SON XƏBƏR

Ramiz Mehdiyevə MƏKTUB- Özünüzü də, bizi də onların əlindən qurtarmağın vaxtı çatmayıbmı?..

Sentyabr 09
10:50 2016
Bakı şəhəri, Zərgərpalan küçəsi, dalan 7, ev 2 ünvanında sökülmüş mülkün sahibləri olan Atakişiyevlər ailəsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə açıq məktub yazıb. Atakişiteva Şəhla Cəbrayıl qızının imzası ilə Qaynarinfo.Az-a daxil olan məktubda bildirilir ki, bu günə qədər etdikləri müraciətlər Ramiz Mehdiyevə çatdırıdlmayıb. Məktubu təqdim edirik:

"Prezident Administrasiyasına 01.09.2016-cı il tarixində daxil olan məktubumuzu digər müraciətlərimiz kimi Sizə çatdırmayıblar, çünki aparatın qəbul şöbəsində işləyən şəxslərin məqsədləri ədaləti bərpa etmək yox, bizim kimi haqlı insanların şikayət etdikləri məmurları Sizin qəzəbinizdən qorumaqdır. Bu şikayətlərin Sizdən xəbərsiz birbaşa elə həmin qanunu pozmuş məmurlara göndərilməsi özü elə qanun pozuntusudur ki, bu da öz növbəsində məmur özbaşınalığına və insanların ölkə rəhbərliyinə inamsızlığına gətirib çıxarır.  Möhtərəm Ulu öndər belə insanlar haqqında demişdir: "Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır".

Məmurların qoyduqları bu səddi qırmaq heç cür mümkün olmadığı üçün Sizə açıq məktubla müraciət etmək məcburiyyətindəyik.

Məsələ ondadır ki,  bizim yeganə mirasımız, nəslimizə məxsus, Bakı şəhəri Zərgərpalan küçəsi, dalan 7, ev 2 ünvanında (Nizami metrosunun küçəsi) ulu babamın 1905-ci ildə öz vəsaiti hesabına tikdirdiyi normal 3 mərtəbəli mülk alqı-satqı edilmədən, məhkəmə qətnaməsi olmadan, Konstitusiya və qanunlara məhəl qoyulmadan, Nazirlər Kabinetinin "Torpağın alınmasını zəruri edən dövlət ehtiyaclarının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə”  11.11.2015-ci il tarixli 358 saylı qərarını əsas gətirərək,  24 iyul 2016-cı il tarixdə  polis, təhdid və ağır texnikadan istifadə etməklə başımıza uçuruldu, 12 nəfər ailə üzvü küçəyə atıldı. 

Biz Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında AR Qanununa, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" AR Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanına, 05 iyun 2012-ci il tarixli AR Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında AR  Qanununa (maddə 246-249), AR Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanına , AR Torpaq Məcəlləsinə (maddə 4;46;50.1), AR Mülki Məcəlləsinə (maddə 178.6;179.2) əsaslanaraq, sökülmüş şəxsi mülkümüz üçün Qanunun 47-ci maddəsinə əsasən hesablanmış kompensasiya ilə bağlı tələbi 11 avqust 2016-cı il tarixdə  Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə,Yasamal rayon İcra Hakimiyyətində yaradılmış köçürmə komissiyasına təqdim etmişik və Qanunun 67-ci maddəsinə əsasən veriləcək kompensasiya iddia edilən kompensasiya məbləğindən az olduqda məbləğın azaldılmasının səbəblərini göstərmələrini xahiş etmişik.

Maliyyə Nazirliyində cənab Samir Şərifovun və digər səlahiyyətli şəxslərin, Nazirlər Kakinetində tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri Şahin Salahovun, Yasamal rayon İcra Hakimiyyətində yaradılmış köçürmə komissiyasının sədri Səməd İslamovun və Cavanşir Yusifovun qəbulunda olmuşuq. Tələbin qanunauyğun olduğunu inkar etməyən bu məmurlardan aldığımız cavab ancaq bundan ibarət oldu: "Qanunlar bizi maraqlandırmır, bizə nə göstəriş verilibsə, onunla işləyirik. Gedin, məhkəməyə müraciət edin.” Deyəndə ki, bu qanunlar icra üçün sizə tapşırılıb, deyirlər ki, təxribatçı danışmayın. Məgər 110 ildən çox sahib olduğumuz  mirasın haqqını tələb etmək təxribatçılıqdır?  32 yaşında 6 uşaqla - 5 bacı ,1 qardaşla sahibsiz qalan, namusla, qeyrətlə balalarını böyütməyə çalışan, amma xəstəlik ucbatından çox erkən dünyasını dəyişən anam bu mirası bizə həm yemək, həm geymək, həm təhsil almaq, yəni edə bilmədiyi hər şey üçün əmanət qoyub getmişdi.

Uzun müddət ərzində yazdığımız çoxsaylı müraciətlərin hamısı baxılmaq üçün Yasamal Icra Hakimiyyətinə və Maliyyə Nazirliyinin nümayəndəsi Cavanşir Yusifova göndərilmişdir, onlar da öz növbəsində "sovetski” ilə bağlı məsələlərdə özlərini yeganə söz sahibi hesab edərək, məsələnin ədalətli həlli üçün heç bir cəhd göstərməmişlər. 

4-5 aylıq mücadiləmizin fayda vermədiyini görəndə və bizi yox, hətta qanunu müdafiə edən bir nəfər tapmayanda əlimiz hər yerdən üzüldü, qanunlara əsaslanaraq hesablanmış kompensasiyanın əvəzinə, küçədə qaldığımız və köçürmə komissiyası  tərəfindən təhdid olunduğumuz üçün 26 avqust 2016-cı il tarixində onun ancaq 35 %-i ilə razılaşmaq məcburiyyətində qaldıq. Amma bu pula evdən çıxarılmış 3 ailə üçün ev almaq və digər varislərin də payını vermək qeyri-mümkündür.

Hörmətli Ramiz müəllim!

AR qanunlarına əsaslanaraq hesablanmış kompensasiya ilə bağlı sənədləri Sizə göndərmişdik ki, qanundan kənar bir qəpik belə hesablanmadığına şahid olasınız və Allah-təalanın qorunmasını vacib saydığı qul və yetim  haqqını müdafiə edəsiniz, yəni yerdə qalan qanuni hesablanmış  kompensasiya məbləğinin sahiblərinə verilməsi  üçün köməklik göstərəsiniz.  Əfsuslar olsun ki, bu məmur qoşunu nə Azərbaycan qanunlarına, nə dövlət rəhbərliyinə, nə də Allah-təalanın bütün insanlıq üçün qoyduğu qanunlara əhəmiyyət vermir. İndi biz Sizdən soruşuruq, əgər bizim, məmurların əlindən imdad gətirdiyimiz Prezident aparatı da problemlərə bu azğınlaşmış məmurların gözü ilə baxacaqsa və xalq  Allah-təaladan başqa şikayət edəcək yer tapmayacaqsa, vəzifə borclarını başa düşməyən bu məmurlarla dövləti necə ədalətli idarə etmək olar? Özünüzü də, bizi də onların əlindən qurtarmağın vaxtı çatmayıbmı? Sizin düşdüyümüz bu çətin durumda ədalətli qərarınıza böyük ehtiyacımız var.

Allah yar və yardımçınız olsun. O həmişə eşidən və hər şeyi biləndir. Allahu-Əkbər!
 
Atakişiyeva Şəhla Cəbrayıl qızı

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook