SON XƏBƏR

Rəsulzadənin Quba səyahəti, ravvinlə görüş: “Tövrat səmavi kitabdır”

May 14
02:24 2020
Dilqəm Əhməd

1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyyəti Parlamentinin ikinci iclasında Məhəmmədəmin Rəsulzadə ölkədəki milli birliklə bağlı bunları bildirir: "Məhkumluq acısını dadmış olan Azərbaycan türkü məhkum millət yaratmaz. Azərbaycan Cümhuriyyəti övladını ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemsə, polyak və sair azlıqda olan millətlər Azərbaycan vətəndaşı qalmaqla bərabər, milli-mədəni muxtariyyətə malik olub kəndi ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini kəndiləri idarə etməlidirlər”.

28 may 1918-ci ildə elan edilən İstiqlal Bəyannaməsində də yer alan bu düşüncə 23 ay müddətində təkcə fikirdə qalmayıb, praktik sahədə də öz əksini tapıb. Təsadüfi deyil ki, parlamentdə yəhudi xalqının nümayəndəsi üçün də yer ayrılmışdı, bu səlahiyyəti Gindes Yevsey, Quxman Moisey kimi nümayəndələr daşımışdılar. Eləcə də Azərbaycanda məscidlərlə yanaşı, geniş kilsə və sinaqoqlar şəbəkəsi mövcuddu və onların fəaliyyəti əsla məhdudlaşdırılmırdı.

Başqa ölkələrdə özünü göstərmiş yəhudi talanlarına Azərbaycanın tarixi boyunca, eləcə də Cümhuriyyət dönəmində təsadüf edilməyib. Rus, erməni, yəhudi, polyak, alman, fars və başqa milli icma və koloniyalara məxsus ən müxtəlif cəmiyyətlər sərbəst fəaliyyət göstərib.

Azərbaycan hökuməti bağlanmaq təhlükəsi altında olan yəhudi məktəbinə dəstək olub. Nazirlər Şurası 1919-cu il 10 mart tarixli iclasında yəhudi məktəblərinə birdəfəlik maddi yardım kimi 25 min rubl ayrılması haqqında qərar qəbul edib. Yəhudilərin dini azadlığın qorunması baxımından da hökumət mühüm addım atıb.

1919-cu ilin noyabrında Maarif Nazirliyi Bakının orta təhsil müəssisələrinin direktorlarına göndərdiyi sərəncamda bildirilib ki, yəhudi şagirdlərin sayı 15-dən az olmadığı siniflərdə yəhudi dini dərsləri keçirilsin.

Qeyd edək ki, Bakıda yəhudilərin 4 xalq məktəbi olub.

Aşkenazilərin gəlişi

Avropa yəhudiləri olan aşkenazilərin Azərbaycana gəlməsi XIX əsrdə ölkəmizdəki neft sənayesinin inkişafı ilə bağlıdır. 1832-ci ildən etibarən ilk aşkenazi qruplar Bakıda məskunlaşmağa başlayıblar. 1897-ci ildə isə Bakıda artıq iki mindən çox yəhudi yaşayırdı. Digər tərəfdən dünyada yəhudilərə qarşı olan diskriminasiya, qırğınlar da onların nicat tapdıqları yerlərə getmələrinə səbəb olub. Bu baxımdan Azərbaycan onlar üçün təhlükəsiz yerlərdən hesab olunub.
 


1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı ildə Belostokda törədilmiş qırğınlar zamanı da xeyli yəhudi Bakıya pənah gətirib. I Dünya müharibəsi nəticəsində də Azərbaycana sığınan qaçqın yəhudilər olub. Bakı şəhər qradonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatda 157 yəhudi qaçqının olduğu qeyd edilib.

Yəhudilərin digər qrupları olan dağ yəhudiləri və gürcü yəhudiləri isə daha qədim tarixə malikdirlər. Dağ yəhudilərinin 5-6-cı əsrlərdən etibarən Azərbaycanın şimal hissələrində məskunlaşdıqları hesab edilir.

Onların Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülməsi barədə də qeydlər var. Özlərini "cuhur” adlandıran dağ yəhudiləri əsasən Quba rayonundakı Qırmızı qəsəbədə yaşayırlar. "Dağ yəhudiləri” adı isə XIX əsrdə Qafqazı işğal edən ruslar tərəfindən qoyulub.

Onların Qubada tarixi sinaqoqları da mövcud olub.

Cümhuriyyət deputatlarının yəhudilərlə görüşü

Cümhuriyyət dönəmində ən maraqlı hadisələrdən biri də dövlətin qurucusunun Qubaya səfəri və orada müsəlmanlarla yanaşı yəhudilər də görüşməsidir.

Rəsmi dövlət qəzeti olan "Azərbaycan”ın 1919-cu il 279-280 nömrəli (22-23 sentyabr) saylarında "M.Ə.Rəsulzadə Qubada” başlıqlı məqalə dərc edilib.
 


Bu yazıdan bəlli olur ki, səfərdə Rəsulzadəni yaxın dostu, parlament üzvü Abbasqulu Kazımzadə, Qubanın millət vəkili Mürtəza Axundov və Müsavat nümayəndəsi Əbülqasım Rüstəmzadə müşayiət ediblər. Qubaya qədər heyət Qızılburun, Dəvəçi, Xaçmazda xalqla görüş keçirib, yüksək səviyyədə qarşılanıblar. Qubada millət vəkili həmkarı Murtəza bəyin evinin önünə yığışan xalqla görüşdə Rəsulzadə saat yarım nitq söyləyib, Azərbaycanın şimal sərhədlərində potensial təhlükə olan Denikin qoşunlarına qarşı xalqın əzmkar olduğunu bildirib:

"Sizi böylə fədakar gördükdən sonra hüdudumuzu keçmək istəyən düşmən meyitlərimiz üzərindən keçər deyən Nəsib bəyin həqli olduğunu təsdiq edirəm!”.

Rəsulzadəni Qubada qarşılayanlar arasında yəhudi nümayəndələri də olub. Heyət Qubadan Qusara doğru yola düşərkən yəhudilərlə də görüş keçiriblər.

Məqalədə bildirilib:

"Yol yəhudi məhəlləsindən keçir. Yəhudi camaatı başda ravvin İshaq olaraq məbusları istiqbal etdilər. Ravvin Tövratdan bir dua oxuyaraq qonaqların qədəmini təbrik elədi. Buna qarşı Rəsulzadə cənabları dedilər ki: Oxuduğunuz Tövrat bizcə Kitabi-İlahidir. İnandığımız Quran kimi asimanidir. Quran bizə başqa dinlərə ehtiramı əmr edər. Cinsimiz türkdür. Türk dövlətlərində yəhudi zidliyi görülməmişdir. Türkiyə yeganə dövlətdir ki, orası yəhudi qırğını görməmişdir. Yəhudiləri himayə edən dövlət Türkiyədir. Müsəlman və Türk Cümhuriyyəti olan dövlətimizdə bütün millətlərlə bərabər siz yəhudilər də gərək şəxs və gərək millət etibarilə əmin və amanda olub, rahət yaşayacağınızdan əmin ola bilərsiniz!
 


Ravin təkrar təşəkkür edərək bu sözlərin zatən haqlarında icra olunduğunu və hökuməti-məhəlliyədən razı olduqlarını söylədilər və "Yaşasın Müsavat!”, "Yaşasın Azərbaycan!” nidaları içində qonaqlar yollarına azim oldular. Yəhudi məhləsində qonaqların keçdiyi küçələrdə qaravul olaraq yəhudi milisləri görülməkdə idi”.

Göründüyü kimi M.Rəsulzadə bilavasitə özü Azərbaycanda yaşayan yəhudilərlə görüşüb, Türkiyə və Azərbaycanın onlar üçün ən təhlükəsiz yer olduğunu qeyd edib, inandıqları Tövratı Quran kimi səmavi kitab hesab edib.

Yəhudi istiqlalı

M.Rəsulzadə Cümhuriyyətdən öncə də yəhudi məsələsinə diqqət göstərib. 1915-ci il martın 22-də "İqbal” qəzetinin 892-ci sayında onun "Yəhudi istiqlalı” adlı məqaləsi dərc olunub. Rəsulzadə müharibənin başlaması ilə bir çox millətlər kimi yəhudilərdə də milli dövlət arzusunun gündəmə gəldiyini qeyd edib, Avstriya yəhudilərindən olan jurnalist Teodor Kirtelin 1896-cı ildə yazdığı kitabını şərh edib: "Bu kitabda mühərrir böyük bir imanla yəhudi istiqlalı haqqında bəyani-mütaliə edib Fələstində bir hökuməti-israiliyyə vücudə gətirilməsini təşviq edirdi”.
 


Rəsulzadə ardınca yəhudi dövləti fikrinin Avropa və Amerikada necə sürətlə yayılmasından və fikirdən əmələ keçməsindən bəhs edib: "Almaniya yəhudilərinə rəğmən Avstriya ilə sair məmləkətlərdə yaşayan yəhudilər, Amerikada bulunan musəvilər Kirtelin meydana atdığı fikri təqib etdilər və yəhudilərin yeni bir gözətləmələrilə doğru gətirən bu fikir tez bir zamanda Rusiya və Polşa yəhudiləri arasında külli tərəfdarlar qazana bildiyi kimi, sionizm təşkilatı da Amerika, Fransa və İngiltərə yəhudi sərvətdarlarının himayəsi ilə külli pullar toplaya bildi. Və haman yuxarıda zikr olunan vasitələrlə məqsədləri yolunda çalışmaya başladılar”.

Qısa zamanda yəhudilərin Fələstinə köçməsi, yəhudi bankirlərin bu köçü dəstəkləməsi nəticəsində kiçik bir yəhudi müstəmləkəsinin yarandığını qeyd edən Rəsulzadə bundan sonra da işin davam etdirildiyini bildirib:

"Fələstin yəhudilərinin məhsulunu Avropa bazarlarına apardılar. Yəhudi şərabı, yəhudi malı deyə reklamlar çıxardılar. Digər tərəfdən də Fələstin müstəmləkəsini məktəb şəbəkələri ilə doldurdular. İbtidai məktəblərlə bərabər yəhudi gimnaziyası belə təsis etdilər. Az zamanda Fələstində yəhudilərin ədədi yüzdə onu buldu. Osmanlı hökuməti dəxi sionistlərin bu təşəbbüsünə müqabil durmadı, kəndilərinə təzyiq etmədi. Böylə ki, türk hökumətiııdən gördükləri hüsni-münasibətə müqabil sionistlər son yığmlarının birində bütün dünya hökumətlərindən darğın və küskün olduqlarına dair qətnamə çıxarırkən, Türkiyənin yeganə ədalətpərvər və həqiqi insaniyyət dostu bir dövlət təşkil etdiyini məzkur qətnamələrində qeyd etdilər. Fələstindəki xristian və müsəlman ərəblər yəhudilərin bu hülulindən o qədər xoşlanmasalar da, zahirdə öylə böyük bir etirazında dəxi bulunmadılar”.
 


Rəsulzadə bu proseslərlər bərabər yəhudi siyasətçilərin və qəzetçilərin Avropa və Amerikada ictimai fikrə təsirindən bəhs edir, amma yəhudilərin bu təşkilatlanmasının hələ ki dövlətlə nəticələnəcəyinə şübhə etdiyini qeyd edir. Amma məqaləsinin başlığındakı əsas fikri bir daha sonda təkrarlayır: "Fəqət bütün bu təşəbbüslər bizə milli ruhun ölməz olduğu ilə milli istiqlal fikrinin sönməz bir nur, müqəddəs bir atəş olduğunu göstərir”.

Rəsulzadənin qeyd etdiyi bu şəxs məşhur yəhudi dövləti ideyasının müəllifi Theodor Herzldir. Bu ideyanın rüşeymləri o zaman qoyulsa da, yalnız 1948-ci ildə həyata keçdi.

Cümhuriyyətin işğalından sonra əsas xalqlarla yanaşı yəhudi xalqı da təzyiqlərə məruz qaldı. Bir müddət sonra onların fəaliyyətinə müəyyən icazələr verildi. Sovet Azərbaycanı dövründə Yəhudi İşçi Teatrı da fəaliyyət göstərib. Bu barədə növbəti yazımızda.

(Mənbə: Qaynarinfo.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook