SON XƏBƏR

Qüdsün indi yada düşməsinin pərdəarxası: ABŞ, Səudiyyə Ərəbistanı və İsrail arasındakı gizli razılaşma üzə çıxır

Dekabr 08
07:41 2017
Professor Cengiz Tomar,

Mərmərə Universitetinin Siyasi elmlər fakültəsinin müəllimi

"Anadolu” Agentliyi, Türkiyə; 07 dekabr 2017-ci il

Rəvayətə görə, 11 dekabr 1917-ci il tarixdə Qüdsü işğal edən ingilis general Allenbi Xaçlı səfərlərinin artıq sona çatdığını söyləyib.

Orta Şərqdə onsuz da hər şey toz-duman olarkən, ərəbcənin Dəməşq ləhcəsində ifadə edərsək, "fevkanin tahtanin”, yəni, hər şeyin alt-üst olduğu bir xaos şəraiti sürərkən Trampın Qüdsü, Şərqi Qüds də daxil olmaqla, İsrailin paytaxtı olaraq qəbul və elan etməsinin, bir atom bombası təsiri yaradaraq, regionun qiyaməti ola biləcək, bəlkə də Orta Şərqdə "böyük partlama”ya yol açacaq bu açıqlamanı verməsinin 1917-ci il işğalından tam yüz il sonra baş tutması simvolik əhəmiyyət daşıyırmı?

Buna 02 dekabr 1917-ci il tarixli Balfor Bəyannaməsinin yüzüncü ildönümü və 1967-ci ilin "altı günlük müharibə”si nəticəsində Şərqi Qüdsün işğalının 50-ci ildönümü simvolizmlərini də əlavə edə bilərik.

Ən azı, hamımız bir məsələdə eyni fikirdəyik ki, Tramp bu simvolizmi dərk edəcək həssas bir şəxsiyyət deyildir. Yaxşı, elədirsə nə baş verdi ki, ABŞ prezidenti bu günlərdə belə bir qərar aldı?

Simvolizm çox inandırıcı gəlmirsə, ola bilər, Trampın seçki kampaniyası ərzində Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağını vəd etməsini xatırladaraq, bu sualı cavablandıra bilərsiniz. Amma bu cavab da "niyə indi” sualına qaneedici bir cavab kimi görünmür.

Nə yüzüncü ildönümü simvolizminin, nə də Trampın bu məsələdə söz vermiş olmasının Qüdsün bu günlərdə paytaxt olaraq tanınması üçün yetərli səbəb olmadığını düşünürsünüzsə, cavabı daha dərinlərdə, son illərdə Orta Şərqdə meydana gələn dəyişikliklərdə axtarmalı olacağıq.

Orta Şərqə bahar rüzgarı gətirə bilməyən "Ərəb Baharı”nın region sosiologiyasında mövcud olan canlı etnik və məzhəbi sosial qırılma xətlərini bir daha bərpa edilə bilməyəcək şəkildə bir-birindən aralayan zəlzələyə çevrildiyi çox açıq görünür. Şübhəsiz, region bundan sonra əsla əvvəlki kimi olmayacaq. Ancaq bu xaosdan sonra da elə və ya belə bir nizam qurulacaq.

ABŞ prezidentinin son Qüds həmləsi isə bu qırılma xətlərini darmadağın edərək, öz çevrəsində yeni bir peyklər nizamı yaratmağa yönəlik bir cəhd kimi görünür.Amma eynilə Bərzaninin referendum qumarında olduğu kimi, "Dimyata düyüyə gedərkən, evdəki bulqurdan olma” ehtimalını, daha açıq ifadə ilə, bütün ərəb və islam dünyasını itirmə riskini də daşıyır.

ABŞ Konqresi 1995-ci ildə aldığı bir qərarla səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsini təsdiq etsə də, ABŞ prezidentləri, durumun həssaslığına görə, altı aylıq dövrlərlə bu qərarı təxirə salırdılar. Yaxşı, bəs bu gün nə oldu ki, ABŞ bu qərardan tam 22 il sonra belə bir işə girişdi?

ABŞ-ın xüsusi olaraq Suriya və İraqdakı, ümumən isə Orta Şərqdəki strateji səhvləri ən sonda Qüdsü İsrailin paytaxtı olaraq tanıyaraq, regionda etdiyi dəhşətli səhvlər zəncirinə yeni birini əlavə etməklə nəticələnməkdədir. Terrorizm və radikalizmlə mübarizə adı altında İraq, Suriya və Yəmən kimi ölkələrdəki dövlət sistemlərinin çökdürülərək, bu ölkələrin faktiki olaraq bölünməsi ən çox ABŞ-ın regiondakı rəqibləri olan Rusiya və İranın işinə yaradı.

Rusiya Suriyadakı təsirini möhkəmləndirərək, demək olar ki, qərbi Suriyanı faktiki mandat idarəçiliyinə çevirdi.

İran isə İraq və Suriyada nüfuz qazanaraq, Livan və Hizbullah vasitəsilə qurudan İsrailə çıxış əldə etməklə bərabər, Yəmən və Bəhreyn kimi ölkələr vasitəsilə də ABŞ-ın körfəzdəki müttəfiqlərini mühasirəyə alaraq, təhdidedər hala gəldi.

ABŞ müttəfiqi və strateji ortağı olan Türkiyəni Suriya məsələsində tərk etmiş, ona təhdid yaradan PKK, PYD/YPG və FETO kimi təşkilatlara dəstək verməklə, regiondakı ən önəmli müttəfiqini Rusiya və İran ilə əməkdaşlıq etmək məcburiyyətində qoymuşdur. Buna bir də Körfəzdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən sıxışdırılan Qətəri əlavə edək.

ABŞ Orta Şərqdəki yanlış siyasətləri nəticəsində yaranan Türkiyə, Rusiya, İran və Qətər blokuna qarşı öz liderliyində Səudiyyə Ərəbistanı və Körfəz ölkələrilə Misir və İsraildən ibarət bir blok yaradıb. İŞİD-in sahə hakimiyyətinin bitməkdə olduğu bir zamanda atılan bu addım, Tramp öncüllüyündəki ABŞ, Məhəmməd bin Salman öncüllüyündəki Səudiyyə Ərəbistanı (və Körfəz) və İsrail arasında son dövrdə ortaya çıxmağa başlayan razılaşmanın bir məhsulu kimi görünür. Çünki İranın son zamanlarda regionda ələ keçirdiyi nüfuz ən çox İsraili və Səudiyyə Ərəbistanını, dolayı olaraq da ABŞ-ı narahat edir.

Həm Həririnin Riyadda istefaya məcbur edilməsi, həm də Mahmud Abbasın Fələstin hakimiyyəti adına qəbul edilməsi, özündə imkansız şərtlər ehtiva edən bir sülh anlaşmasına məcbur edilməsi də bu razılaşma ilə izah edilə bilər. Çünki Abbas da son günlərdə Şərqi Qüds yerinə, şəhərin cənub-şərqindəki Əbu-Dis qəsəbəsini Fələstinin paytaxtı olaraq qəbul etməyə məcbur edilib. Sinadan bir hissə torpağın Fələstin hakimiyyətinə (ehtimal ki, təzminat olaraq) verilməsilə, Misirin də bu blokun yaranmasında töhfəsinin olması istənib. Çox yaxın bir zamanda Misirin Qırmızı dənizdəki strateji əhəmiyyətli iki adasını Səudiyyə Ərəbistanına verməsini də bu razılaşma çərçivəsində dəyərləndirək. Yəqin ki, Sisi də bu razılaşma sayəsində maliyyə yardımı və siyasi dəstək almaqla, öz iqtidarını möhkəmləndirmək istəyib.

Ancaq evdəki bu hesab, hər zaman Orta Şərq bazarına uyğun gəlməyə bilər.Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyaraq, şahmatdakı həmləsini edib. Şübhəsiz, başda Türkiyə olmaqla, İordaniya və islam dünyasındakı bir çox ölkə bu qərara böyük reaksiya verəcək. Amma burada əsas müəyyənedici olan Misir və Səudiyyə Ərəbistanı (Körfəz) xalqlarının və hakimiyyətlərinin mövqeləri olacaq. Misir və Səudiyyə Ərəbistanının xalqları böyük reaksiya verərsə, onların hakimiyyətlərinin buna qarşı reaksiyası Orta Şərqdə bütün nizamı dəyişdirə bilər…

Son söz: Qüdsə sülh gəlmədən Orta Şərqə sülh gəlməz.

Tərcümə Strateq.az-ındır



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook