SON XƏBƏR

Sədrəddin Soltan: “İran Parlamentindəki Türk fraksiyası milli hərəkata ziyan vurur”

İyun 04
12:52 2020
İranın Ali dini lideri Əli Xameneyi etnik və regional qruplaşmaları parlamentə zərər verən əsas amillərdən biri kimi dəyərləndirib. Bu isə azərbaycanlıların yaratdıqları Türk fraksiyasının parlamentdə təmsil olunması, nüfuz qazanması və dolayısı ilə azərbaycanlıların problemlərini işıqlandırması ehtimalını azaldır. Digər tərəfdən, son illər ərzində İranda Türk fraksiyasına qarşı kampaniya başladılıb. İstər dövlət, istər milli qruplaşmalar səviyyəsində azərbaycanlıların milli kimlik fəaliyyətlərinin qarşısı alınmağa çalışılır.

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, iranşünas, politoloq Sədrəddin Soltan AYNA-ya açılamasında deyib ki, bu, təkcə Azərbaycan türklərinin məsələsi deyil, həm də ərəblərin, kürdlərin və digər etnik qrupların məsələsidir: "Hətta, kürdlər və qalışlar İranda, ümumiyyətlə konstitusiyanın dəyişdirilməsinin tərəfdarıdırlar. Onlar hesab edirlər ki, kürdlər və qalışlara qarşı həm də təriqət baxımından assimilyasiya siyasəti yürüdülür. O ki qaldı İran Parlamentindəki fraksiyalara, oradakı Türk fraksiyasının Azərbaycan türklərinin milli haqlarının təmin olunması baxımından heç bir əhəmiyəti yoxdur. O, boş və cəfəng bir qruplaşmadır. Belə ki, bir neçə il bundan əvvəl Azərbaycan türklərinin fraksiyası yaradılmışdı. Guya ki, onlar Azərbaycan türklərinin problemlərini həll edəcək platforma idilər. Amma onların fəaliyyətinin heç bir nəticəsi olmadı və heç bir əməli iş görə bilmədilər”.

S.Soltan hesab edir ki, həmin fraksiyanın İran Parlamentində Azərbaycan türkləri adına fəaliyyət göstərməsi ziyanlıdır: "Çünki onlar milli hərəkatın şüarlarını Parlamentə çıxardır və gözdən salırlar. Nəticədə də şüarların icrası, tələbləri və şərtlərinin həyata keçirilməsi mümkün olmur. Odur ki, Xameneyinin "qeyri-farslardan yaradılan qruplar İrana ziyan vurur” ifadəsi göz qaytarmaqdan başqa bir şey deyil. Çünki Azərbaycan türklərinin adına yaradılmış həmin fraksiyanın Azərbaycan türklərinin milli haqlarının təmin olunması baxımından heç bir əhəmiyyəti yoxdur. Parlamentdə o barədə danışanlar daha çox boşboğazlıq edirlər, nəinki əməli iş görürlər”.

"Çünki o fraksiyanı yaradanların kimlər olduğu və əvvəlki fəaliyyətləri bəllidir. Onlar 10-15 il bundan əvvəl Azərbaycan türklərinin milli haqlarının qorunması ilə bağlı etiraz aksiyalarına və Azərbaycan Resbulikasına qarşı çıxışlar ediblər. Onlar milli hərəkatdan qabaq hərəkat yaradaraq, əsas təhlükənin qarşısını almaq prinsipini icra edirlər. Xameneyi isə buna elə reaksiya verir ki, guya, İranda böyük təhlükə var və o təhlükənin qarşısını özü alır. Ora seçilən deputatların kimliyi bəllidir. Onların hər biri Xameneyinin "bayrağı” altından keçənlər və onun xeyir-duası altında fəaliyyət göstərənlərdir. Odur ki, orada hər hansı fraksiyanın yaranması və uğur qazanacağını güman etmək düzgün deyil”, - politoloq vurğulayıb.

Həmsöhbətimizin dediyinə görə, Xameneyi bir tərəfdən Azərbaycan fraksiyasının yaradılmasına xeyir-dua verir, digər tərəfdən fraksiyaların İranın bütövlüyünə ziyan vurduğunu deyir və ikibaşlı oyun oynayır: "Lakin, əgər fraksiya yaradılıbsa, deməli, ölkədə problem var. İranda hələ Mahmud Əhmədinejatın, Məhəmməd Xatəminin dövründə etnik problemin olduğu açıq-aşkar elan olunmuşdu. Deməli, etnik problem varsa, onu həll etmək lazımdır. Onun da ən yaxşı həll yolu Parlamentdə fraksiya yaradılmasıdır. Fraksiyaları isə dövlət yaratmır. Sadəcə olaraq millət vəkilləri seçildikləri bölgələrin problemlərini ortaya qoyurlar. Məsələn, əvvəl Urmiya gölü quruyanda Azərbaycandan olan deputatlar Urmiya gölünün qurumasına etiraz elədilər və hakimiyyətə etirazlarını bildirdilər. Yəni onlar muxtar dövlət yaratmaq, milli hökumətin hüquqlarının bərpası haqda danışmırdılar. Onlar elementar ictimai-məişət məsələlərini parlamentə daşıyırlar. Hamı bilir ki, İrandakı azəri deyilən insanlar türklərdir. Onlar da çıxıb Parlamnetdə deyirlər ki, biz türkük. Bunu zatən hamı bilir ki, onlar türkdürlər. Amma bu türkün problemi var axı. Hələ indiyə qədər o deputatlardan heç biri İranda Azərbaycan türkcəsində məktəblərin açılması, türkcənin ədəbi normalarına əməl olunması, türkcənin ədəbi normaları əsasında qəzet, jurnal, elektron informasiya vasitələrinin fəaliyyət göstərməsi barədə iddia qaldırmayıblar”.

"Yəni həmin o fraksiya Azərbaycan türklərinin mədəni haqlarının iranlılar çərçivəsində təmin olunması ilə bağlı heç bir fikir söyləməyiblər. Onların fəaliyyəti, sadəcə Urmiya gölünün quruması və ayrı-ayrı deputatların fars şovinizmi düşüncəsi altında Azərbaycan türklərinə həqarət edəndə, özlərini qoruyaraq instinktiv cavab verməkdən ibarət olub. Yəni bu günə qədər elə bir dərin məsələ qaldırmayıb və azərbaycanlıların problemlərinin həllinə nail olmayıblar. Bir sözlə, növbəti seçki üçün həm hakimiyyət, həm də ictimaiyyətin müəyyən qismi yanında dividend qazanıblar”, - Soltan əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook