SON XƏBƏR

Ruhun şad, məkanın cənnət olsun, unudulmaz Etimad BƏY!

Oktyabr 17
11:35 2018
Unudulmaz Qarabağ qazimiz, çox dəyərli Etimad Əsədovun vaxtsız dünyasını dəyişməsi hər birimizi çox sarsıdıb. Onun ölən vaxtı deyildi. Dünən səhərdən bu vaxta kimi saysız-hesabsız xatirələr, ürək sözləri, ailəsinə və doğmalarına üzüntülər haqqında yazıları oxumuşam və mən də qısa da olsa bir neçə vacib saydığım məqama toxunmaq istəyirəm. 
 
Etimad bəy dünən bir daha bir çox vacib dəyərləri, hansına ki son illər Azərbaycanda çox az rast gəlinir, hamımıza öz kişiyanə həyatı və fəaliyyəti ilə, eləcə də vəfatı ilə də sübut etdi. Şəxsən mən dünən dəfnə hazırlıqdan tutmuş dəyərli qardaşımızın son mənzilə yola salınmasına qədər bütün proseslərdə bir əsas məqama diqqət etdim ki, kaş mən də, mənim kimi minlərlə, on minlərlə müharibə iştirakçısı, sadə vətəndaşlarımız və xüsusən də Azərbaycan məmurları belə hörmətə və ehtirama layiq olardıq. Bilirsiniz ki, Etimad bəy hər hansı bir böyük vəzifə sahibi deyildi. Onun nə dövlət, nə də hökumət statusunda vəzifəsi yox idi. İctimai birlik rəhbəri idi. Amma, dünən onu, demək olar ki, bütün Bakı, bütün Azərbaycan son mənzilə yola saldı. Dövlət bayraqları ilə bəzədilmiş yüzlərlə maşın karvanı Suraxanı, Sabunçu, Binəqədi və Abşeron rayonlarının ərazisi ilə qəbirstanlığa doğru çox səliqəli, səhmanlı şəkildə hərəkətdə olarkən minlərlə insanların ayaq saxlayıb qazi qardaşımıza xalqının necə böyük ehtiram və hörmət göstərdiyinin şahidi oldular. Dəfnin Etimad bəyin vəsiyyətinə rəğmən Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanması və sona yetməsi də özü-özlüyündə bir başqa qürürverici mənzərə idi. İnanın ki, qardaşımız ilə vidalaşmağa gələn əhalinin sayı-hesabı yox idi, xüsusən də qazi qardaşlarımızın orada öz mənəvi komandirlərinə son vəfa borcunu verməyə gəlmələri özü bir tərbiyyəvi, əxlaqi əhəmiyyət kəsb edirdi. Heç kim ora zorən gəlməmişdi. Heç kimi ora məcburi gətirməmişdilər. Orada hər kəs var idi. Azərbaycan hökumətinin rəsmi təmsilçiləri, iqtidarlı-müxalifətli, ictimai ststuslu, statusuz minlərlə tanınmış insanlar var idi. Bax budur İNSANIN DƏYƏRİ! Məhz belə bir mənzərəni hər zaman arzulamışam və buna çalışmışam. Fürsətdən istifadə edib, Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinin rəhbərliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər şəxslərinə bir Qarabağ müharibəsi veteranı kimi öz dərin minnətdarlığımı çatdırım. Xırda, amma çox nümunəvi bir hərəkət saymaq lazımdır belə münasibəti. Bu gələcəkdə daha da geniş şəkildə davam etdirilməlidir. 
 
Mərhum qazi qardaşımız Etimad Əsədov öz kişiyanə həyat tərzi ilə silahdaşlarına, bütün Azərbaycan xalqına çox böyük bir nümunə qoyub getdi. Mən inanıram ki, Azərbaycan dövləti Etimad Əsədov kimi Vətən sevdalısının, Vətən fədaisinin keçdiyi həyat yoluna mütləq layiqli şəkildə qiymət verəcəkdir. Bunun üçün, biz də öz tərəfimizdən dövlət rəhbərliyinə öz müraciət və təkliflərimizi verməliyik, inşallah verəcəyik. Bunun özü gələcək nəsillər üçün bir örnək və nümunə kimi təbliğ və təşviq olunmalıdır. 
 
Bir daha qazi qardaşımız Etimad Əsədova belə şərəfli və vicdanlı həyatına görə Allahdan rəhmətlər diləyir, onun doğmalarına və yaxınlarına səbr arzulayıram. Eyni zamanda onun silahdaşlarına, hər birimizə səslənirəm: mərhum dostumuzun ən böyük, ən ümdə arzusunu- Qarabağın tezliklə işğaldan azad edilməsini və ruhunun rahatlıq tapması üçün daha da əzmlə mübarizə aparmağa və bu bəladan tezliklə Azərbaycan xalqının xilas olması üçün hamılıqla bir yerdə olmağı arzulayıram. 
 
Ruhun şad, məkanın cənnət olsun, dəyərli Qarabağ qazimiz, unudulmaz Etimad BƏY!
 

 
Polkovnik-leytenant Üzeyir Cəfərov
 
Qeyd: Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook