SON XƏBƏR

Səhiyyə rəsmisi: "İntiharlar devalvasiyadan sonra artmışdı"

Aprel 19
05:35 2019
"Report" informasiya agentliyi ilin əvvəlindən Azərbaycanda 70 intihar hadisəsi ilə bağlı xəbər yayıb.

Sosioloq Sənubər Heydərli deyir ki, bu hələ medianın yazdıqlarıdır, realda intihar edənlərin sayı daha çox ola bilər.

Bəs hökumət intiharların qarşısını almaq üçün hansı tədbirləri görür?

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyir ki, əslində Azərbaycanda intiharlar azalmağa başlayıb. 

Onun sözlərinə görə, canına qıyanların sayı sosial-iqtisadi səbəbdən, 2015-ci ildən artmağa başlamışdı: "İntiharlar bir az azalıb. Ən çox intihar 2015-2016-cı ildə baş vermişdi- manatın devalvasiyası dövründə. Tutaq ki, 2012-ci ildə intihar göstəricisi 3,5 idisə, 2016-ci ildə bu göstərici təqribən beş civarında olub. İndi 4.5-5 arasındadır”.

İctimai fəallar Facebook-da yazırlar ki, dövlət intihara qarşı önləyici tədbirləri gücləndirməlidir.

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyir ki, "Psixoloji yardım haqqında” yeni qanun qüvvəyə minib, indi normativ sənədlər üzərində iş gedir və may ayına qədər Nazirlər Kabinetinə təqdim ediləcək.

Təkliflərdən biri də budur ki, risk qrupları, sığortası olmayan şəxslərə 12 sessiya pulsuz psixoloji yardım göstərilsin.

İntihar səbəbləri bir-bir araşdırılmalıdır

Tibb professoru Adil Qeybulla isə deyir ki, intihar səbəbləri araşdırılıb, bir-bir aradan qaldırılmalıdır.

Bakı sakini Sevinc Fədainin keçmiş həyat yoldaşı yazar Mövlud Mövlud iki il əvvəl 28 yaşında özünü öldürüb. 

Sevinc Fədai deyir ki, onun gəldiyi nəticə budur ki, insanlara özünüifadə imkanı yaratmaq lazımdır: "Mən ümumiyyətlə öz şəxsi həyatımda yaşadığım hadisə ilə bağlı, başqa intihar etmiş və etməmiş, mənəvi ölümü yaşamış şəxslərlə bağlı belə nəticəyə gəlmişəm ki, insanlarımızı natamamlıq kompleksindən qurtarmaq lazımdır, onların özünüifadəsinə şərait yaratmaq lazımdır. Bu şərait həm maddi baxımdan olmalıdır, həm də mənəvi baxımdan. Yəni, bu insan insanlara, cəmiyyətə lazım olduğunu hiss eləməlidir”.

Sevinc Fədai deyir ki, risk qrupları ilə yalnız dövlət yox, həm də ictimai təşkilatlar işləməlidir və dövlət belə təşkilatlara şərait yaratmalıdır.

2014-cü ildə Azərbaycanda xaricdən qrant almaq qanunla məhdudlaşdırıldığı üçün ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanları daralıb.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov risk qrupları haqda danışır. 

Onun fikrincə Azərbaycanda risk qrupuna daxil olanlar elə şəxslərdir ki, onların çox vaxt nə telefonu var, nə də internetə girirlər. Odur ki, belə icmalarla yerində işləməyə ehtiyac var.

Sosioloq Sənubər Heydərli deyir ki, əslində dövlət öz mövcud resurslarından daha yaxşı istifadə edə bilər: "Gənclər evləri var, məsələn. O evlər gənclərin üzünə nə qədər açıqdır?! Həqiqətən də onlar o evlərdə öz vaxtlarını keçirə bilirlərmi? Axtarsaz, deyəcəklər ki, tanımırıq, orda ancaq kurslar var. Gənclər orda hansısa dərnəklər düzəltməlidirlər, nə isə öyrənməlidirlər və faydalı olmalıdır bu evlər”.

Almaniyanın paytaxtı Berlində klinikaların birində çalışan azərbaycanlı psixiatr Aysel Əliyeva deyir ki, bu ölkədə fikrindən intihar keçən insanların yardım üçün müraciət edə biləcəyi ayrıca təşkilatlar var: "Özünü öldürmək istəyənlər adətən bu haqda xəbər verirlər, deyirlər ki, özlərini pis hiss edirlər. Heç kim dərhal özünü öldürmək istəmir. Almaniyada qayda belədir ki, kimsə öz intihar düşüncələri haqda qohumlarına xəbər verirsə, qohumları bu barədə social xidmətlərə məlumat verir, bundan sonra social xidmətin məsuliyyətidir ki, həmin adamın sağlığına nəzarət etsin”.

Aysel Əliyeva deyir ki, Almaniyada hər bir rayonda insanların müraciət edə biləcəyi məntəqələr var. Həmin məntəqələrdə sosial işçilər, psixoloqlar işləyir və fikrindən intihar keçənlər, ehtiyac varsa, psixiatra göndərilir.

Aysel Əliyeva bildirir ki, Almaniya məktəblərində də vaxtaşarı intiharlarla bağlı mühazirələr keçilir.

Azərbaycanda isə hələ ki, bütün ölkə boyunca icbari tibbi sığorta tətbiq olunmur.

Bu ayın əvvəli Bakıda məktəbli Elina Hacıyevanın intiharı orta məktəblərdə psixoloq xidmətinin keyfiyyətini sual altına aldı. Məktəbin psixoloqu da işdən çıxarıldı.

Mənbə: Azadliq.org
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook