SON XƏBƏR

Redaksiyalar ev almaq istəyən jurnalistlərin siyahısını müəyyənləşdiriblər

May 23
10:12 2017
Rəşad Məcid: "Mübahisə düşmədi, hər şey kriteriyalara uyğun müəyyənləşdi”; Aynur Camal: "3 saytımız var, qaydaya uyğun olaraq, hər saytın adından 3 namizəd verəcəyik”
 
Bakının Bibiheybət qəsəbəsində jurnalistlərə tikilən yeni yaşayış binasında mənzillərin verilməsi qaydaları və şərtləri açıqlanıb. Mayın 16-da bununla bağlı keçirilən tədbirdə bildirilib ki, ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilər.

Şərtlərə əsasən, televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytlar 3 namizəd müəyyənləşdirə bilərlər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
KİV-lər ümumi iclas çağırmalı, komissiyanın şərtlərinə uyğun namizədlərini müəyyənləşdirməli, komissiyaya təqdimat verməlidir (möhürlü və imzalı).

Adları Mətbuat Şurasının "qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.

Göstərilən sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim olunmalıdır. Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir. Bina 255 mənzillidir. Prezident İlham Əliyevin sərəncamları ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna tikinti üçün dövlət büdcəsindən üst-üstə 16 milyon manat ayrılıb.

156 mənzilli ilk bina 4 il əvvəl Azərbaycan Jurnalistikası Günü mətbuat işçilərinə təqdim olunub.

Bu isə o deməkdir ki, artıq redaksiyalarda iddialı jurnalistlərlə bağlı siyahıların tərtib olunmasına başlanılıb. "Yeni Müsavat” bəzi redaksiyalarla əlaqə saxlayaraq, ordakı durumu öyrənib. Siyahılar müəyyənləşibmi? Hər redaksiyanın siyahısında neçə nəfər var?

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, siyahı təxminən bilinir. Onun sözlərinə görə, qəzetin kollektivi kəskin rəqabət yaradacaq qədər böyük deyil: "10-20 ildən artıq stajı olan işçilər var. Narazılıq olmayacaq. 6 nəfər kriteriyalara uyğun jurnalistləri təqdim edəcəyik. Bu günlərdə fondun nümayəndəsinin iştirakı ilə iclas keçiriləcək”.


Müsahibimiz dedi ki, redaksiyanın siyahısında ümumən 6 nəfər var. Baş yazar siyahının tərtib olunmasında hər hansı çətinliklə üzləşmədiklərini dedi: "Kollektivdə daha çox gənclər var. O baxımdan kriteriyalara uyğun gələnlərin kimlyi onsuz da bəllidir”.

"Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal da bildirdi ki, onlar siyahını təxmini müəyyən ediblər və artıq müraciətləri hazırlayırlar: "Hazırlıq prosesi gedir. Çalışırıq ki, ən çox ehtiyacı olanların adı siyahıda öz əksini tapsın. Siyahının tərtib olunmasında heç bir çətinliyimiz olmadı. Çünki artıq neçə illərdir ki, bir yerdə çalışırıq. Hər kəsin problemlərini, imkanlarını bilirəm”. 


A.Camal rəhbərlik etdiyi media orqanlarından daha çox insanın adını siyahıya daxil etmək istədiklərini desə də, reallığı anladıqlarını da vurğuladı: "3 saytımız var. Qaydaya uyğun olaraq, hər saytın adından 3 namizəd verəcəyik, yəni, ümumilikdə 9 nəfər. Amma reallığı anlayırıq. Cəmi 255 mənzildir. Müraciətlər isə bildiyimiz kimi, həddən ziyadədir. Yəni 255 mənzilin bu qədər iddiaçı arasında bölüşdürülməsinin necə çətin olduğunu anlayırıq. Amma inanırıq ki, ötən dəfə olduğu kimi, yenə də ən ədalətli qərarlar veriləcək. Ən çox haqqı çatan və ən çox ehtiyacı olan həmkarlarımız evlə təmin olunacaq. Bu, elə bir məsələdir ki, şəxsən mənim üçün mənim əməkdaşım, yaxud digər saytın, qəzetin əməkdaşı söhbəti yoxdur. Harda işləməsindən asılı olmayaraq, hansı həmkarımızın mənzil şəraiti yaxşılaşacaqsa, buna sevinəcəyik”.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook