SON XƏBƏR

Rusiya hakimiyyəti müxalifətçiləri zindana doldurdu

Mart 29
09:05 2017
Ölkə rəsmilərindən aksiyalara reaksiyalar; Medvedyevi müdafiə edən tapılmır.
 
Martın 26 və 27-də paytaxt Moskva da daxil olmaqla, Rusiyanın iri şəhərlərində keçirilən anti-hökumət aksiyalarda həbs edilənlərə məhkəmələr cəzalar kəsib.

Moskvanın Tver məhkəməsi Aleksey Navalnının qeydiyyata alınmamış "Tərəqqi Partiyasının” Moskva şöbəsinin rəhbəri Nikolay Lyaskinə 25 sutkalıq həbs cəzası verib. Lyaskin martın 26-da Moskvada Tver küçəsində kütləvi etiraz aksiyası zamanı saxlanılıb. Onun həmkarlarının verdiyi məlumata görə, Lyaskin müəyyən edilmiş qaydanın yenidən pozulması və ya nümayişin keçirilməsi maddəsinə görə təqsirli sayılıb. Saxlanıldıqdan sonra Lyaskin Botkinskaya xəstəxanasına yerləşdirilib. Müxalifətçinin sözlərinə görə, polis işçisi onun başına zərbə endirib. Laskin deyib ki, bu hadisə onunla bir yerdə polis avtobusunda olan 11 nəfərin gözü qarşısında baş verib. Lyaskin onu da bildirib ki, polis işçiləri onun "həkimlərlə ünsiyyətinə maneələr yaradıb”.

Aksiya zamanı həbs edilən müxalifət lideri və aksiyaların təşkilatçısı Aleksey Navalnıya isə Moskvanın Tver məhkəməsi polis əməkdaşlarına müqavimətə görə 15 sutka həbs cəzası kəsib. Navalnının cəza müddəti martın 26-dan hesablanacaq. Müxalifətçi bundan əvvəl də qanunsuz mitinq təşkilinə görə 20 min rubl cərimələnmişdi.

Bundan başqa, Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində olanların hamısı həbs olunub. Qurumun əməkdaşları həmin vaxt Rusiyanın digər şəhərlərində keçirilən mitinqlərdən birbaşa canlı görüntülər yayımlayıb.

Hüquq-mühafizə orqanları onları binanı tərk etmək barədə polis əməkdaşlarının tələblərinə tabe olmaqdan imtina etməkdə ittiham edib. Onların əksəriyyəti məhkəmə qərarı ilə 7 sutkalıq həbs edilib. Həbs edilənlər arasında fonda aid olmayan yayım aparmağa kömək etmiş texniki şirkət işçiləri də var.

Fondun ofisində olan Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov da 10 sutka həbs cəzası alıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aksiyanın təşkilatçılarını insanları qanundankənar hərəkətlərə təhrik etməkdə ittiham edib. Kremlin sözçüsü etiraz aksiyasını tənqid edib və aksiyada iştirak etməsi üçün gənclərə pul verildiyini deyib. Dmitri Peskov bildirib ki, Moskvadakı etiraz aksiyası zamanı həbs edilənlərin sərbəst buraxılması ilə bağlı Avropa və Amerikanın istəkləri ilə razılaşmır. «RİA-Novosti» xəbər verir ki, mətbuat katibi jurnalistlərin "baş nazir Medvedyev korrupsiya ittihamlarına cavab verməlidirmi” sualına cavab verməkdən imtina edib "Mən bu suala heç bir şərh verməyəcəm” deyə, Peskov əlavə edib.

Baş nazirin mətbuat sözçüsü Natalya Timakova isə Navalnını nəzərdə tutaraq "məhkəmədə cəzalandırılmış müxalifətçi seçkiqabağı kampaniya aparır ki, bu da mənasızdır” deyərək Medvedyevə olan konkret ittihamlara toxunmayıb. 
 
Rusiya xarici işlər naziri Sergey Lavrov aksiyaların dağıdılmasını pisləyən Qərbi "ikili standartda” ittiham edib. O, ad çəkməsə də Türkiyə rəsmilərinin Hollandiya, Avstriya və Almaniyada mitinqlər keçirməsinə qoyulan qadağını yada salıb. "Amma bu barədə heç kim narahat olmadı” deyə, Lavrov bildirib.

Qeyd edək ki, Avropa Birliyi və Amerika Rusiyadakı etiraz aksiyaları zamanı yüzlərlə adamın saxlanılmasını qınayıblar. Müxtəlif məlumatlara görə, Moskvadakı etiraz aksiyalarında 8 mindən 30 minədək adam iştirak edib. Aksiyalar üçün səbəb Navalnının fondunun baş nazir Dmitri Medvedyevin güman edilən "gizli daşınmaz əmlak imperiyası” barəsindəki araşdırması olub.

Navalnı çəkdiyi "O, sizə Dimon deyil” filmində iddia edib ki, Medvedyev Rusiyada və xaricdə qeyri-kommersiya təşkilatlarının şəbəkəsi vasitəsilə çoxsaylı dəbdəbəli daşınmaz əmlak sahibidir.

Yeri gəlmişkən, Aleksey Navalnının rəhbərliyi ilə bütün ölkədə təşkil edilən aksiyalar Qərb mediasında böyük əks-səda verib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, aparıcı Qərb KİV-i Navalnını Rusiyada demokratik hərəkatın yeni lideri kimi təqdim etməyə başlayıblar.

"Uzun müddətdir ki, Rusiyada belə bir şey olmurdu”,- Almaniyanın "Frankfurter Allgemeine” qəzetinin yazarı Vladivostokdan Moskva və Sankt-Peterburqa qədər bütün Rusiyanı bürüyən aksiyaları bu cür təsvir edib.

Britaniyanın "The Guardian” qəzeti də aksiyada yüzlərlə iştirakçının Rusiyanın müxtəlif şəhərlərində həbs edildiyini yazıb. "Etiraz aksiyaları dövlət KİV-i tərəfindən görməzliyə vurulsa da, Kreml üçün təşviş doğurucu siqnal hesab edilə bilər. Hər halda, rejim ona qarşı passionar 100 min insanın etiraz etdiyini gördü” deyə, müəllif yazır.

Almaniyanın "Der Spiegel” qəzetinin icmalçısı Rusiyanın korrupsiyalaşmış sisteminə qarşı qorxu-ürkü bilməyən gəncliyin çıxış etdiyini yazır. "Martın 26-da Rusiya dərin yuxudan ayıldı. Yuxu tam 5 il davam etdi. Bu vaxta qədər Rusiya küçələrində siyasətin qoxusu gəlmirdi. Rusiyada yalınız Moskvanın ”düşmən Qərblə" mübarizəsi ilə bağlı uydurulan vətənpərvərlik nağılları ilə bəzədilmiş xarici siyasət danışılıb. Budur, artıq on minlərlə rusiyalı daxili problemə, korrupsiyaya qarşı etirazlarını bildirmək üçün küçələrə axışıb" deyə, məqalədə qeyd olunur.

Fransanın "Le Figaro” qəzeti də Moskvadakı aksiyaların kütləviliyinə diqqət çəkib. ABŞ-ın "politico” saytı isə Aleksey Navalnını gələcəkdə Putinin ən böyük siyasi rəqibi olaraq təsvir edib.

"YM”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook