SON XƏBƏR

"Rabitə işi" ilə bağlı məhkəmədə Vidadi Zeynalovu və digərlərini təhqir etdilər

Mart 17
14:21 2017
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinə təqsirləndirilənlərdən "Təmir Təchizat Servis” MMC-nin direktoru olmuş Bayram Vəliyev xərəkdə gətirilib. O, uzanıqlı vəziyyətdə prosesin gedişini izləyib.

B.Vəliyevin vəkili çıxış edərək deyib ki, zəruri olmasına baxmayaraq müvəkkilinə ixtisaslaşmış tibbi yardım göstərilmir: "Bayram Vəliyevin sinir sistemi ilə bağlı ciddi problemi var. Ona əvvəl ağrıkəsici iynələr vurulurdu. Ancaq indi həmin iynələr də təsir etmir. Adam əzab çəkir. Təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini yerinə yetirə bilmir. Xahiş edirik ki, onun barəsində olan həbs-qətimkan tədbiri dəyişdirilsin və o, bu əzablardan qurtulsun".

Məhkəmədə B.Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. Bundan sonra vəkil məhkəmə heyyətinə etiraz edib. Vəkil bildirib ki, təqdirləndirilən şəxsin bu vəziyyətdə olduğu halda məhkəmənin davam etdirilməsi qanunsuzdur: "Bayram Vəliyev hüquq və vəzifələrini yerinə yetirə bilmir. Çıxış edə bilmir. Prosesdə iştirak edə bilmir".

Digər təqsirləndirilən şəxslər isə vəsatətə münasibət bildirərkən məhkəmənin mülahizəsinə buraxdıqlarını deyiblər. Vidadi Zeynalov və digərlərinin vəsatəti müdafiə etməməsi Bayram Vəliyevi qəzəbləndirib. B.Vəliyev onların hamısını təhqir edib.

"Onlar bu etirazı niyə qəbul etmir? Çünki onlar günahkardır. Hamısı şərəfsiz və qeyrətsizdirlər" - deyən B.Vəliyev daha ağır təhqiredici ifadələr işlədib.

Məhkəmə vəsatəti təmin etməyib.

Nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vəkili Bəylər Məmişov da vəsatətlə çıxış edib. O, bildirib ki, ittiham aktı 2009-2015-ci illərdə baş verən hadisələri əhatə edir. Vəkil qeyd edib ki, Vidadi Zeynalovun olduğu iddia edilən 67 əmlaka həbs qoyulub. B.Məmişov qeyd edib ki, həmin əmlaklardan cəmi ikisi Vidadi Zeynalovun mülkiyyətindədir.

"Həmin mülklərdən biri də ittihamın əhatə etdiyi dövrdən xeyli əvvəl alınıb. Oğlunun adlna isə qeyri-yaşayış binası var. Həmin mülkdə 2004-cü ildə alınıb. Həmin ev də bankda girovdadır. Bir neçə rayonda olan torpaq sahələri var ki, onlar dövlətin mülkiyyətindədir. Həmin torpaqların Vidadi Zeynalova aidiyyəti yoxdur" - deyən vəkil bildirib ki, bu, vətəndaşın mülkiyyət hüququn pozulmasıdır. Vəkil Vidadi Zeynalovun adına olan və üzərinə həbs qoyulmuş əmlakların satılaraq dəymiş zərərin ödənilməsi məqsədi ilə həbs qərarın götürülməsini istəyib.

Təqsirləndirilən şəxslərdən Namazalı Məmmədov və Anar Mustafayevin vəkilləri vəsatətlə çıxış edərək yenidən ekspertiza keçirilməsini, ittihamda qeyd edilən mənimsənildiyi deyilən məbləğləri yazan ekspertlərin yenidən dindirilməsini istəyiblər. Bu vəsatət baxılmamış saxlanılıb.

Növbəti məhkəmə prosesi martın 29-da baş tutacaq.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook