SON XƏBƏR

Rusiyanın Mingəçevirin üstündən keçən raketinin “səsi çıxdı”

Sentyabr 29
08:06 2017
Hərbi ekspert: "Raketin ümumi çəkisi 46 500 kq, başlığı 1200 kq-dır, 12 000 km məsafəyədək olan hədəfləri cəmi 150-200 m səhv etməklə vura bilir”
Rusiyanın "Topol-M” qitələrarası ballistik raketini sınaqdan keçirməsi ətrafında ciddi diskussiyalar gedir. Bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, "eksperimental başlıqla” təchiz edilmiş raket Həştərxan vilayətindəki Kapustin-Yar poliqonundan buraxılıb.
 
Məlumatda qeyd olunur ki, raket Qazaxıstanın Sarı-Şaqan poliqonundakı hədəfi müəyyən edilmiş dəqiqliklə vurub. Nazirliyin bildirdiyinə görə, raket sınağı ballistik raketlərin perspektiv döyüş təchizatını yoxlamaq üçün keçirilib. Müdafiə Nazirliyi raket sınağının videogörüntüsünü də yayıb. Raketin uçuşu başlayandan sonra Rusiyanın cənub regionlarının sakinləri səmada "naməlum uçan obyekt” göründüyü haqda sosial şəbəkələrdə bir-birilərini xəbərdar ediblər. Məlumatda o da qeyd olunur ki, Rusiya raketi Azərbaycan və Ermənistanın da "üzərindən” keçib. Nəticədə bəzi sakinlər ballistik raketi uçan naməlum obyekt zənn ediblər. Məsələn, Mingəçevir sakini Elsevər Cəfərli saytlardan birinə danışıb ki, o, axşam səmada naməlum obyekt görüb. Sakin obyektin səmada işıq saça-saça uçduğunu, daha sonra yox olduğunu deyib.
 
Tatarıstanda da "Topol-M” raketinin uçuşunu izləyiblər və çoxları bunu UFO hesab edib. Həştərxan sakinləri raketin əsas hissəsindən ayrılaraq hədəfə şığıyan döyüş başlığını da görüblər və bunu "partlayan ulduz”, "kometa” zənn ediblər. Rostov sakinləri də səmada naməlum uçan obyekti görərək sosial şəbəkələrdə qızğın müzakirə ediblər.
 
Məsələni "Yeni Müsavat”a şərh edən hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov "Yeni Müsavat”a bildirdi ki, Rusiyanın sınaqdan keçirdiyi qitələrarası raketdir: "Həmçinin o, nüvə başlığı ilə təchiz oluna bilir. Səhv etmirəmsə, 2012-ci ildə də eyni poliqondan təlim uçuşu həyata keçirilmişdi. Raketin ümumi çəkisi 46 500 kq, başlığı 1200 kq-dır. 12 000 km məsafəyədək olan hədəfləri cəmi 150-200 m səhv etməklə vura bilir. Onu Rusiya ərazisindən Qazaxıstandakı poliqonu hədəfə atıblar. Bu ölkə ilə Rusiya arasında müqavilə var. Odur ki, heç bir dövlətin hava sərhədi pozulmayıb”.
 
Hərbi ekspert raket ətrafında müzakirələri normal sayır. Ancaq Azərbaycan daxil, hər hansı ölkənin qanunlarına zidd addım atıldığını güman etmir: "Raket çox güclü işıq saçdığı üçün çox uzaq məsafələrdən müşahidə oluna bilib. Digər tərəfdən, raket atmosfer qatından da  yuxarı uçmaq gücünə malikdir. Belə olan halda heç bir sərhəd pozuculuğundan söhbət gedə bilməz. Rusiyanın Xəzər dənizindəki hərbi gəmilərindən iki il öncə Suriyaya atəş açılarkən raket İran səmasi üzərindən uçmuşdu. Təbii ki, bu da Rusiya dövlətinin xahiş və icazəsi ilə bas vermişdi. Hərbi gəmilər isə Azərbaycan sularından bizim icazəmiz və hərbi gəmilərimizin müşayiəti ilə İran ərazi sularına girmişdi. Ona görə bu sınaq zamanı rus raketinin Azərbaycan hava sərhədini pozması faktından danışmaq olmaz”.
 
Belə demək olarmı ki, Rusiya bununla güc nümayiş etdirir? T.Eyvazova görə, bu suala birmənalı cavab vermək çətindir:"Bu, planlasdırılmış təlim sınağı da ola bilər. Həmçinin son vaxtlar Şimali Koreyanın güc nümayişindən ilhamlanmaqla bu addımı ata bilər. Yəni iqtisadiyyatı zəif olan ölkələr özlərini güclü göstərib xof yaratmaq istəyindədirlər. Həmçinin Trampın Rusiyaya, Koreyaya qarşı son kəskin bəyanatlarına münasibət kimi də qiymətləndirilə bilər”.
 
(Musavat.com)
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook