SON XƏBƏR

Salımsay Kommasit: Laos Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

İyun 20
07:04 2017
İyunun 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başcıllıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Milli Məclisin sədri bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. O vurğulayıb ki, yüksək statuslu rəsmilərin qarşılıqlı səfərləri, əməkdaşlıq üzrə müntəzəm məsləhətləşmələrin aparılması münasibətlərimizin dərinləşməsi baxımından xüsusi önəm kəsb edir. Əlaqələrimizin daha da möhkəmlənməsi üçün ölkələrimiz arasında hüquqi sənədlərin imzalanması vacib məsələlərdəndir. Biznes forumların keçirilməsi, səfərlərin mütəmadi xarakter daşıması ümumi işin xeyrinə olardı.
 
Oqtay Əsədov bildirib ki, bu gün Azərbaycan yerləşdiyi regionda söz sahibi olan, sürətlə inkişaf edən müstəqil bir dövlətdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Azərbaycanın enerji daşıyıcıları sahəsində əhəmiyyətli rol oynadığının bariz göstəricisidir. TANAP və TAP kimi iri regional qaz layihələrinin reallaşması isə göstərir ki, Azərbaycan bütün dünyada mühüm enerji təminatçılarından biridir.
 
"Biz münasibətlərimizin dərinləşməsi üçün parlamentlərarası əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Son illər beynəlxalq siyasi arenada parlament diplomatiyasının əhəmiyyəti kifayət qədər artıb. Bu baxımdan, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsində böyük fayda verə bilər. Düşünürük ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı genişləndirmək hər iki tərəfin maraqlarına cavab verir”, - deyə Milli Məclisin sədri qeyd edib.
 
Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit ölkəmizdə gördüklərindən və aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Ölkəsinin xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini deyən qonaq Laosun Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. O, bildirib ki, hələ sovetlər dönəmində Laosla Azərbaycan arasında təhsil sahəsində sıx əlaqələr mövcud olub. Heç də təsadüfü deyil ki, Bakının ali təhsil ocaqlarında təhsil almış laoslular bu gün hökumətdə təmsil olunublar. Onlar Laosun inkişafına öz layiqli töhfələrini verirlər.
 
"İnanırıq ki, yaxın gələcəkdə əlaqələrimiz siyasi, iqtisadi, elm, təhsil və mədəni sahələrdə, o cümlədən parlamentlər səviyyəsində keyfiyyətcə yeni səviyyəyə yüksələcək”, - deyə nazir bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook