SON XƏBƏR

“Rusiya kimi dostla bizə düşmən lazım deyil” - Ruben Mehrabyan

Fevral 28
13:05 2019
Rusiya Dövlət Dumasının nümayəndə heyətinin Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş yürüşdə iştirakı ilə bağlı Ermənistanda yaşanan təşviş dalğasına Beynəlxalq münasibətlər və təhlükəsizlik mərkəzinin eksperti, politoloq Ruben Mehrabyan da qoşulub.
 
Ermənistanın Moskvadakı səfiri Vardan Toqanyanın və Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın bəyanatlarından sonra Mehrabyan Rusiyanı açıq şəkildə ittiham edərək, onu faktiki olaraq düşmən adlandırıb.

Maraqlıdır ki, Mehrabyanın aysor.am saytında dərc olunmuş sərt ifadələri sonradan bu portalın rusdilli versiyasından silinib, lakin erməni dilində olduğu kimi saxlanıb.

"Parlamentin spikeri Ararat Mirzoyan rusiyalı həmkarlarının Bakıdakı mitinqdə iştirakını "şübhəli” adlandırıb. Bu, çox yumşaq diplomatik ifadədir, - Mehrabyan narazılığını bildirir. – Mən bunu ikiüzlülük, biədəblik və yalan adlandıra bilərəm”.

Analitikin sözlərinə görə, erməni tərəfi baş vermiş hadisədən müvafiq nəticə çıxarmalı və yekun olaraq özü üçün aydınlaşdırmalıdır ki, onun dostu kimdir.

Bir şeyi anlamalıyıq: Rusiya kimi dostla bizə düşmən lazım deyil”, - R.Mehrabyan bildirib.

Daha öncə spiker Mirzoyan Moskvada Federasiya Şurasının plenar iclasındakı çıxışında qeyd etmişdi ki, rusiyalı deputatların Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş Bakı yürüşündə iştirakı onda təəssüf və heyrət hissləri doğurur.

Səfir Toqanyan isə, öz növbəsində, rusiyalı parlament üzvlərinin Bakıdakı tədbirdə iştirakından hiddətləndiyini bildirib və həmin yürüşü anti-erməni tədbiri adlandırıb.

Xatırladaq ki, fevralın 26-da Bakıda Xocalı soyqırımının qurbanlarının növbəti ildönümünə həsr olunmuş yürüşdə Rusiya nümayəndə heyəti, o cümlədən Dövlət Dumasının deputatları Dmitri Savelyev və İrina Rodnina iştirak ediblər.
 
Virtualaz.org 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook