Səfirdən sensasiyalı açıqlama: RUSİYA AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDDİNƏ ORDU GÖNDƏRİR
Fevral 28
15:17
2020
Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Suriyada iki dövlətin toqquşma ehtimalının artması fonunda Moskvadan Cənubi Qagfqazdakı forspostu Ermənistana dəstək vədi gəldi.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbiçləri Ermənistan-Azərbaycan sərhəddində yerləşdirilə bilər. Aydındır ki,səfir Kremlin təlimatıyla bu açıqlamanı verib.
Rusiyalı diplomatın bu açıqlaması birbaşa Azərbaycanın əleyhinədir. Belə çıxır ki, Ermənistan müxtəlif istiqamətlərdən atəşkəsi pozaraq Azərbaycan hərbçilərini hədəf götürəcək, biz isə buna qarşlıq verə bilməyəcəyik, çünki sərhəddin o biri tərəfində rusiyalı hərbçilər olacaq.
Rusiya Suriyadakı siyasətini eyni ilə Cənubi Qafqazda həyata keçirir. Rusiya Suriyada Bəşər Əsəd rejimini qoruyur, hərbçilərini əməliyyatlara yönəldir, hərbi aviasiyası İdlibi bombalayır ki, Türkiyə bunun qarşılığını verməsin. Türkiyə Rusiya hərbçiləri ilə Suriyada toqquşmaq istəmir.
Bu arada, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasyaya deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilatdan dəstək gözləyir. İrəvanın ümidi onadır ki, Azərbaycanla münaqişə olacağı təqdirdə təşkilat Ermənistanı əməli şəkildə dəstəkləsin.
Təşkilatın Rusiyadan başqa heç bir üzvü Azərbaycanla üz-üzə qalmaq istəmir, Qazaxıstan, Qırğızıstan və Belarusun rəhbərlikləri öz hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərməyəcəklər. Hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərə biləcək tək ölkə Rusiyadır.