SON XƏBƏR

Sədaqət Vəliyeva: 2017-ci ilin ilk rübü Azərbaycan üçün uğurlu olub

Aprel 11
18:02 2017
«2017-ci ilin ilk rübü Azərbaycan üçün uğurlu olub. 2016-cı il çətin il olsa da, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyilə qarşısına qoyduğu vəzifələri yerinə yetirdi, mühüm vəzifələr həyata keçirildi, sistemli islahatlar reallaşdırıldı. Məhz buna görədir ki, ilin ilk 3 ayı ərzində qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb». Bu fikirləri YAP  Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
 
S.Vəliyeva bildirib ki, dünyadakı böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının artması, nailiyyətlərin əldə olunması əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu şəkildə və şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olub. Onun sözlərinə görə, birinci rübdə valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb və bu gün 38,5 milyard dollar təşkil edir.
 
«Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracı isə təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. Ticarət dövriyyəsinin müsbət saldosu da 1 milyard dollar səviyyəsindədir. Birinci rübdə həmçinin, 85 min yeni iş yeri yaradılıb. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb ki, bu da iqtisadi inkişafın təzahürüdür. Bütün əldə olunan nailiyyətləri nəzərə alaraq deyə bilərəm ki, 2017-ci il də Azərbaycan üçün uğurlu il olacaq»- deyə, S.Vəliyeva vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook