SON XƏBƏR

Sabiq icra başçısı: "Yeni təyinat olarsa işləməyə hazıram"

Oktyabr 11
10:41 2018
"Mənə görə heç kim narahat olmasın, mən işimlə, gücümlə və elmi işlərimlə məşğulam. Mən elmləri doktoru, professoram. Hazırda Bakı şəhərindəki öz evimdəyəm”.

Bunu açıqlamasında Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vaqif Abdullayev deyib.

O bildirib ki, onun işlə təmin olunması ilə bağlı yeni təyinat olarsa, işləməyə hazırdır: "Elə məsələlər var ki, biz hər bir təyinata və fəaliyyətə tabe olmalıyıq. Ona görə də, heç bir problem görmürəm. Neçə illər işləmişəm rayonlarda. Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvüyəm. Əlimizdən gələn qədər işləmişik. Ona görə də, mən bütün uğurlarıma görə cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

V.Abdullayev bundan sonrakı fəaliyyətini ali təhsil müəssisələrinin birində davam etdirməyi düşünür: "Elmi fəaliyyətim, dərəcələrim var. Ona görə də, baxaq da, bir yerdə işləyəcəyik. Hələ ki, işdən təzə çıxmışam. Bir həftədir də. Nolub? Hara tələsirik? Hələlik, mənim işlə təmin olunmağım üçün hər hansı bir təyinat yoxdur. Mən yenə deyirəm, elmlər doktoru və professoram. İstənilən bir yerdə – təhsil müəssisəsində iş tapıb işləyəcəyik də. Bundan sonra da ancaq elmi fəaliyyətlə məşğul olmağı düşünürəm”.

Sabiq icra başçısı səhhəti ilə bağlı bəzi məqamlara toxunub. O bildirib ki, sağlamlığında ciddi bir problem olmadığından onun əmək fəaliyyətinə də mənfi təsiri yoxdur: "Sağlamlığımla bağlı hər şey qaydasındadır. Təbii ki, insanıq və hamımızın sağlamlığında müxtəlif yaş dövrü ilə əlaqədar olaraq bəzi xəstəliklər olur. Amma Allaha şükürlər olsun ki, ciddi bir xəstəliyim yoxdur. Amma yenə deyirəm, sağlamlıqla bağlı istənilən insanda bir "deffekt” ola bilər”.

V.Abdullayevin sözlərinə görə, vəzifəli şəxsin işdən çıxarılmasını qeyri-adi şəkildə qəbul etmək böyük hörmətsizlikdir: "Vəzifəmdən çıxarıldıqdan sonra barəmdə yayılan bəzi məlumatlara baxıram. Vəzifə daimi deyil. İstənilən vaxt bir zaman gəlir və biz dəyişirik yerimizi. Niyə bizim işdən çıxmağımızı qeyri-adi qəbul edirlər, bilmirəm. Bu, özü böyük bir hörmətsizlikdir, axı. İnsan işlədi, işdən çıxıb getdi və başqa fəaliyyətlə məşğul oldusa, yaxud da ki, təqaüdə çıxdısa, burda nə böyük problemlər var ki? Ömür boyu ötəri yaş dövründə həm də dincəlmək lazımdır. Axı, nə qədər işləmək olar? Lazım gələndə həm də elmi işlərlə və təsərrüfat işləri ilə məşğul olmaq lazımdır. Şükür Allaha, bu istiqamətdə elə də böyük problemimiz yoxdur”.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı sərəncamla Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-cı ildə (40 yaşında) Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb.

2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli Vətənə Xidmətə görə ordeni ilə təltif edilib. Ailəlidir, 5 övladı, 10 nəvəsi var. 
 
(A24.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook