SON XƏBƏR

Sahibkar icra başçısının zülmündən Prezidentə müraciət etdi

Dekabr 24
01:32 2017
Obyektinin qapıları hasarlanaraq qapadılmış,özü isə rayondan didərgin salınmış Gədəbəyli sahibkar Fəxrəddin Bağırov növbəti dəfə ölkə prezidentinə müraciət edib. 

Qlobal.az xəbər verir ki, İstiqlal.az-a daxil olan müraciətdə sahibkar yazır: 

"Hörmətli cənab Prezident, 

bu müraciətimdə, əvvəlki müraciətlərimdə olduğu kimi Gədəbəy rayon rəhbərliyinin mənə qarşı etdiyi  qanunazidd hərəkətləri sadalamaq  istəmirəm. Ona görə ki, həmin müraciətlər sizə çatdırılmadan yenidən rayon rəhbərliyinə yönəldilir və rayon rəhbərliyi də ən  müxtəlif şəkildə saxta və yalan məlumatlar uyduraraq törətdiyi cinayət əməlinin üzə çıxmasını əngəlləyir. Mən sizə baş verən bu hadisənin başqa bir tərəfi barədə məlumat vermək istəyirəm. 

Cənab Prezident, 

1 aydan artıqdır ki, obyektimin təcrid olunması ilə bağlı çoxsaylı insanlarla təmasda olmuşam, şikayət etdiyim bir sıra rəsmi qurumların nümayəndələri ilə əlaqə saxlamışam və mənə məlum olub ki, hansısa daşınmaz əmlakın bütün girişlərini bağlayıb, əmlakın  ətrafdan təcrid vəziyyətinə salınması kimi bir hal indiyədək ölkənin heç bir yerində baş verməyib. Hətta ölkənin ən böyük şəhərlərinin hansısa rəhbəri belə bu cür açıq-aşkar, kobud qanun pozuntusuna yol verməyə cəsarət etməyib. Üstəlik bu özbaşınalığın, sizin sahibkarlara böyük dəstək verdiyiniz hazırkı dövrdə, sahibkara qarşı törədilməsi, hansısa ucqar dağ rayonunun başçısı üçün böyük risk tələb edir. Mən və mənim fikir mübadiləsində olduğum insanlar belə qənaətə gəlirik ki, rayon icra başçısı bu miqyasda özbaşınalığı himayəçisiz, təkbaşına törədə bilməz. Bu nəticəyə gəlməyimin daha bir səbəbi də, törədilən bu cinayətdən indiyədək, ötən 40 gün ərzində bütün müvafiq yuxarı icra hakimiyyəti orqanlarına etdiyim şikayətlərin nəticəsiz qalmasıdır. Buradan belə bir sual meydana çıxır - Sizin ölkədə sahibkarlığın inkişafı üçün göstərdiyiniz səylərə rəğmən sahibkarlığa qəsd edən, sizin siyasi iradəniz əleyhinə fəaliyyət göstərən kimdir və ya kimlərdir? Adi bir sahibkarlıq obyektinin girişini 1 aydan artıq müddətdə inadkarcasına bağlayaraq qanunlara və sizin iqtisadi siyasətinizə meydan oxuyanların məqsədi nədir?  

Bu adamlar  ölkənin mövcud hakimiyyətinə alternativ bir hakimiyyətin olması görüntüsünümü  yaratmaq istəyirlər və göstərmək istəyirlər ki, onlar istədiyi əməli törətməkdə tam sərbəstdirlər?

Hörmətli cənab Prezident, 

fikirimcə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun öz havadarlarının himayəsi ilə mənə qarşı törətdiyi bu cinayət əməli təkcə mənim və mənim obyektimdə işləyən və hazırda işsiz qalan insanların mənafeyinə toxunmur, eyni zamanda  hakimiyyətə və dövlətçiliyə qarşı yönəlmiş ağır cinayət əməlidir. Sizdən xahiş edirəm toxunduğum məsələlərin araşdırılmasına göstəriş verəsiniz.

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook