SON XƏBƏR

Rövşən Ağayev: “Azərbaycanda idxal görünməmiş səviyyəyə çatıb”

Aprel 20
01:48 2019
İqtisadçı Rövşən Ağayev 

Gömrük Komitəsinin 3 aylıq xarici ticarət statistikasında diqqəti cəlb edən məqam idxalın indiyədək görünməmiş bir məbləğə çatmasıdır. 

İndiyədək heç zaman Azərbaycanın orta aylıq idxalı 1 mlrd. dolları, illik idxalı 10.7 mlrd. dolları ötməyib. İllik yekunla götürdükdə orta rüblük göstəricinin 3 mlrd.dolları ötdüyünü də xatırlamıram.

Amma 2019-cu ilin 3 ayı üzrə xaricdən məhsul idxalı 3.135 mlrd. dollara çatıb. Əgər bu temp davam edərsə, illlik idxal 13 mlrd. dollara yaxınlaşacaq.

İdxalı artıran əsas səbəb dövlət sektorudur. Belə ki, 2018-ci ilin 3 ayına nisbətən bu ilin 3 ayında idxal 944 mln. dollar (43%) artıb. Bu artımın təxminən 800 mln. dolları (bütün artımın 85%-i) dövlət sektoru hesabına təmin edilib.

Əgər artım özəl sektor hesabına olsa idi, belə kəskin artımın idxalda leqallaşma hesabına baş verdiyi ehtimalını düşünmək olardı. Bu ilin 3 ayında bütün idxalın 38%-ni dövlət idxalı təşkil edib. Ötən il həmin göstərici cəmi 17.8% olmuşdu.

Amma aydındır ki, dövlət sektorunun idxalı həmişə rəsmi olub.

Dövlət sektorunun idxalı niyə belə sürətlə artır? Bunun cavabını bir halda bilmək olardı: Gömrük Komitəsi özəl və dövlət sektoru üzrə idxalı mal qruplarını ayrıca təqdim edəydi. Bizdə isə belə statistika aparılmır.

Qeyri-neft ixracında elə nəzərəçarpan artım yoxdu. 2018-ci ilin 3 ayında bütün ixracın 10%-dən bir qədər çoxunu qeyri-neft məhsulları təşkil etmişdi (357 mln. dollar), bu il 9%-ə yaxın olub (415 mln. dollar)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook