SON XƏBƏR

Ruslar erməniləri rüsvay olmaqdan xilas etdi - Şərh

Yanvar 24
06:30 2017
Bir neçə gün öncə Rusiya xarici siyasətinin başçısı Dağlıq Qarabağ probleminin həlli üçün Dağlıq Qarabağa hüquq statusun verilməli olduğunu bildirdi və bu münaqişəni Azərbaycanın daxili işi olmadığını qeyd etdi.
 
Bunun ardınca isə Ermənistan prezidenti Serj Sərkisyan problemin həlli ilə bağlı bəyanat verdi: "Dağlıq Qarabağın taleyini heç kim həll etmək hüququna malik deyil - nə Ermənistan, nə də Azərbaycan". Erməni prezident əlavə olaraq deyib ki, Ermənistansız, erməni xalqı olmadan Dağlıq Qarabağda yaşayanlar heç bir zaman bu problemi həll edə bilməyəcəklər: "Bizim üçün əhəmiyyətli olan Qarabağın statusunun təyinidir, elə bir status ki, Dağlıq Qarabağ xalqına öz torpaqlarında əbədi yaşamaq imkanı verəcək".
 
Dağlıq Qarabağa hüquqi statusun verilməsi və bu məsələ ətrafında gedən oyunları politoloq Qabil Hüseynli Ölkə.Az-a şərh edib:
 
"2007-ci ildə bağlanmış Madrid sazişi Azərbaycan üçün uğurlu saziş hesab edilə bilməz. Çünki Dağlıq Qarabağda referendum keçirilməsi və oraya sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa status verilməsi məsələləri 2007-ci il Madrid prinsiplərində öz əksini tapıb. Azərbaycan həmin prinsipləri qəbul etmədiyini bildirir və yenilənmiş Madrid prisiplərini irləli sürür. Hər halda orada imzalar, müəyyən konsensusa gəlmə barədə razılıq var. Buna görə də, bu gün ermənilər və ruslar Lavrovun timsalında bu məsələlər barədə fikir bildirəndə Madrid prinsiplərinin davamı kimi Sankt-Peterburqda və Kazanda əldə edilmiş oxşar razılaşmaları da əsas götürürlər. Dağlıq Qarabağda referendum keçirilməsi, oraya sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında razılaşmalar 3 şəhərdə baş tutan razılaşmalarda öz əksini tapıb.
 
Bu gün ermənilər ruslardan əvəzsiz silah yardımı alır, onların tövsiyəsi ilə hərəkət edir və Lavrovun son açıqlaması aydın göstərdi ki, rusların Dağlıq Qarabağa dair əvəllcədən mövcud olan həll planları var. Eyni zamanda, Dağlıq Qarabağ ətrafındakı rayonların işğal edilməsi planı da vaxtilə Rusiya tərəfindən hazırlanmışdı. Bu plan tam həyata keçirilmədi. Çünki o planı mərhum Heydər Əliyevin dövründə Azərbaycan kəşfiyyatı ələ keçirmişdi. O plana görə ermənilər Yevlağa qədər böyük bir ərazini ruslarla birlikdə ələ keçirib Dağlıq Qarabağı üzük qaşı kimi təhlükəsizlik həlqəsinə almalı idilər. O zaman Heydər Əliyevin göstərişi ilə Azərbaycanın rəhbər orqanları cəbhəyə ezam olundular. Mən də ezam olunanlar içərisində idim. Bakı və digər böyük şəhərlərin bütün resursları məhz düşmənin dəf edilməsinə yönəlmişdi. Ağdam və Füzuli rayonu istiqamətində ermənilərin hücümü dayandırıldı. Sonradan Azərbaycan ordusu Horadiz istiqamətində əks hücum edərək Horadiz qəsəbəsinə və daha 20-dən çox kəndi ermənilərdən geri aldı. Beləcə rus-erməni planı yarımçıq qaldı, axıra kimi həyata keçirilmədi.
 
Ermənilər təkəbbürlə deyirlər ki, qan töküblər, ağır döyüşlərdə bu əraziləri alıblar. İşğalçının başqa xalqa qarşı soyqırım törətməsi, başqa xalqa məxsuz maddi və mənəvi mədəniyyət nümunələrini yeri üzündən silməsi işğalçının qürur mənbəyinə çevrilirsə bu, mənəviyyatını, vicdanını, bütün insanı dəyərlərini itirmiş millətin və onun siyasilərinin əxlaqından xəbər verir".
 
Dağlıq Qarabağ problemi ilə bağlı son durumu dəyərləndirən politoloq bunları dedi:
 
"Erməniləri ruslar ciddi surətdə ruhlandırırlar. Ruslar onlara silah təchizatı və diplomatik dəstək verməklə erməniləri özgə səsi ilə banlamağa vadar edirlər. Vəziyyət həqiqətən də xoşagələn deyil. Ermənilər Dağlıq Qarabağ üçün ən azı müvəqqəti status almadan danışıqlar prosesinə getmək fikrində deyillər. Birdən birə erməniləri o dərəcə qudurtdular ki, onlar artıq meydanoxuyucu tərzdə danışıqlar raundunun şərtlərini diqtə etməyə başlayıblar. ATƏT və onun Minsk qrupu isə demək olar ki, iflic vəziyyətindədir. Bu qurumlar ya hər hansısa bir fikirlə çıxış edə bilmir, ya da bunu istəmir.
 
Belə olan tərzdə ruslar hətta müharibəni başlamaq, Azərbaycanın öz torpaqlarını azad etmək niyyətini də inhisara almağa çalışırlar.
 
Lavrovun çıxışından belə görünür ki, Azərbaycan öz torpaqları uğrunda anti-terror əməliyyatlarına başlasa, Rusiya buna icazə verməyəcək. İcazə verməyəcək məsələsini müharibə başlayanda Rusiyanın ermənilər tərəfindən çıxış edəcəyi kimi başa düşmək lazımdır. Onsuz da illərdir ki, Azərbaycan faktiki olaraq təkcə Ermənistana qarşı deyil, həm də Rusiyanın məkirli planlarına qarşı tab gətirib durur.
 
Aprel hadisələrində erməni qoşunlarının tam rəzalətdən, rüsvayçı məğlubiyyətdən xilas edilməsində 102-ci briqadanın bölgəyə ezam edilmiş təlimatçı zabitlərinin böyük rolu olub. Çünki Azərbaycan ordusu ildırım sürəti ilə Cəbrayılı da götürərək Zəngilana qədər gedə bilərdi. Rusiya prezidentinin təkid və tələbləri və 102-ci briqadanın əsgər və zabitlərinin erməniləri toparlaması döyüşdə müəyyən bir balansın yaranmasına gətirib çıxardı. Bundan başqa Azərbaycanı daha uzağa getməyə qoymadılar və geri çəkilmək haqqında əmr verildi. Aprel hadisələrindən ermənilər başqa cür, ruslar isə başqa cür dərs götürüb. Ruslar başa düşdü ki, bu bölgədə ümumiyyətlə müharibəyə yol vermək olmaz. Bölgədə müharibəyə yol verməmək məsələsini müxtəlif təhdidlərlə Azərbaycana çatdırırlar. Əgər müharibə olarsa, "KTMT və digər təşkilatlar işə qoşular"- kimi fikirlər səsləndirirlər. Bunların hamısının arxasında da rusları görürük".
 
Baş verən proseslərin nəyə hesablanmasını Qabil Hüseynli belə şərh etdi:
 
"Bütün bunlar göstərir ki, prosesi yenidən dondurmağa və prosesin həllinin yalnız ermənilər istədiyi variantda başa çatacağına təminat aldıqdan sonra sülh danışıqlarına başlamaq mümkün ola bilər. İndiki şəraitdə Rusiya qüvvələr balansını bərabərləşdirmək və ermənilərin xeyrinə dəyişmək istəyir. Bunun üçün Ermənistanın Rusiyaya verəcək nə pulu, nə də digər vəsaiti var. Rusiya sadəcə olaraq Ermənistanın nüfuz dairəsini qorumaq üçün onları silahlandırır.
 
Beləliklə, Dağlıq Qarabağ məsələsində çıxılmaz vəziyyət yaranıb. Danışıqlar tamamilə dayandırılıb. Ermənilər bir neçə ay bundan əvvəl ilə müqayisədə daha radikal və barışmaz təkliflər irəli sürür. Azərbaycan isə ordusunu səfərbər edib döyüş hazırlığını yüksəltməklə məşğuldur. Hər halda Azərbaycan dünyada qüvvələr nisbətinin dəyişilməsini gözləməyə məcburdur. Çünki Rusiyanın Cənubi Qafqazda hegemonluğu əbədi davam edə bilməz. ABŞ-Rusiya, Avropa İttifaqı-Rusiya, Çin-Rusiya arasında olan ziddiyətlər, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar uzaq olmayan bir dövrdə öz nəticəsini verməli və Rusiyanın sağa-sola güc tətbiq etmək imkanlarını məhdudlaşdırmalıdır. Azərbaycan o zamanı gözləməli və öz ərazi bütövlüyünü təmin etməlidir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook