SON XƏBƏR

Sabirin şeirlərini dərsliklərdən çıxarmaq təklifinə sərt reaksiyalar

Aprel 26
16:00 2017
Almaz Əliqızı: "Mirzə Ələkbər Sabir milləti cəhalətdən oyadıb”; Etibar Əliyev: "Sabirin, Cəlil Məmmədquluzadənin yaradıcılığı dərsliklərdə qalmalıdır”

Zaman-zaman cəmiyyətdə və mətbuatda Mirzə Ələkbər Sabirin şeirlərinin milləti aşağıladığı kimi fikirlər irəli sürülür, hətta onun barəsində heç danışmamaq, şeirlərini dərsliklərdən çıxarmaq kimi təkliflər də irəli sürülür. Bugünlərdə araşdırmaçı-yazar Guntay Gencalp facebook sosial şəbəkəsindəki profilində yazdığı statusda qeyd edib ki, M.Ə. Sabirin şeirlərini dərsliklərdən çıxarmaq lazımdır, antipedoqojidir.

"18 yaş öncəsində cocuqlara Sabirin şeirlərini oxutmağı durdurmaq və hətta yasaqlamaq lazımdır. Çünki ”şeir"lərdə heç bir gözəllik və estetika yox. Bu şeirləri əzbərləyən cocuq aqressiv, gözəllik düşməni, ədəbsiz və sayqısız olar. Bu ədəbiyyatla böyüyən cocuğu nə adam etmək olar, nə də alim".

Qeyd edək ki, bir müddət əvvəl də eyni tipli iddialar Cəlil Məmmədquluzadə haqqında deyilirdi. M.Ə.Sabir və digər satirik şairlər haqqında bu cür iddialar xüsusilə müstəqillik əldə etdikdən sonra ortaya çıxıb. Təəssüflə qeyd etməliyik ki, Sabirin satirik şeirlərində yer alan cahil insan tipi bu günümüzdə də var.

Maraqlıdır, bu günümüzü də qismən əks etdirən bu cür dahi şairlərin şeirləri dərsliklərdən çıxarılmalı, unutdurulmalıdırmı?

BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru Almaz Əliqızı bu cür fikir səsləndirənlərin nadan insanlar olduğunu dedi: "Əgər biz Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri ədəbiyyatımızın tarixindən çıxarsaq, kimlər qalacaq? Bu şəxslər Azərbaycanın ən işıqlı insanları olub. Mirzə Ələkbər Sabir milləti cəhalətdən oyadıb, hətta oxumaq istəməyənləri, təhsilə biganə qalanları təhsilə qaytarıb. O, insanları yazdıqları ilə tərbiyə edib. Hərənin öz tərbiyə üsulu var. Mirzə Ələkbər Sabir durub pedaqoji nöqteyi-nəzərdən bir məqalə yazmayacaqdı ki... O, şair idi və onun xətti bu idi ki, tənqidlə, satira ilə insanları maarifə, mədəniyyətə, pis əməllərdən əl çəkməyə çağırsın. Zamanında Cəfər Cabbarlı belə mövzularını Mirzə Ələkbər Sabirin şeirlərindən götürüb.

Mirzə Ələkbər Sabirin şeirlərini antipedaqoji adlandıran adamlar son dərəcə elmdən, tariximizdən xəbərsiz, nadan adamlardır. Mən qətiyyən bu fikirlə razı deyiləm. Sabir 20-ci əsrin ən böyük şairidir. Başqa millət olsaydı, Sabiri başlara qaldırardılar. Məsələn, götürək Avropa ədəbiyyatını: orada əsrin əvvəllərində Sabir səviyyəsində bir adam var?! Yoxdur. Sabir ingilis dilində yazmış olsaydı, bütün dünyanın bir nömrəli şairi olardı. Sabir həmişə müasir olacaq. Çünki onun qoyduğu məsələlər, cəmiyyətimizlə, həyatımızla, əxlaqımızla bağlı nə yazıbsa, xalqı islah etməyə çalışıb. Qəribə bir dəb düşmüşdü. Bir zamanlar Cəlil Məmmədquluzadə haqqında belə deyirdilər, indi də Sabiri hədəfə almağa başlayıblar. Onlar haqda bu cür danışmaq nadanlıqdır. Onlar bu şeirlərini, əsərlərini göz yaşı tökə-tökə yazıblar. Milləti oyatmağa çalışıblar, milləti gələcəyə baxmağa çağırıblar, illərlə maarifə, elmə çağırıblar. Bu sözü deyənlər yeri səhv düşmüş insanlardır. Onlar elə məsələlərə toxunublar ki, həmin məsələlər bu gün də lazımdır. Sahəsini bilməyən, təhsillə, elmlə məşğul olmayan insanlar yalnız bu cür danışa bilər”.

Sabirin şeirlərinin dərsliklərdən çıxartmaq məsələsinə gəlincə isə "XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bu cür fikirlərin absurd olduğunu dedi: "Mirzə Ələkbər Sabir çox böyük şairdir. Onun satiralarının başa düşülməsində gərək fərqli təfəkkürlə yanaşılmasın. Yəni satiranın öz fəlsəfəsi var və o, ibrət xarakteri də daşıya bilər. Bunu deyənlər düşünürəm ki, dünyada çap olunan dərsliklərdən bir o qədər xəbəri olmayan adamlardır. İngilislərin, amerikalıların, fransızların dərsliklərinə baxsaq yaxşı satiralar, yumorlar görərik. Satiradan, Sabirdən imtina etmək mümkün deyil. Ola bilər ki, bu gün müəllimlər satiranın fəlsəfəsini izah edə bilmir. Burada təkcə xətti təfəkkürün məhsulu kimi təqdim olunmamalıdır. Ümumiyyətlə, bütün fənlərdəki mövzuların tədrisi xətti təfəkkürə köklənməməlidir. Bu gün məktəblərin qarşısına uşaqlarda tənqidi təfəkkürün, sərbəst düşüncənin formalaşması, sərbəst fikir yürütməyin öyrədilməsi kimi tələblər qoyulur. Bəs bu cür əsərlər olmasa, bu, nə cür formalaşa bilər? Belə çıxır ki, Cəlil Məmmədquluzadəni də dərsliklərə buraxmaq olmaz. Bu absurddur. Klassiklərdən sayılan Mirzə Ələkbər Sabirin satiralarını müəllimlər dərk etmə, tənqidi təfəkkürün formalaşması obyekti kimi şagirdlərə tədris etməlidir. Satirasız, yumorsuz, siyasi mövzular olmayan, bizim cəmiyyətin qəbul etmədiyi şair və yazıçıların dərsliklərə salınması Sabir satiralarından yaxşıdırmı? Qətiyyən yaxşı deyil. Sabirin, Cəlil Məmmədquluzadənin yaradıcılığı, onun felyetonları dərsliklərdə qalmalıdır”.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook