SON XƏBƏR

Samir Şərifov: Dəyişikliyə əsasən dövlət büdcəsinin bəzi xərcləri optimallaşdırılacaq

İyul 01
06:41 2017
«Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər ölkə başçısı tərəfindən Milli Məclisə təqdim edilib. Təklif olunan dəyişikliyə əsasən dövlət büdcəsinin bəzi xərcləri optimallaşdırılacaq». Bu fikirləri maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin iclasında çıxışı zamanı deyib.
 
S. Şərifov bildirib ki, 2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50,0 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68,0 milyon manat vəsait yönəldiləcək.
 
Bundan başqa, 2016-cı il ərzində ARDNŞ tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250,0 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib: "Həmçinin, lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün Fondun nizamnamə kapitalının 546,0 milyon manat artırılması nəzərdə tutulub".
 
Nazir qeyd edib ki, 2017-ci iin yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191,0 milyon manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur: "2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4,0 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaq. Bundan başqa, ölkədə yol infrastrukturunun tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin 36,0 milyon artırılması nəzərdə tutulub".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook