SON XƏBƏR

Rusiyalı ekspertlər Gerasimov-Danford görüşünün Bakıda keçirilməsinin səbəblərini izah ediblər

Fevral 17
00:10 2017
"Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünün Bakıda keçirilməsinin bir sıra mühüm səbəbləri var. Birinci səbəb Bakının böyük beynəlxalq nüfuza malik olmasıdır. Azərbaycan regionun ən sabit ölkəsidir və ölkə lideri də beynəlxalq aləmdə böyük nüfuza malikdir. İkinci səbəb odur ki, Azərbaycanın həm Rusiya ilə, həm də ABŞ-la yaxşı münasibətləri var. Üçüncü səbəb isə Azərbaycanın Rusiya ilə qarşılıqlı etimada əsaslanan münasibətlərə malik olmasıdır. Rusiya strateji tərəfdaşı olan Azərbaycanı beynəlxalq danışıqlar prosesinə qoşmağa çalışır”.
 


Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakı görüşünü şərh edən Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov deyib. O bildirib ki, Bakıda keçirilən görüşdə baş qərargah rəisləri bir sıra məsələləri müzakirə edəcəklər: "Bunlar əsasən Obama dövründə pozulan hərbi kommunikasiya sahəsindəki münasibətlər, Suriyadakı vəziyyət və İŞİD terror təşkilatına qarşı birgə hərbi əməliyyatların keçirilməsi məsələləridir. Əgər danışıqlar normal keçsə, Suriyada Rusiya və ABŞ pilotlarının İŞİD-ə mart-aprel aylarında birgə zərbə endirəcəklərini proqnozlaşdırmaq olar. Müzakirə olunacaq digər mühüm məsələ isə son zamanlar iki ölkənin hərbi təyyarə və gəmilərinin dəniz və hava məkanında tez-tez təhlükəli olan qarşılaşmalarıdır. Çox güman ki, bu məsələ də baş qərargah rəislərinin müzakirə obyekti olacaq”.
 


Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin keçmiş rəisi, ehtiyatda olan general-leytenant Yevgeni Bujinski isə Gerasimov-Danford görüşünün Bakıda keçirilməsindən təəccüblənmədiyini söyləyib. Azərbaycanın hər iki ölkə ilə əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayan general Azərbaycanın hərbi sahədə regionun güclü dövləti olduğunu vurğulayıb: "Azərbaycanın regional səviyyədə özünün milli maraqlarını müdafiə etməsi üçün hər bir potensialı, o cümlədən hərbi potensialı var”.
 


Gerasimov-Danford görüşündə hansı məsələlərin müzakirə olunduğu barədə suala Y. Bujunski belə cavab verib: "Hal-hazırda hərbi sahədə iki ölkə arasında əməkdaşlıq ümumiyyətlə, yoxdur. Ona görə də bu məsələləri yoluna qoymaq lazımdır. Müzakirə olunacaq məsələlər çoxdur. Bura beynəlxalq terrorçuluğa qarşı mübarizə, son zamanlar iki ölkə arasında hərbi ritorikada olsa belə, yaşanan gərginliklər, Suriya böhranı aiddir. İlk addım atılmalıdır. Çünki praktiki olaraq Rusiya və ABŞ arasında hərbi sahədə nəinki əməkdaşlıq, heç qarşılıqlı fəaliyyət belə yoxdur”.

Digər rusiyalı hərbi ekspert Aleksandr Perenciyev də generalların görüşünün Bakıda keçirilməsinin təsadüfi olmadığını deyib: "Bakı buna qədər də belə formatlarda görüşlərin keçirildiyi məkan olub. Bundan öncə Bakıda Rusiya və NATO ölkəsi olan Türkiyənin ordularının beyin mərkəzlərinin rəhbərlərinin görüşü keçirilib. Bir sözlə, Bakının belə formatda görüşlərin keçirilməsi üçün böyük təcrübəsi var. Digər tərəfdən isə Azərbaycan həm Rusiya ilə, həm də ABŞ-la bərabər tərəfdaşlıq və münaqişəli olmayan münasibətlərə malikdir. Məhz bu faktorlar Bakının iki nəhəng ölkənin silahlı qüvvələrinin baş qərargah rəislərinin görüş yeri kimi seçilməsinə yardım edib”.

Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook