SON XƏBƏR

“Quba ilə əlaqədar məsələ aydındır” - deputat

Dekabr 13
08:56 2017
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 12 iyul iclasında rayon rəhbərlərinə konkret tapşırıqlar vermişdi. Dövlət başçısı bildirmişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar: "Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda-dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.

Ölkə prezidenti İlham Əliyevin icra başçılarına qoyduğu vaxt başa çatır. İcra başçılarından kimin imtahandan necə çıxacağı maraqla gözlənir.

Bəs kənd təsərrüfatı rayonlarını təmsil edən deputatlar öz rayonlarında görülən işləri izləyirlərmi? Rayonlarda prezidentin göstərişinin necə yerinə yetirildiyindən məlumatlıdırlarmı?

52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov bildirdi ki, Qubanın icra başçısı 10 gün öncə vəzifədən azad olunub. İşdən azad olunan Yaşar Məmmədov işlədiyi müddətdə, o cümlədən son 5-6 ayda elə də ciddi işlər görə bilməmişdi: "Nə iş yerlərinin açılması, nə investisiya qoyulmasına töhfə vermədi. Ona görə də cənab prezident onu vəzifəsindən azad etdi. Odur ki, Quba ilə əlaqədar məsələ aydındır. Digər rayonlara gəldikdə, rayonların əksəriyyəti kənd təsərrüfatı rayonlarıdır. Kənd təsərrüfatına da dövlət tərəfindən çox böyük diqqət var. Müxtəlif sahələrin inkişafı üçün ciddi dəstək verilir. 2017-ci ili 2016-cı illə müqayisə edəndə kənd təsərrüfatı sahəsində müəyyən artımın olduğunu görürük. Keçən ilə nisbətən iki dəfədən artıq pambıq yığılıb. Amma konkret olaraq hansı rayonda vəziyyətin hazırda necə olduğunu yəqin ki, yaxınlarda biləcəyik. Yəqin ki, cənab prezident yaxınlarda ilin yekunları ilə bağlı iclas keçirəcək və rayonların icra başçılarının fəaliyyətinə qiymət verəcək. Hansı icra başçılarının dəyişilməsi cənab prezidentin səlahiyyətində olan məsələdir”.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı Tahir Kərimli öncə bildirdi ki, rayonlarda öz hesabına inkişafa nail olmaq üçün ilk növbədə bir sıra siyasi-inzibati cəhətdən addımlar atılsa yaxşı olar. Yəni yerlərdə bələdiyyələrin rolunu artırmaq, icra hakimiyyətlərini özünə aid olmayan funksiyalardan azad etmək lazımdır: "Odur ki, bu məsələlər öncə qanunvericilik qaydasında həyata keçirilməlidir. Keçmişdə icra hakimiyyətləri haqqında əsasnamə qəbul olunmuş və ətalətlə o əsasnamənin tələblərinə uyğun fəaliyyət göstərirlər.

Bütün rayonlarda, o cümlədən Ağsu və İsmayıllıda dəyişikliklər adətən mərkəzdən olan təşəbbüslər əsasında həyata keçir. Dövlət İsmayıllıya 7 milyon manat büdcə ayırır və bu rayon artıq dövlətdən dotasiya almır. Amma Ağsu rayonunda 2,5 milyon manata yaxın dotasiya mövcuddur. Çünki hələ yerli sənayenin inkişafı arzuolunan səviyyədə deyil. Amma Ağsuda pambıqçılıq çox ciddi inkişaf elətdirilir, xeyli əkilməmiş torpaq sahələri artıq istehsala cəlb olunub. İsmayıllıda tütünçülük, tinkçilik inkişafdadır. Ağsu yeganə rayonlardandır ki, rayon mərkəzində bütün küçələr asfaltlaşıb. İsmayıllıda da bu iş gedir. Bir sıra sənaye müəssisələri də açılıb. İqtisadi cəhətdən canlanma müşahidə olunur. Həm Ağsuda, həm İsmayıllıda görülən bu işlər insanların məşğulluğunu müəyyən dərəcədə təmin edir. Prezident çox doğru tapşırıq vermişdi və haqlı olaraq bildirib ki, hər şeyi yuxarıdan gözləmək lazım deyil. Yerli icra hakimiyyəti orqanları təşəbbüskar olmalıdır".

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat seçilən Elman Nəsirov bildirdi ki, prezident çevik siyasət həyata keçirir və haqlı olaraq da icra başçılarından çeviklik tələb edir: "Cənab prezident şəxsi nümunədir və icra başçılarından da xalqın yanında olmağı, çevikliyi tələb edir. Tələb edir ki, xarici investorların da rayona cəlb olunmasına diqqət ayırsınlar. Mənim təmsil olunduğum Göyçay və Ağdaş rayonlarındakı vəziyyətə gəldikdə, əvvəla, deyim ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə uzaq olmayan zamanda vəzifəyə təyin edilib. Onu yeni icra başçısı hesab etmək olar. Amma Ağdaşın icra başçısı Tofiq müəllim xeyli əvvəl təyin edilib. Hər iki rayon kənd təsərrüfatı rayonlarıdır və bu sahənin inkişafı istiqamətində ciddi işlər görülməkdədir. Mən rayonlarda olarkən hər iki icra başçısının keçirdiyi müşavirələrdə şahidi olmuşam ki, çox ciddi tələblər qoyulur. Bütün ictimaiyyət, imkanlar səfərbər olunub ki, qarşıya qoyulan vəzifələr yerinə yetirilsin. Xarici investorların cəlb olunması ilə bağlı da iş gedir. Məndə olan məlumata görə, hər iki rayonda Çin Xalq Respublikasından kənd təsərrüfatına investisiya qoyulması üçün ciddi danışıqlar aparılır. Nəticələr olacağı gözlənilir. Bir neçə dəfə Çin iş adamlarının rayona getdiyi və danışıqlar apardıqları prosesində mən də iştirak etmişəm. Digər ölkələrin də bu işə cəlb olunması istiqamətində konkret planlar var”. \musavat.com\ 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook