SON XƏBƏR

Respublika Veteranlar Təşkilatının ümumi yığıncağı keçirildi - İlham Əliyevin prezidentliyə namizədliyi dəstəkləndi

Fevral 15
15:14 2018
14 fevral 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranlar Təşkilatında 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkiləri ilə bağlı Respublika Veteranlar Təşkilatının ümumi yığıncağı keçirilmişdir.
 
Tədbirdə "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin sədri Mehdi Mehdiyev, "Çernobıl Əlilləri İttifaqı” ictimai birliyinin sədri Mirhəsən Həsənov, Əfqanıstan veteranları ictimai birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, Füzuli Rzaquliyev, Azərbaycan Respublikası Beynəlmiləlçi əlil döyüşçülər fondunun prezidenti Sərraf Orucov, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri iştirak etmişlər.
 
Tədbir başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
 
Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov açmışdır. T.Ağahüseynov 2018-ci il aprel ayının 11-də Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi barədə məlumat verərək, veteranların bir qayda olaraq ölkədə keçirilən bütün seçkilərdə fəal olduqlarını bildirmiş, yenə də seçkiyə hazırlıq və seçki günü bu fəallığın yüksək səviyyədə olacağına əminliyini ifadə etmişdir. O, demişdir: "Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev artıq 15 ildir ki, Azərbaycan dövlətini inam və yüksək səriştə ilə idarə edir. Məhz onun bacarıqla apardığı düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın iqtisadi cəhətdən dinamik surətdə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkəsi kimi tanınır. Bütün sahələrdə ildən-ilə güclənən Azərbaycanın hərbi qüdrəti də artır və bu bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial durumunun yaxşılaşması, o cümlədən veteranlara göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə əldə olunan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Heydər oğlu Əliyevə səs verməyə ruhlandırır.”
 
Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov seçkilərlə əlaqədar Təşkilatın qarşısında duran vəzifələrdən, veteranların bu işdə daha yüksək fəallıq göstərmələrinin əhəmiyyətindən danışmışdır. Seçkilərdə iştirak və təbliğati işin təşkili ilə bağlı məsələlərdə yerli təşkilatlara lazımi köməkliyin göstərilməsinin, hamını səsvermə günü seçki məntəqələrinə gedərək vətəndaşlıq borcunu yerinə yetirməsinin vacibliyini qeyd edən C.Xəlilov demişdir: "Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görmüşdür. Onun imzaladığı dövlət proqramları və Sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Onlara prezident təqaüdünün verilməsi, hər il 9 May ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, veteran fəallarının orden və medallara layiq görülməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır. İlham Əliyev görkəmli dövlət adamı, ictimai xadimdir. Möhtərəm prezidentin münaqişə ilə bağlı ən yüksək kürsülərdən Azərbaycanın ədalətli və obyektiv mövqeni qətiyyətlə səsləndirməsi biz veteranları, Vətənin azadlığı uğrunda həlak olmuş əsgər və zabitlərin ailələrini hədsiz fərəhləndirir və torpaqlarımızın işğal altından qurtaracağına olan inamımızı daha da artırır.”
 
Veteranların layiqli namizədi olan Prezident İlham Əliyevin öz genişmiqyaslı fəaliyyəti və mühüm xidmətləri ilə bütün xalqımızın səsini qazanmağa haqq etdiyini vurğulayan C.Xəlilov seçki günü veteranların yenidən öz seçimlərinə sadiq qalacaqlarına əmin olduğunu bildirmişdir.
 
Digər çıxış edənlər də veteranların 11 aprel 2018-ci ildə hamılıqla İlham Heydər oğlu Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklərini qeyd etmiş və hamını seçki günü fəal olmağa  çağırmışlar.
 
Sonda Azərbaycan müharibə veteranları təşkilatlarının ümumi yığıncağının iştirakçıları adından Azərbaycan veteranlarına müraciət qəbul edilmişdir.
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook