SON XƏBƏR

Ramiz Cəbrayılov: "Dövlətimiz və xalqımız bu mərhələdən üzüağ, alnıaçıq çıxacaq"

İyul 09
17:16 2018
Dünyəvi siyasi modellə inkişaf edən Azərbaycanı bu yoldan nəinki hansısa bir güllə, ölkəmizə düşmən kəsilmiş heç bir siyasi qüvvə, terror təşkilatları dayandıra bilməz.
 
 
Dünyada və eləcə də yaxın regionda aparılan müharibə və münaqişələrə rəğmən Azərbaycan Respublikası daim sabit və əminamanlıqla dinamik inkişafa davam edibdir.
 
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən bu siyasət bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Ancaq görünür, bu, dövlətimizi qüdrətli görmək istəməyən, müasir dünyanın bir parçasına çevrilən Azərbaycanı orta əsrlərin qaranlıq girdabına soxmaq istəyən qüvvələri bir an da olsun rahat buraxmır. Bu ayın 3-də siyasi-mədəni tariximizdə mühüm yer tutan, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən sui-qəsd bir daha onu göstərdi ki, biz dünyəvi yolla irəliləyən dövlət olaraq hələ də düşmənlərimizin nifrətinin hədəfindəyik.

Əlbəttə, Gəncədə şəhər İcra Hakimiyyətinin başçısına atılan güllənin hədəfinin Azərbaycanın siyasi modelinə, iqtisadi inkişafına, Prezidentimizin yürütdüyü müstəqil və ləyaqətli siyasətə atılan güllə olduğunu vətənini sevən hər bir vətəndaş bilir. Ölkəmizin son illər regionda əsaslı söz sahibinə çevrildiyini, imzası olmadan regionda heç bir layihənin reallaşa bilməyəciyini dərk edən məkrli düşmənlər hər bir vəchlə bizi ulu öndərimizin cızdığı müqəddəs amaldan sapındırmaq istəyir.

Gəncədə baş verən hadisəni törədən şəxsin kimliyi, onun həyat fəlsəfəsinin mahiyyəti də onu göstərir ki, Azərbaycanı cahil, viranə görmək istəyənlər təəssüflər olsun içimizdə də var. Düzdür, bu şəxsin ata nənəsi yüz illərdir vətənimizə qənim kəsilən, torpaqlarımız hesabına özlərinə marginal dövlət qurmuş ermənilərdəndir. Konkret olaraq qeyd edim ki, Elmar Vəliyevə qarşı sui-qəsd aktı törətmiş Yunis Səfərovun ata nənəsi Daşkəsən rayonunun Daşkəsən qəsəbəsində yaşamış Karapetyan Svetlana Akopovnadır. Bu bir daha erməni qanının, xislətinin nə qədər xarab olduğunu göstərir.
 
Xalqımızın, dövlətimizin tarixinə Cavad xan kimi mübariz, mətin, vətən, torpaq uğrunda işğalçılara qarşı son damla qanına, son nəfəsinədək döyüşən, qəhramanlıqla həlak olan siyasi xadim, Nizami Gəncəvi kimi mədəniyyətimizi zənginləşdirən düha vermiş qədim Gəncəni bu gün düşmənlər qan çanağına döndərmək istəyir. Bir neçə il bundan öncə doğma və müqəddəs vətənini, əzizlərini sataraq düşmən Ermənistana sığınan Zabil Məhərrəmov kimi düşmənlər bu gün sosial şəbəkələr vasitəsilə Azərbaycanda ictimai sabitliyi pozmaq istəyir...

Uzun illərdən bəri müşahidələrimə və eləcə də reallığa nəzər yetirəndə görürürk ki, Elmar Vəliyev işgüzar icra başçılarından olub. Onun 2004-2011-ci illərdə Yevlax rayonunda, həmçinin 2011-ci ildən indiyədək Gəncədə İcra Hakimiyyətinin başçısı işlədiyi zaman apardığı geniş miqyaslı və əsaslı abadlıq-quruculuq işləri, yeni tikintilər saysız-hesabsızdır. Bu gün Qarabağ, Gəncəbasar, Gürcüstan istiqamətinə gedən hər bir kəs Yevlax rayonunun girişində Kür çayının sahilində tikinlən müasir, zövqlü Bulvar Kompleksinin gözəlliyini görməyə bilmir. Keçmiş Sovet hökuməti dağıldıqdan sonra Yevlax nimdaşlıqdan, xarabalıqdan məhz Elmar Vəliyevin rəhbərliyi dövründə çıxdı. Əlbəttə, bu uğur həm də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğıqı nəticəsində əldə olundu. Ancaq unutmayaq ki, möhtərəm prezidentimiz bu diqqət və qayğını hər bir icra başçısına göstərir. 
 
Azərbaycan müstəqilliyin ilk illərində də, müstəqillikdən sonra da ciddi sınaqlardan, mərhələlərdən üzüağ çıxdı. O zaman dövlətimizi xaosun girdabından, səfalətdən, məhv olmaqdan ulu öndərimiz Heydər Əliyev xilas etdi.
 
Bu gün də nə yaxşı ki, dövlətimizin başında müdrik siyasətçi, Heydər Əliyev siyasi ideologiyasının layiqli davamçısı İlham Əliyev var.
 
Deməli, bu dəfə də dövlətimiz və xalqımız bu mərhələdən üzüağ, alnıaçıq çıxacaq!
 
Bizlərin üzərinə düşən vətəndaşlıq borcu isə belə anlarda dövlətimizin və bayrağımızın ətrafında yumruq təki bir olub xain düşmənlərə qarşı mübarizə aparmaqdır!
 
Ramiz Cəbrayılov, 
Laçın rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook