SON XƏBƏR

"Saakaşvilini dəstəkləyirəm" deyən diaspor sədri Azərbaycanı necə çətin durumda qoydu? - XİN-dən AÇIQLAMA

Sentyabr 12
10:26 2017
Gürcüstan Respublikasının eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini keçərək ölkəyə daxl olması dünya gündəminin əsas xəbərlərindən biridir. 
 
AZXEBER.COM xəbər verir ki, Saakaşvilinin geri dönüşü paytaxt Kiyev küçələrində əməlli-başlı canlanma yaradıb. Saakaşvilinin xaricdən Ukraynaya qayıdışı əhali arasında da geniş əks-səda doğurub. İddialara görə, ölkədə yenidən prezident seçkiləri keçiriləcəyi təqdirdə hakimiyyətə Saakaşvilinin gəlməsi real görünür. 
 
Maraqlı olan məqam isə rəsmi Bakının strateji əməkdaşlıq etdiyi ölkələrdən biri olan Ukraynadakı mövcud siyasi qalmaqalla bağlı heç bir açıqlama verməməsinə baxmayaraq, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadovun açıqlaması olub. 
 
H.Cavadovun açıqlamasında Saakaşvilini dəstəklədiyini və onu qarşılayanlardan biri olduğunu bildirib:
 
"Saakaşvili Ukraynaya gələndə onu qarşılayanlar arasında mən də var idim. Hazırda ən vacib məqam Saakaşvilinin Ukraynaya necə gəlməsi və qarşılanması ilə bağlıdır. Təşkilat rəhbəri olaraq mən də Sakaşvilinin tərəfdarıyam". 
 
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri olaraq təşkilat sədrinin sözügedən açıqlaması bu ölkədə yaşayan bir çox vətəndaşlarımızın da ciddi narazılığına səbəb olub. Hər iki ölkə arasındakı diaspor əlaqələrinin qurulmasında kifayət qədər ciddi rol oynayan təşkilat sədrinin rəsmi Bakının mövqeyinə zidd getməsi suallar yaradıb. 
 
AZXEBER.COM sözügedən açıqlama ilə bağlı Xarici İşlər Nazirliyinin də rəsmi mövqeyini öyrənmək üçün nazirliyə sorğu ilə müraciət edib. Sorğumuzu cavablandıran XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın heç bir bir dövlətin daxili işlərinə qarışmadığını bildirib.
 
H.Cavadovun  açıqlamasının Ukrayna-Azərbaycan münasibətinə hansı təsirləri göstərəcəyi ilə bağlı hələlik heç bir şey demək mümkün deyil. Amma ölkə başçısı İlham Əliyevlə Ukraynanın hazırki prezidenti Poroşenko arasındakı görüşlərdə hər iki ölkənin bir-birinə siyasi dəstək verməsi ilə bağlı açıqlamaları xatırlamaq lazımdır.

Prezidentlərin ikitərəfli görüşlərində daha çox ölkələrimiz arasında iqtisadi sahədə, nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilir. 
 
Bundan başqa Ukrayna xüsusi ilə Ermənistan lobbisinin güc mərkəzlərindən biri hesab edilən ölkələrdən olsa da, hazırki hakimiyyət Dağlıq Qarabağ problemində Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyini açıqlayıb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook