SON XƏBƏR

Rusiya xilasediciləri Azərbaycan qırıcısının axtarışlarına qoşulur

Avqust 08
15:39 2019
Rusiyanın Xəzər donanmasının axtarış-xilas etmə dəstəsinin mütəxəssisləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Xəzər dənizində qəzaya uğramış MiQ-29 qırıcısının axtarışları üçün göndərilib.

Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev məlumat verib.

O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir: "50 nəfərlik axtarış dəstəsinin tərkibində "Anatoli Qujvin” kiçik hidroqrafiya gəmisi, "SB-45” xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil "MMK-1-100” kompleksi yer alır”

Axtarış tədbirlərinə teleidarəetməli "Falkon” sualtı aparatını, "Super QNOM Pro” teleidarəetməli sualtı baxış aparatını və "Tayger” pilotsuz sualtı aparatını cəlb etmək planlaşdırılır. 

Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq. Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir. 

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Azərbaycan Müdafiə Nazirliyinin və digər müvafiq strukturların başlatdığı intensiv axtarışlar nəticə verməyib. Nəhayət Azərbaycan Türkiyədən kömək istəyib, Türkiyə Müdafiə Nazirliyinin xüsusi təyinatlı dalğıcları axtarışlar üçün göndərilib. Lakin onların apardıqları axtarışlar da nəticə verməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook