SON XƏBƏR

Radikalların Avropada güclənməsi dünyaya nə vəd edir...

Aprel 25
10:04 2017
Elçin Mirzəbəyli: "Prosesin faşizmin geri qayıtması kimi təhlükəli bir tendensiyaya qədər inkişaf edəcəyini düşünmürəm”
 
Son illərdə Avropada radikal siyasi qüvvələrin gücləndiyi, onların tərəfdarlarının sayının sürətlə artdığı müşahidə olunur. Xüsusilə Avropanın qabaqcıl ölkələrindəki seçkilərdə bir-birinin ardınca radikalların qalibiyyətləri potensial təhlükələrdən xəbər verir. Artıq dünya bununla bağlı həyəcan təbili çalmaqdadır.
Son olaraq, Fransada aprelin 23-də keçirilən prezident seçkilərində radikal qüvvələrin nə qədər təhlükəli hala gəldikləri, nüfuzlarının artdığı açıq şəkildə göründü. Belə ki, seçkilərdə iştirak edən sağ radikalların lideri Marin Le Penin ikinci yeri tutması və ilk sırada qərarlaşan Emmanuel Makrondan yalnız iki faiz geri qalması, onun ikinci tura keçməsi Fransada bu qüvvələrin hakimiyyətin bir addımlığında olduqlarını göstərdi. Amerikada, habelə Almaniya, Böyük Britaniya kimi öndə olan Avropa dövlətlərində də radikalların sürətlə gücləndiklərini demək olar. Ekspertlər bildirirlər ki, prosesin bu şəkildə davam etməsi sonunda dünya üçün fəlakətlərlə sonuclana bilər. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, XX əsrin 30-40-cı illərində radikalların nüfuzunun artması sonucda faşizmin tüğyan etdiyi Adolf Hitler Almaniyasının başlatdığı, milyonlarla insanın həyatına bais olan II Dünya müharibəsi baş vermişdi. O vaxtlar da radikalizm indiki kimi Avropanın ən qabaqcılıq ölkələri olan Almaniya və İtaliyada güclənmiş və nəticədə məlum müharibə baş vermişdi. Müasir dövrdə radikalizmin dünyada güclənməsinin heç də xoş olmayan nəticələr vəd etdiyi vurğulanır...

Politoloq Elçin Mirzəbəyli radikal cərəyanların güclənməsinin Amerika və müttəfiqlərinin apardıqları siyasətlə bağlı olduğunu düşünür: "Radikal cərəyanların xüsusilə də bəzi Avropa ölkələrində güclənməsi ABŞ və müttəfiqlərinin Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində həyata keçirdiyi geosiyasi layihələr, bu layihələrin əsaslandırılması üçün aparılan təbliğat, terrorizm və miqrant problemləri ilə bağlıdır. İraq kampaniyası, ”ərəb baharı" və digər bu kimi layihələrə büdcə vəsaitlərinin xərclənməsinə haqq qazandırmaq istəyən Qərb siyasətçilərinin radikal dini və milli çağırışları, islamafob davranışları öz "bəhrəsini” verdi və nəticədə İslamı öz təhlükəsizliklərinə əsas təhdid kimi görən avropalılar radikal siyasi təşkilatları dəstəkləməyə üstünlük verdilər. Digər tərəfdən, radikal meyllərin güclənməsi miqrantların Avropa ölkələrindən və Amerikadan çıxarılması, həmçinin davam etməkdə olan Şərq kampaniyasının dəstəklənməsi üçün istifadə olunan texnologiya kimi də qəbul edilə bilər. Hər halda, artıq avropalıların özləri də etiraf edirlər ki, aşırı radikallıq onların özü üçün də ciddi fəsadlara, hətta Avropa İttifaqının dağılmasına zəmin yarada bilər".

Politoloq gedən proseslərin faşizmin geri qayıtması kimi qəbul olunmasının əleyhinədir: "Prosesin faşizmin geri qayıtması kimi təhlükəli bir tendensiyaya qədər inkişaf edəcəyini düşünmürəm. Hər halda, artıq avropalıların özləri də etiraf edirlər ki, aşırı radikallıq onların özləri üçün də ciddi fəsadlara, hətta Avropa İttifaqının dağılmasına zəmin yarada bilər. İslamafobiya və ksenofobiya bir həddə kimi Qərbi ”İslam təhlükəsi" faktoru qarşısında birləşdirə bilər. Amma bu prosesin Avropa dövlətləri arasındakı münasibətlərə keçəcəyini heç kim istisna etmir. Diqqətdən kənarda da qalsa, İngiltərə və Fransa arasındakı 100 illik müharibə hələ də unudulmayıb. Bir fransızın ingilis, bir ingilisin isə fransız dilində danışması çox böyük tolerantlıq nümunəsi kimi qəbul oluna bilər. Bu faktın dəfələrlə şahidi olmuşam. Avropada belə problemlər çoxdur. Elə Avropa İttifaqının ürəyi sayılan Belçikada flomanlar, fransızlar və almanlar arasındakı münasibətləri təhlil etsək, problemin nə qədər ciddi olacağını müəyyənləşdirmək olar. Bu baxımdan, prosesin faşizm səviyyəsinə qədər inkişaf edəcəyini düşünmürəm. Faşizm Avropanın məhv olması deməkdir. Əgər dünya müharibəsi indiki lokal müstəvidən qlobal müstəviyə keçərsə, bəşəriyyəti heç nə xilas edə bilməz. Bu gün dünyada baş verən proseslərin ideoloji amillərə heç bir aidiyyəti yoxdur. İdeologiya, sadəcə, kütləni idarə etmək, istiqamətləndirmək üçün bir vasitədir. Qlobal qarşıdurmalar isə geosiyasi və geoiqtisadi maraqlar, enerji resursları və nəqliyyat dəhlizləri üzərində nəzarət müstəvisində baş verir".

E.Mirzəbəyli radikalizmin təhlükəli olduğunu da qeyd etdi: "Radikalizm təhlükəli tendensiyadır, istər fərdlər, istər siyasi təşkilatlar, istərsə də dövlətlər səviyyəsində. Radikalizmin dövlət siyasətinə yol tapması kütləvi psixoza səbəb olur. Bütövlükdə radikal təfəkkür xəstə, inkişafdan qalan, yeniliyə meylli olmayan təfəkkürdür. Avropa bu təhlükədən keçib və düşünürəm ki, bir daha geri qayıtmayacaq. İndiki radikalizm idarə olunan radikalizmdir. Baş verənləri faşizm Almaniyası zamanındakı kütləvi ideoloji psixozla əlaqələndirməzdim. Dünya çox inkişaf edib. Rabitə və informasiya texnologiyaları dünyanı bir ovucda cəmləşdirib. Yəni hansısa radikal rüşeymin bu və ya digər dövlətin bətnində rahatca böyüməsi mümkün deyil. Bu rüşeymi elə bətndəcə boğmağa milyonlarla əllər uzana bilər. Zənnimcə, radikalizm, sadəcə, siyasi texnologiya vasitəsi kimi mövcud olacaq. Ehtiyac duyulduqda müəyyən qədər qabardılacaq, duyulmadıqda isə unudulacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook