SON XƏBƏR

Səfir Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu

Fevral 20
13:29 2019
Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla  əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı "Ensonhaber” adlı Türkiyə portalı yayıb.

Məlumata əsasən Elşad İsgəndərov Azərbaycanla Türkiyə arasındakı münasibətlərə "kölgə düşürməkdə” günahlandırılır. Hərçənd bu barədə məlumat çox yayğın və dumanlıdır.

"İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında yanvarın 15-də keçirilən və 56 üzv ölkənin səfirlərinin  iştirak etdiyi toplantıda  Türkiyə ilə Azərbaycan arasında dostluğa kölgə düşürən azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyulub”-xəbərdə belə deyilir.

Məlumata görə həmin toplantıda Körfəz ölkələrindən birinin səfiri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gedərək "Türkiyənin onlara tələ qurduğunu” bildirib. Səfir bununla bağlı Türkiyə tərəfindən izahat istəyib. Səfirin bu çıxışı ilə bağlı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev açıqlama verib.

Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan rəsmi məqamları "XİN-in verdiyi yanıldıcı məlumata görə” işin bu nöqtəyə gəldiyini və həmin çıxışın geri alındığını bildiriblər.

Məlum olub ki, Azərbaycan adına ərəb ölkəsinin Bakıdakı səfirliyinə həmin məlumatı verən şəxs hələ də XİN-də vəzifə tutan səfir Elşad İsgəndərovdur. Nəticədə məsələnin üzə çıxmasından sonra İsgəndərovun Türkiyəyə girişinə və səyahətinə qadağa qoyulub, o "persona non qrata” elan edilib.

Elşad İsgəndərov Azərbaycanın Dini məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında  uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir vəzifəsinə keçirilib.

Elşad İsgəndərovun adı Fətullah Gülənin təriqəti ilə bağlı dəfələrlə hallanıb və onun Dini qurumlar üzrə Dövlət Komitəsinin rəhbərliyindən də bu səbəblə uzaqlaşdırıldığı bildirilib. Hazıda Fətullah Gülənin təriqəti Türkiyədə FETÖ, yaxud silahlı terror təşkilatı kimi tanınır.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook