SON XƏBƏR

Rusiyada “kölgə iqtisadiyyatı"nın həcmi 6 illik minimuma enib

Avqust 15
23:46 2017
Ötən il Rusiyada muzdlu işçilərə ödənilən maaşların 25,3%-i rəsmiləşdirilməyib. Bu, əvvəlki illə müqayisədə 0,1 faiz bəndi azdır. 
 
"Report” bu barədə Rusiya Statistika İdarəsinin yaydığı "Rusiyanın milli hesabları” adlı illik hesabata istinadən xəbər verir.
 
Hesabata əsasən, 2016-cı ildə qonşu ölkədə rəsmi statistikası aparılmayan əmək haqqı ödənişi 10,3 trln. rubl (təxminən 293 mlrd. manat) təşkil edib. Bu, 2011-ci ildən bəri ən aşağı həddir. 6 il bundan əvvəl ölkədə "gizli əmək haqqı fondu" ümumi əmək haqqı fondunun 24,5%-ni  təşkil edib. Bu nisbət 2014-cü ilə qədər artaraq 28,2%-ə çatıb, sonradan isə azalmağa başlayıb. 
 
2016-cı ildə Rusiyada qeyri-rəsmi əmək haqqı ödənişləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 12%-i qədər olub. Bu göstərici 2015-ci ildə 11,6%, 2013-cü ildə 13,3% təşkil edib.
 
Qeyd edək ki, "gizli əmək haqqı fondu" "kölgə iqtisadiyyatı"nın həcminin qiymətləndirilməsində əsas göstəricidir. Bununla belə, ekspertlər gizli ödənişlərin qiymətləndirilməsi metodunun şübhə doğurduğunu, "Kölgə iqtisadiyyatı"nı birbaşa müşahidə etməyin mümkün olmadığını və bu hesabatların təxmini xarakter daşıdığını bildirirlər. 
 
Rusiyada gizli ödənişlər azalsa da, qeyri-rəsmi məşğulluq artıb və ötən il 2006-cı ildən bəri rekord həddə çatıb. Belə ki, il ərzində ölkədə qeyri-rəsmi qaydada məşğul olanların sayı 500 min nəfərdən çox artaraq 15,4 mln. nəfərə çatıb. Bu göstərici 2011-ci illə müqayisədə 4 mln. nəfər çoxdur. 
 
Xatırladaq ki, Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyasının araşdırmalarına görə, Rusiya dünyada "kölgə iqtisadiyyatı"nın həcminə görə seçilən 28 ölkənin daxil olduğu reytinqdə IV yeri tutur. Qonşu ökədə uçotdankənar iqtisadiyyatın həcmi 33,6 trln. rubl (təxminən 954 mlrd. manat) yaxud ötən ilki ÜDM-in 39%-i qədər qiymətləndirilir. Bu nisbət ötən il qlobal səviyyədə 22,7% təşkil edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook