SON XƏBƏR

Samir həkim: Gözlərə ilahi nur yayan adam

Avqust 14
12:03 2020
Yaradılışın ən kamili olan insanı Tanrı öz nurundan yaratdı. "Mən insanı öz nurumdan yaratdım", - müqəddəs kitabarında deyir Yaradan. Allahın ələst aləmində yaratdığı və dünyada təcəlli edən bütün yaranmışların mütləq öz ilkin bazisi ilə vəhdəti və bağlantısı olur. Allahın fitrəti insanın ağlında necə təcəlli edirsə, onun nuru da başqa bir orqanında - gözlərində əksini tapıb. 

İnsanın 5 duyğu vasitəsindən biri olan görmə duyumu da elə ilahi fitrətin dünya ilə vəhdətidir. "Gözünlə gördüyünə inan" ifadəsi də boşuna yaranmayıb. Bəs Tanrının verdiyi bu nurun - odun qoruyucuları kimlərdir? Təbii ki, həkimlər... 

Bu gün haqqında bəhs edəcəyimiz Samir İbadov da belə həkimlərdəndir. O, Masallıda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin regional şöbəsində çalışır. Savadı, bacarığı və insanlığı, həmçinin ləyaqətli və peşəkar fəaliyyəti ilə "Eldən nur alıb elə paylayan" insanlardandır. Bütün bölgə insanının hörmət və izzətini qazanıb Samir həkim. 

Şair Böyükxan Pərvizin sözləri ilə desək, nə qədər adam: 

- Göz yaşlarım döndü selə
Bu fələyi belə-belə…
Gözlərimə əlac elə,
Gözü kölgəliyəm, həkim,
- deyə ona üz tutub. Demək olar ki, heç kəsi nursuz qoymayıb. 

Masallıdan, Lənkərandan, Astaradan, Lerikdən, Yardımlıdan, Cəlilabad və Biləsuvardan, hətta Bakı və digər şəhərlərdən belə "Samir həkim deyib gələn"lər az olmur. 

Ona üz tutan vətəndaşlar da Samir həkimin necə peşəkar və vicdanlı bir həkim olduğundan ürəkdolusu ilə danışırlar. Bir sözlə, Samir həkim ölkə üçün tapıntı bir uzmandır. Elə öz təcrübəmdən bilirəm. Gözlərimə "qara su" gəlmişdi, həm də yüksək göz təzyiqindən əziyyət çəkirdim. Katarakta və ya "mirvari suyu" isə demək olar ki, görmə qabiliyyətimi itirmək üzrə idi. Amma Samir həkim gözlərimə nur qatdı, indi uzaqlar da yaxın kimi görünür.

Samir həkim təkcə peşəkar həkim kimi yox, həm də ləyaqətli bir insan kimi tanınır. Xəstələrlə davranışı, insanlığı, səmimiyyəti ilə həmişə seçilib. 

Qısaca olaraq Samir İbadovun avtobioqrafiyasına nəzər salsaq, qarşımıza geniş bir elmi fəaliyyət yolu keçdiyi də çıxacaq. Belə ki, O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. Bundan sonra 1999-2000 – İnternatura (Akad. Z. Əliyeva ad. ETGX İnstitutu),  2003-ci ildə "Gözün Mikrocərrahiyyəsi kursu" (Akad. Z. Əliyeva ad. ETGX İnstitutu),  2005-ci ildə "Современные аспекты хирургии катаракты и глаукомы" Екатеринбургский Центр "Микрохирургия глаза”,  2008-ci ildə "Kataraktanın Fakoemulsifikasiyası" WETLAB kursu (Akad. Z. Əliyeva ad. ETGX İnstitutu),  2010-cu ildə "Refraktiv Cərrahi kursu" "Türkiye Gazetesi” Hastanesi, Türkiyə Cümhuriyyəti,  2016-cı ildə WETLAB по теме "Витреоретинальная хирургия" - "Образовательный Центр Высоких Медицинских Технологий”, Каzan kimi elm ocaqlarında fəaliyyətini davam etdirib.  

Orada başqa bir həkim də var, ondan da söz açmamaq ədalətsizlik olar: Hikmət Əzizi. Onun da şəfalı əlləri gözlərə nur çiləyir. O da səmimiyyəti və insanlığı ilə bütün xəstələrin ümid yerinə çevrilib. Bəli, belə bir həyat yolu keçir Samir və Hikmət həkim, lap elə Məmməd Arazın şeirində olduğu kimi:

- Bu daşa-torpağa mən səcdə qılıb,
Eldən pay aldımsa, elə payladım...

İslam Ağayev,
Filoloq





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook