı 6 saatdan çox mübarizə aparan 14-cü dünya çempionu Vladimir Kramnik xəstələndiyinə görə mətbuat konfransında iştirak etməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook