SON XƏBƏR

Respublika Prezidentinin layiqli kadrı- Mübariz Əhmədzadə

Yanvar 16
11:00 2017
Bu gün dünyada baş verən qlobal iqtisadi böhrana, regional siyasi proseslərə baxmayaraq Azərbaycan sürətli inkişaf mərhələsindədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikasının iqtisadi dayanıqlığı və siyasi monolitliyi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər xalqın sosial rifah halının daha da yüksəldilməsini və xarici investorların ölkəyə cəlb olunmasını, habelə regionların müasirləşməsini bu uğurların kiçik bir hissəsi sanmaq olar. 
 
Respublika Prezidenti İlham Əliyev cənablarının əzmlə davam etdirdiyi iqtisadi uğurları və dövlətin qayğısını ölkənin bütün regionlarında hər bir vətəndaşa hiss etdirmək yerli məmurlardan, xüsusən də rayon icra hakimiyyəti başçılarından çox asılıdır. Bu həm də vətəndaşla dövlət və hakimiyyət arasında olan inam və sevgidən qaynaqlanan münasibətin daha da dərinləşməsinə gətirib çıxarır. Vəzifəli, səlahiyyətli şəxsin öz vəzifəsinə məsuliyyətlə yanaşması onun rəhbərlik etdiyi regionun, sahənin inkişafı, çiçəklənməsi deməkdir. Bu gün Azərbaycanın ən inkişaf etmiş, günü-gündən çiçəklənən rayonlarından biri də Zaqatala rayonudur.
 

 
Ölkənin ən strateji rayonlarından olan Zaqatalanın abadlaşması və iqtisadi inkişafı daim Respublika Prezidenti İlham Əliyev cənablarının etimadını doğruldan, tövsiyyə və tapşırıqlarını, göstərişlərini operativ və dəqiqliklə yerinə yetirən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin yorulmaz fəaliyyətinin, gərgin əməyinin və əlbəttə ki, xalqa, dövlətə, prezidentə olan sevgisinin nəticəsidir.
 
Prezident İlham Əliyev cənablarının Mübariz Əhmədzadəni Zaqatala rayonunun İcra Hakimiyyətinə başçı təyin etməsindən sonra burada bütün sahələrdə əsaslı işlər görülmüşdür. İyirmidən artıq millətin yaşadığı Zaqatala rayonu bu gün bütün dünyaya nümunə göstərilə biləcək tolerantlıq nümunəsidir. Rayonda yaşayan bütün azsaylı xalqlar yüzillərlə formalaşmış sənət, mədəni və dini ənənələrini qoruyub saxlaya bilir, onların bu adət-ənənələrinin inkişafı üçün dövlətin yürütdüyü multikultural siyasətə uyğun olaraq rayon rəhbərliyi də müvafiq köməkliklərini göstərirlər.
 
Sevindirici haldır ki, bu gün Mübariz Əhmədzadənin gərgin əməyi və zəhməti sayəsində Zaqatala rayonunda aparılan abadlıq və quruculuq işləri yüksək peşəkarlıqla davam etdirilir. Zaqatala bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdiyi ən qabaqcıl rayonlardan biridir. Zaqatalanın turizm məkanı olaraq inkişafı dövlətin büdcəsinin daha da artması ilə bərabər, həm də yerli əhalinin dolanışıq səviyyəsinin yaxşılaşdırılmasını təmin edir. Rayonda aparılan iqtisadi inkişafı bu gün hər bir zaqatalalı öz həyatında, məişətində hiss edir.
 
Mübariz Əhmədzadə Zaqatala rayonuna rəhbərliyə başladığı zamandan etibarən rayon əhalisinin qayğı, təklif və problemlərini birbaşa onların öz dilindən eşitmək üçün müntəzəm olaraq səyyar qəbul-görüşlər keçirir. İdarə və müəssisə rəhbərləri ilə birlikdə rayonun ən ucqar kəndlərinə gedərək əhalinin həyat səviyyəsi ilə maraqlanır, mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlarını verir. Vətənimizin müdafiəsi və azadlığı uğrunda iştirak edən insanlar da rayon rəhbərliyinin xüsusi diqqət mərkəzindədir. Buna ötən ilin aprel ayında erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olan zaqatalalı şəhid Rəvan Nurayevin ailəsinə rayonun Muxax kəndində ev tikilərək təqdim olunmağını örnək kimi göstərə bilərik.

 
 
Rayonda biznes mühitinin formalaşdırılmağı, iqtisadi potensialın artırılması və infrastrukturun yenilənməsi də Mübariz Əhmədzadənin diqqət mərkəzindədir. Məhz buna görədir ki, bu gün Zaqatala rayonunun iqtisadi həyatında yerli sahibkarlarla yanaşı, ölkənin müxtəlif yerlərindən gələn iş adamları da təmsil olunur.
 
Mübariz Əhmədzadənin xüsusi önəm verdiyi məsələlərdən biri də rayonda formalaşmaqda olan gəncliyin müasir təhsillə təmin olunması, onların xalqımızın milli – mənəvi dəyərlərini və ulu öndər Heydər Əliyevin siyasi məfkurəsini əxz etmələri istiqamətindədir. Bu yöndə rayon məktəbliləri ilə mütəmadi görüşlər keçirilir. Hər bir görüşdə gəncliyə vətənpərvərlik ruhu aşılanır.
 
Zaqatalada Respublika Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən daxili imkanlardan istifadə etməklə aztəminatlı, sosial vəziyyəti qənaətbəxş olmayan ailələrə də diqqət və qayşı göstərilir, onların işlə təmin olunması istiqamətində işlər aparılır.
 
Mübariz Əhmədzadə bütün fəaliyyəti dövründə hər an Respublika Prezidenti İlham Əliyevə və dövlətçiliyə sarsılmaz sədaqətilə seçilən şəxsiyyətlərdəndir. Yaşadığı zəngin və şərəfli həyatı boyu Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin siyasi ideologiyasının mətin əsgəri olmuşdur.
 
 
 
Mübariz Əhmədzadə bu gün də Zaqatalalılarla sıx ünsiyyətdə olaraq qayğısı olan hər bir zaqatalalını həssaslıqla dinləyir, onların problemlərinin həllinə yardımçı olur. 
 
Respublika prezidenti İlham Əliyevin cənablarının və bütün Zaqatalalıların inamını doğrultmuş Mübariz Əhmədzadə yaratdığı nümunəvi həmrəylik nəticəsində Zaqatala rayonu bu gün də yüksək dinamika ilə inkişafa davam edir. 
 
Redaksiyadan: Yanvar ayının 13-də Respublika Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Mübariz Əhmədzadə Respublikanın ictimai-siyasi həyatında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. 
 
Biz də Qlobal.az İnformasiya Portalı olaraq hörmətli Mübariz Əhmədzadəni təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook