SON XƏBƏR

Romana Yerkoviç: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Aprel 20
15:00 2018
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun bu ölkənin qanunverici orqanının parlamentlərarası əməkdaşlıq üzrə komitəsinin sədri xanım Romana Yerkoviç ilə görüşündə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında məlumat verib. O, İlham Əliyevin yenidən Prezident seçilməsinin Azərbaycan xalqının seçimi olduğunu bildirib.

Görüşdə tərəflər Xorvatiya ilə Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq səviyyəsində olan əlaqələrin inkişafından məmnunluq ifadə ediblər. 2017-ci ilin noyabr ayında Azərbaycan və Xorvatiya hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclasının və ticarət əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Diplomat Xorvatiyanın Azərbaycanda səfirliyinin açılması haqqında qərarından məmnunluğunu ifadə edərək, bunun iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün geniş zəmin yaratdığını qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni tərəfinin təmas xəttində törətdiyi təxribatlar haqqında həmsöhbətini məlumatlandıran səfir beynəlxalq ictimaiyyətin münaqişənin həlli üçün səylərinin gücləndirilməsinin önəmli olduğunu qeyd edib.

Xanım Romana Yerkoviç Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Sonra Fəxrəddin Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması, 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə məlumat verib və bu münasibətlə keçiriləcək təntənəli tədbirlərlə bağlı həmsöhbətini məlumatlandırıb.

Görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın səviyyəsindən söhbət açılıb, Azərbaycanın "Ekspo 2025”ə ev sahibliyi etməsi üçün namizədliyinin Xorvatiya tərəfindən dəstəklənəcəyinə ümid ifadə edilib.

Xanım Romana Yerkoviç Azərbaycanın gözəl ölkə olduğunu, Bakıya səfəri zamanı yüksək qonaqpərvərliyin şahidi olduğunu bildirib.

Söhbət zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin önəmli olduğu qeyd edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook