SON XƏBƏR

Şəhid və veteran ailələrinə pulsuz mənzillər verilib

Noyabr 24
17:51 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kürdəmir və Ağsu rayonlarında yeni fərdi yaşayış evlərini şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, yeni evlərlə təmin olunan şəhid ailəsi üzvləri Əsnayə Mütəllimova və Gülağa Musayev, Qarabağ müharibəsi əlilləri Habil Rzayev, Anar Əhmədov, Zaur Məmmədov, Teymur Əliyev göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Onlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılması, sosial təminatlarının artırılması üçün aparılan işlərdən, eyni zamanda dövlət başçısının müvafiq fərmanı ilə şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsindən razılıqla söz açıblar.

Evlərin təqdim olunması zamanı sosial cəhətdən həssas qrupların, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqları vurğulanıb, onlara yönələn dövlət qayğısından bəhs olunub.

Bildirilib ki, mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsidir və bu istiqamətdə işlər ildən-ilə gücləndirilir. Bu ilin avqust ayında Bakının Qaradağ rayonunda daha 35 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni cari ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook