Rauf Əliyev: Bədii Gimnastika üzrə Bakıda keçirilən 37-ci Dünya çempionatı uğurla başa çatdı
Sentyabr 24
00:54
2019
"Bakı şəhərində 16-22 sentyabr tarixlərində keçirilən Gimnastika üzrə 37-ci Dünya Çempionatı uğurla başa çatdı. 61 ölkəni təmsil edən 300-dən çox gimnast həm Dünya birinciliyi həm də 32-ci Yay Olimpiya Oyunlarına lisenziya uğurunda mübarizə aparmışlar. Azərbaycan Respublikasının I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Dünya birinciliyi çox yüksək səviyyədə təşkil olunmuşdu”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
"Gimnastlarımız bu çempionatda uğurla çıxış edərək 32-ci Yay Olimpiya Oyunlarına lisenziya qazanmışlar. Gimnastika sahəsində əldə olunan uğurlarımız Azərbaycanın I vitse-Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində respublikamızda idmanın bu növü üçün lazım olan, dünya standartlarına cavab verən maddi-texniki baza yaradılmış və Azərbaycanda gimnastika sürətlə inkişaf etmişdir. Azərbaycan gimnastları iştirak etdikləri bütün yarışlarda yüksək nəticələr əldə edirlər. İnanırıq ki, Gimnastika üzrə milli komandamız bundan sonra da yarışlarda uğurla iştirak edəcəklər və 2020-ci ildə Tokioda keçiriləcək 32-ci Yay Olimpya Oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklər”-deyə, R.Əliyev vurğulayıb.