SON XƏBƏR

Rusiya ilə siyasi-diplomatik toqquşma hara qədər davam edəcək...

May 25
08:44 2017
Şimal qonşumuzla gərginliklərə təmkinli yanaşılması təklif olunur; politoloq: "Rus qoşunları təmas xəttinə "sülhməramlı qüvvələr” adi ilə qaytarılsa, Qarabağ biryolluq əlimizdən gedəcək”

"Mövcud vəziyyəti siyasi-diplomatik toqquşma kimi dəyərləndirməzdim. Rusiya ideya və prinsiplərin dövləti deyil. Ruslarda heç zaman qızıl orta prinsipi olmayıb. Onlar üçün yaxşı və pis, dost və düşmən anlayışları var. Və bu yaxşı və pis, dost və düşmən anlayışları öz maraqlarına uyğun olaraq yerlərini dəyişə bilər”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri Rusiya və Azərbaycan arasında son zamanlar hökm sürən soyuq münasibətləri, daha doğrusu, şimal qonşumuzdakı ayrı-ayrı dairələrin təzyiq və təhdidlərini "Yeni Müsavat”a şərh edərkən bildirdi. Siyasi təhlilçi dedi ki, biz Rusiyanın Türkiyəyə münasibətində də bunun şahidi olduq: "”İstanbula bomba atmaq lazımdır" deyənlər qısa bir zamandan sonra Türkiyəyə olan sevgilərindən məst olduqlarını açıqladılar. Heç bir əsaslandırma aparmadan, utanmadan... Bu faktorlar Rusiyanın siyasətində də özünü ifadə edir. Hazırda bizim gördüyümüz və görə bilmədiyimiz bütün təzyiqlər heç də qlobal geosiyasi maraqlarla əlaqəli deyil. Ola bilsin ki, ortalıqda korporativ maraqlar, yaxud hərbi-sənaye kompleksinin və ya hansısa başqa bir sahənin arzu və istəkləri var. Bu barədə yalnız ehtimallarımı ifadə edə bilərəm. Amma əminəm ki, bu maraqlar qismən təmin olunarsa, Azərbaycan Rusiya KİV-nin təqdimatında bəşər tarixinin ən uğurlu dövləti, Rusiyanın əvəzedilməz dostu kimi təqdim olunacaq".

Azərbaycanın rəsmi səviyyədə şimal qonşusuna kəskin cavablar verməsi, onunla "nota dili” ilə danışması barədə təkliflərinə rəğmən E.Mirzəbəyli daha təmkinli davranmağı zəruri sayır: "Biz istiqanlı bir xalq olduğumuz üçün bəzən Rusiyanın təbliğat maşınının informasiya təxribatlarına müəyyən qədər emosional yanaşırıq. Bəzi şeylərə önəm vermək lazım deyil, amma diqqətə alıb yola davam etmək lazımdır. Yaranmış vəziyyətin müsbət tərəfləri də var: Artıq Azərbaycanda Rusiya ilə birgə olmağın mümkünsüzlüyünü hər kəs başa düşüb. 5-ci kolonun da dili..., daha doğrusu, səsi kəsilib, arqumentləri də tükənib”.

Rusiyanın təzyiqlərinə qarşı Azərbaycanda milli-demokratik qüvvələrin fəaliyyətindən istifadə oluna bilərmi? Bir çoxları hesab edir ki, söhbət müstəqilliyimizə təhdiddən söhbət gedirsə, milli qüvvələr, müxalifət də kənarda qalmamalıdır. E.Mirzəbəyli hesab edir ki, Azərbaycanda sözün əsl mənasında milli-demokratik qüvvələri dövlətə qarşı istifadə etmək mümkün deyil: "Əgər söhbət bu epitetə iddia edən, əməldə isə bunun əksini sərgiləyən bir qrup nüfuz müvəkkilindən gedirsə, ”milli şura", "milli nataşa”, yaxud "milli ivan”lar belə bir gücə və potensiala, ən əsası isə ictimai dəstəyə malik deyillər. Azərbaycanın istiqlalı üçün gerçəkdən şər imperiyasına qarşı mübarizə aparan, öz prinsiplərinə, ideyalarına bağlı olan çoxluq isə hər zaman dövlətin, bayrağın, istiqlalın yanında olacaq. Buna şübhə etmirəm".

Politoloq Hikmət Hacızadə də Rusiya-Azərbaycan münasibətlərində belə gərginliklərin çox olduğunu, lakin axırda səngidiyini bildirdi: "Hələ ki böyük problem yoxdur. Allah betərindən saxlasın! Balaca ölkə özünü təmkinli aparmalıdır. Rusiyanin bəzi rəsmiləri də məhz bunu bizə vaxtaşırı xatırlatmaq istəyirlər”.

Azərbaycana qarşı təzyiqlər Lavrov səviyyəli ermənipərəstlərin özfəaliyyətidir, ya dövlət siyasətidir? Bu suala cavabında H.Hacızadə dedi: "Dövlət siyasətidir. Belə mühüm məsələlərdə ancaq Rusiyanin mövqeyi səsləndirilə bilər”.

H.Hacızadə də hesab edir ki, milli - demokratik qüvvələrin bu məsələdə bir böyük vəzifəsi var: "Qarabağ məsələsinin həllində müstəqilliyimizi də qorumaq vəzifəsi. Belə ki, rus ordusunun təkrar ölkəyə qaytarılmasının qarşısını almaq. Rus qoşunları təmas xəttinə sülhməramlı qüvvələr adı ilə qaytarılsa, hesab edin ki, Qarabağ biryolluq əlimizdən gedəcək və bundan başqa, Azərbaycan artıq nə xarici, nə də daxili siyasətdə müstəqil addım ata bilməyəcək”.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook