SON XƏBƏR

Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir

Avqust 20
10:50 2019
"Azərbaycan o dövlətlərdəndir ki, özünün məqsədyönlü siyasətində heç vaxt populizmə yer vermir, inkişaf modelini konseptual baxımdan ciddi şəkildə əsaslandırılmış praqmatik yanaşmalar əsasında qurur. Bu baxımdan icrası 2019-cu ilin əvvəlindən aktiv fazaya daxil olan sosial islahatlar paketi də istisna deyil. Respublikamızda 2019-cu ilin əvvəlindən böyük sosial paketin icrasına start verilməsi və hazırda dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla sosial islahatların yeni mərhələsinə başlanılması üçün zəruri iqtisadi və maliyyə əsasları təmin edilib”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, ölkənin iqtisadi qüdrətinin artırılması və sosial məsələlərin adekvat şəkildə həll edilməsi istiqamətində görülən işlər paralel şəkildə həyata keçirilir və bir-birini tamamlayır. Bu da Azərbaycanı unikal sosial-iqtisadi inkişaf modelinə malik ölkə kimi səciyyələndirir. Bütövlükdə, respublikamızda iqtisadi inkişafın yaratdığı imkanlardan, milli gəlirdən cəmiyyətin bütün təbəqələri bəhrələnirlər.

Deputat vurğulayıb ki, cari ilin əvvəlindən respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri nəticəsində milli iqtisadiyyatımızda son illərin ən yaxşı göstəricilərinə nail olunub. Təkcə 2019-cu ilin birinci yarısında büdcə daxilolmaları 400 milyon manat civarında olub. Öz növbəsində büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb.

"Qazanılan əlavə gəlirlər isə ilk növbədə ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına yönəldilir. İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən vətəndaşların sosial təminatını əhəmiyyətli dərəcədə möhkəmləndirib. Əlavə gəlirlərin ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha təsdiqləyir”-deyə, R.Əliyev vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook