SON XƏBƏR

Qusarda "Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda tədbir keçirilib

Oktyabr 12
12:28 2018
Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. 

Layihə çərçivəsində növbəti tədbir Qusar rayonu Gənclər Evində keçirilmişdir. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Qlıçova, "AZSIĞORTA”ASC-nin əməkdaşı Ramin Cəfərov, "ATASIĞORTA” ASC-nin əməkdaşı Ədalət Həbibov, bələdiyyə sədrləri, sahibkarlar və fermerlər iştirak etdilər. Tədbir çərçivəsində biznes fəaliyyətinin müxtəlif halqalarında (istehsal, transport və ixrac) risklər haqqında maarifləndirici təqdimat keçirildi. 

Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru, məqsədi və qarşıya qoyulan vəzifələr haqda məlumat verdi. 
Layihənin eksperti Rəşad Həsənov aqrar sığortanın yeni sosial-iqtisadi çağırışlar fonunda əhəmiyyəti, mövcud vəziyyət, sığorta sahəsində ortaya çıxan çətinliklər, beynəlxalq təcrübədə kənd təsərüfatı fəaliyyətinin sığortalanması və maliyyə təminatının gücləndirilməsi kimi məsələlər haqqında geniş təqdimatla çıxış etdi. Təqdimatın sonunda Rəşad Həsənov Azərbaycanda aqrar sığorta sisteminin təkmilləşdirilməsi, praktikiliyi və əlaçatanlığı məqsədi ilə 7 bənddən ibarət təklifləri iştirakçıların diqqətinə çatdırdı. Təkliflərdə sığorta qanunvericiliyinin tezliklə qəbul edilməsi, sığorta predmetinin, sığorta hadisələrinin şaxələndirilməsi, ölkədə kənd təsərüfatı sahəsində qiymət və gəlir risklərinə görə sığorta modelinin tətbiqi, təşviq mexanizmlərinin bütün steykholderlər üzrə təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapmışdır. 

Rəşad Həsənov bildirdi ki, aqrar sığortanın inkişafı sektorda fəaliyyət göstərənlərin korporativ maraqları ilə yanaşı 1 milyon 700 min nəfərdə artıq ölkə vətəndaşının sosial rifahı, məşğulluğu, dövlətin sosial yükü kontekstindən mühüm əhəmiyyət daşıyır, müasir maliyyə bazarlarının formalaşması və rəqabətli istehsal mühti təmin edilməsində ciddi rol oynayır. 

Tədbirə dəvət olunmuş "AZSIĞORTA” ASC-nin və "ATASIĞORTA” ASC-nin əməkdaşları mövzu ilə əlaqədar gedən müzakirələrdə verilən sualları cavablandıraraq sığortanın fermerə faydası və kənd təsərrüfatı məhsullarının sığortasının kreditora faydası haqqında məlumat verdilər. Onlar həmçinin qeyd etdilər ki, banklar kredit qarşılığında fermerlərdən əmlakını girov qoymağı tələb edirlər. Bu tələb, xüsusilə əmlakın paytaxtda olması ilə bağlı olduqda, fermer üçün böyük çətinlik yaradır. Bu isə, fermerin kredit almaq şansını azaldır. Aqrar sığorta zamanı bu problem ortadan qalxa və fermer ehtiyacı olan krediti əldə edə bilər.

Həmçinin hadisə zamanı, məhsulunu itirən fermer, eyni zamanda banka təminat olaraq girov qoyduğu əmlakını da itirmək təhlükəsi ilə qarşılaşacaq. Halbuki, kənd təsərrüfatı məhsullarının sığortası zamanı əmlak fermerin mülkiyyətində qalacaqdır. 

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. 
 
(Karabahmedia.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook