SON XƏBƏR

Rəşad Həsənov: “Uçot dərəcəsinin 11 faizə endirilməsi manatın dəyər itirməyəcəyinin anonsu kimi də qiymətləndirilə bilər”

Aprel 10
12:33 2018
Mərkəzi Bank uçot dərəcəsini 11 faizə endirdi
 
Əgər ötən il hökumət iqtisadiyyatda pul kütləsini azaltmaq yolu ilə manatın məzənnəsini sabit saxlamağa çalışırdısa, indi əksinə, real sektoru canlandırmaq üçün dövriyyədəki pul kütləsini artırmaq istiqamətində addımlar atır. Məlum olduğu ki, bu ilin ilk 3 ayında pul bazası müəyyən qədər artıb. Bununla yanaşı, Mərkəzi Bank kreditləşmə prosesini sürətləndirmək məqsədi ilə daha bir addım artıb. Belə ki, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.
 
AMB İdarə Heyətinin sədri Elman Rüstəmov aprelin 9-da keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.  Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək.
 
Xatırladaq ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib. Bu il artıq ikinci dəfədir ki, AMB uçot dərəcələrini endirir və bununla da yumşaq pul siyasətinə keçməyə çalışır.
 
Bəs görəsən, Mərkəzi Bankın bu addımı iqtisadiyyata, xüsusən real sektorun inkişafına  necə təsir göstərəcək?
 
"Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, hazırda banklar kredit verməkdən çəkindiyi üçün uçot dərəcələrinin aşağı salınması elə də böyük bir reaksiya doğurmayacaq: "Bu il başlayandan artıq ikinci dəfədir ki, Mərkəzi Bank uçot dərəcələrini azaldır, bu isə müəyyən qədər yumşaq pul siyasətinə keçidin ilk addımları hesab oluna bilər. Ötən dövr ərzində manat bazasının az da olsa artımı müşahidə olundu. İndiki halda biz iqtisadiyyatda uçot dərəcəsinin azaldılmasının ciddi təsirlərini hiss etməyəcəyik. Çünki bu əslində normal situasiyalarda kredit siyasətinin təşviqinə hədəflənib. Ancaq bu gün banklar faktiki olaraq kredit verməkdə maraqlı deyillər. Bu gün bankların əlində 1,3-1,5 milyard manat arasında izafi vəsait olmasına baxmayaraq, banklar manatla kredit verməkdən, ümumiyyətlə kredit portfelinin  genişlənməsindən çəkinirlər. Bu da mövcud bazarda müşahidə edilən risklərdən qaynaqlanır”.

İqtisadçının sözlərinə görə, bu gün ölkənin bank sektorunda aşağı faizli pula ehtiyac yoxdur: "Bankların özlərinin artıq vəsaitləri var və həmin vəsaitləri işlədə bilmirlər. Uçot siyasəti daha çox ona yönəldilməlidir ki, uçot dərəcəsinin azaldılması ölkədə kredit faizlərinin azalmasına gətirib çıxarır. Bu da son nəticədə kreditləşmə prosesini təşviq etməklə bazarda pul kütləsini artırır və iqtisadiyyatı canlandırır. Ancaq bugünkü bazar konyukturu bu istiqamətdə inkişaf etmədiyi üçün mən düşünmürəm ki, Mərkəzi Bank uçot dərəcəsini azaltmaqla prosesə ciddi təsir edə biləcək.  Onu da  nəzərə almaq lazımdır ki, AMB-nin bankların kapitalında birbaşa iştirakçılığı da məhduddur. Bugünkü vəziyyətdə bankların buna ciddi ehtiyacı da yoxdur. Ancaq normal şərtlər daxilində bu baş versəydi, kreditləşmə istiqamətdində müəyyən müsbət təsirlərə gətirib çıxara bilərdi”.
 
R.Həsənovun sözlərinə görə, AMB-nin uçot dərəcəsini azaltması ilə bağlı qərarı həm də növbəti aylarda manatın dəyər itirməyəcəyi ilə bağlı verilmiş bir anons kimi də qiymətləndirilə bilər: "Növbəti aylarda faiz dərəcələri daha da azala bilər. Bu  da sözügedən  istiqamətdə müşahidə edilən maraq səviyyəsinin azalmasına, gələcəkdə bankların alternativ kredit alətlərindən istifadəsi və vəsaitləri real bazarda yerləşdirməsinə yönəldə bilər. Ancaq bu, qısamüddətli deyil, yalnız uzunmüddətli dövrdə real ola bilər. Xüsusilə o halda ki, hökumət probremli kreditlərin həlli ilə bağlı real addımlar atsın. Ümumilikdə isə bu, pul siyasətinin yumşaldılması yolu ilə iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş bir addım kimi qiymətləndirilir. Bu addımın atılması son günlərdə Azərbaycanda daha çox müzakirə edilən məzənnə ilə bağlı növbəti dövr üçün risklərin olması ehtimalını müəyyən qədər zəiflədir. Çünki Mərkəzi Bank bu gün qərar qəbul edibsə, gələcək aylarda gözlənilən riskləri qiymətləndirib. Əgər manatın dəyərdən düşməsi ehtimalı olsaydı, o zaman Mərkəzi Bank uçot dərəcəsinin azaldılması qərarını qəbul etməzdi. Əgər bu qərarı qəbul edibsə, deməli, risklər ictimaiyyəti narahat edən səviyyədə  deyil, daha aşağı səviyyədədir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook