SON XƏBƏR

Sabunçu rayonunda canlı aləm diri-diri basdırılır- FOTOLAR

Mart 26
14:32 2017
Bakıxanov qəsəbəsilə Nizami rayonu arasında gözəl bir park yerləşir. "Start” idman kompleksinin tam aşağısında yerləşən parkın adını bilmirəm. İnternetdə ciddi axtarışlarıma baxmayaraq, onun adını tapmaq da bəndənizə nəsib olmadı.
 
Adını bilməsəm də, adətən, hər il yayın cırhacırında özümü həmin parkın yuxarısında yerləşən köhnə "Bakı” restoranına yetirir, çöldə bir masada əyləşib təbiətin bu gözəl və füsunkar mənzərəsini seyr etməyə çalışıram. Bakının küləyini özünə çəkən bu yerlər xeyli sərin olur. Məni onun seyrinə gətirən səbəblərdən biri də elə bu sərinliyidir.

Vurğunu olduğum parkın adını axtarmağım isə səbəbsiz deyil. Bakıxanov rayonunda yaşayan bəzi sakinlər parkın ölüm-dirim təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirmişdilər. Mən də qulağıma inanmayıb onun ziyarətinə getmişdim. Dörd tərəfdən hasara alınan parkın başına gətirilən oyun məni həqiqətən çox sarsıtdı. Park az qala ağacların üstünü örtəcək qədər yararsız daş-torpaq tullantıları altında basdırılır. Tez-tez əraziyə gələn yük maşınları daşıdıqları tullantıları əraziyə boşaldıb yenidən parkı tərk edirlər . Sanki təbiətin bu gözəl mənzərəsinin tamamilə sıradan çıxarılması üçün ciddi işlər gedir.

Düzünü desəm, parka torpaq töküldüyünü eşidib ağlıma onun daha münbit hala gətirilməsi gəlmişdi. Yerli sakinlərin bildirdiyinə görə isə, bu torpaq əslində torpaq da deyilmiş, Sabunçu rayonunun müxtəlif yerlərində inşa olunan binaların fundamentindən çıxarılan tullantılarıymış. Əkinə yararsız olan bu topağın parka daşınmasının isə sadə bir səbəbi varmış: rayon icra hakimiyyətinin rəhbərləri doldurulacağını gözləyən daha uzaq ərazilərə maşın sürməmək üçün dörd tərəfdən hasara aldıqları bu ərazini ən münasib tullantı yeri kimi görürlər. Başqa sözlə desək, hər maşın tullantıda cüzi qənaət etmək məqsədilə parkın məhv olmasına qərar verilib.

İnternetdə parkın adını axtararkən, diqqətimi bir məqam cəlb etdi. Sən demə, özü xəritələrə düşsə də, adı yazılmayan bu parkın başına gətirilən müsibət rayon rəhbərliyinin ilk təcrübəsi də deyilmiş. Kiçik araşdırmam zamanı Sabunçu icra başçısı Adil Vəliyevin adının bundan əvvəl də rayondakı müxtəlif parkların məhvində hallandığını gördüm. Oxuduğum materiallarda Adil müəllimin rayonun bağ-bağat yerlərində öz şəxsi biznes sahəsini böyütdüyü, bəzən uşaq bağçaları, bəzən əyləncə mərkəzləri tikdiyi iddia olunur.

Ötən ilin payız aylarında mətbuata açıqlamasında bu barədə danışan tanınmış vəkil Aslan İsmayılovun bildirdiyinə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub: "Adil Vəliyev rayona icra başçısı təyin olunan kimi həmin parkı guya Heydər Əliyev Fondunun tapşırığı əsasında abadlaşdırmaq adı ilə hasara aldırıb. Orada gedən "tikinti-abadlıq” işlərinə isə mənə "xox” gəlib hücum edən, 300 manatlıq maaşla 200 minlik "Mercedes” sürən, əvvəllər haqqında bəhs etdiyim şəxs, yəni bağçanın açılışında da iştirak etmiş Rafael adlı şəxs rəhbərlik edib”.

Vəkil onu da bildirib ki, həmin ərazidə yaşayan sakinlər səbirsizliklə parkın açılışını gözləyiblər. Parkın açılışını isə şəxsən Adil Vəliyev özü edib: "Lakin məlum olub ki, sakinlərin açılışını səbirsizliklə gözlədikləri bu park uşaqların və sakinlərin dincələcəyi məkan yox, Adil Vəliyevin növbəti şəxsi obyekti olan "Şəhrizad” uşaq bağçasıdır. Yəni park icra başçısının istəyi ilə özəl obyektə çevrilib. Ancaq bu uşaq bağçasından nəinki bu günə qədər orada oynayan uşaqlar, hətta digər sadə vətəndaşların balaları da istifadə edə bilmir. Çünki bağçada bir uşağın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 manatdır”. 
(Sitat Virtualaz.org-dandır. Bu linkə baxın: 54341)

Adil Vəliyev cənablarının Mədəniyyət küçəsindəki parkdan sonra adını bilmədiyim sözügedən ərazidə "yenidən bərpa” işlərinə  başlaması məndə istər-istəməz eyni proseslərin burda da baş verməsi şübhəsini yaratdı. Nədən ki, bu park da Bakıxanov qəsəbəsinin ən gözəl guşəsində yerləşir və ətrafı müxtəlif ictimai iaşə obyektləriylə doludur. Bu park da bir müddət əvvəl icra hakimiyyətinin qəzəbinə gələn digər həmcinsi kimi dörd tərəfdən hasara alınıb. 

Açığı, bütün bu bənzərliklər məndə "əcəba, vəkil Aslan İsmayılovun dediyi park mənim şəkillərini çəkdiyim bu əraziylə eyni yerdirmi” sualını yaratdı. İnternetdə "Şəhrizad” uşaq baxçasının ünvanını axtararkən, fərqli yerlər olduğunu gördüm. İndi məni bir sual narahat edir: Sabunçu rayon icra başçısı məhrum Heydər Əliyevin öz qollarına bənzətdiyi ağacları hətta kəsmək zəhmətinə belə qatlanmadan, tullantılar altında basdırmaq cəsarətini hardan alır? Yoxsa, Adil müəllim ölkə rəhbərliyinin başının xarici və daxili məsələlərə qarışdığından istifadə edərək, yaşıllıqların başına rahat turp əkəcəyini düşündüyündən bu addımı atır?

Görünür, qəsəbə sakinləri də bu suallara cavab tapa bilmədiklərindən, onlar arasında qəribə şaiyələr gəzir. Belə şaiyələrdən birinə görə, Bakının bir neçə rayonu Nazirlər Kabinetinin bir sərəncamı ilə şəhər icra hakimiyyətinin tabeçilikdən çıxarılıb. Bakı meri Hacıbala Abutalıbovun belə, sözünün keçmədiyi rayonlardan biri də Sabunçudur. Bu geniş səlahiyyətlərə malik olan icra başçısı isə sövq-təbii olaraq özünü rayon rəhbəri kimi yox, əsl xan kimi aparır.
Şayiələrin həqiqəti nə qədər əks etdirdiyini demək çətindir. Amma şəkilini çəkdiyimiz parkın indiki vəziyyəti çox şeylərdən xəbər verir. Gəlin, onları diqqətlə "dinləyək”.
 
(Moderator.az)
 
Qlobal.az
 














Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook