SON XƏBƏR

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana dünya miqyasında olan hörmətin, inamın göstəricisidir

Oktyabr 31
11:36 2019
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün yüksək səviyyədə başa çatması bir daha təsdiqlədi ki, ölkəmiz belə mötəbər tədbirləri keçirməkdə artıq böyük təcrübə qazanıb. Bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkili ölkəmizin növbəti üç il ərzində Qoşulmama Hərəkatına sədrliyi dövründə üzərinə düşən missiyanı uğurla həyata keçirəcəyinə inam yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, Azərbaycan bu təşkilata üzv olmaqla və tədbirlərində fəal iştirakı ilə sübut edir ki, ölkəmizin hər hansı hərbi bloklara üzvlüyü heç bir maraq kəsb etmir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi xarici siyasət kursunun əsas məqsədi bərabərhüquqluluq, əməkdaşlıq, qarşılıqlı maraq və dəstəyə əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsidir. Cəmi 28 illik müstəqillik tarixi olan Azərbaycanın yardım alan ölkədən həm humanitar, həm də iqtisadi yardım edən ölkəyə çevrilməsi dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətin bariz nümunəsidir. Bu fakt Zirvə Görüşü iştirakçılarının dövlət və hökumət başçılarının da diqqətinə çatdırılıb. Prezident İlham Əliyev nitqində bildirib ki, 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardım göstərib. Bu da bir daha Azərbaycanın hazırda beynəlxalq gündəlikdə hansı rola malik olmasının göstəricisidir.

Politoloq qeyd edib ki, Zirvə Görüşünün keçirilməsi Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinə iştirakçı statusu almasından qısa müddət sonraya təsadüf edib. Azərbaycan yeganə MDB ölkəsidir ki, dünyanın qabaqcıl iqtisadiyyatlarına malik ölkələrinin arasında bu statusa malikdir. Respublikamız Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrə humanitar və elmi-texniki dəstək göstərilməsi istiqamətində səylərini davam etdirəcək. Azərbaycan yardıma ehtiyac duyan ölkə və xalqların köməyinə çatmağa həmişə hazır olub və bu sahədə öz köməyini əsirgəməyib. Biz son illər bunun dəfələrlə şahidi olmuşuq. Bu, bir daha sübut edir ki, ölkəmiz üçün sözlə əməllər hər zaman üst-üstə düşür.

Tədbirin əhəmiyyətindən söhbət açan politoloq bir daha vurğulayıb ki, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Zirvə Toplantısının Yekun Bəyannaməsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bəndlər qəbul edilib. Bu sənədin xüsusilə də Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəndlərində Ermənistan işğalçı dövlət kimi tanındı. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq tanınmış sərhədlərinin pozulmaz olduğu bir daha qeyd olundu. Ölkəmizin Qoşulmama Hərəkatına sədr seçilməsi Bakının bu rolunun getdikcə dünyada daha çox qəbul edilib dəstəklənməsinin parlaq təzahürüdür. Sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə dünya miqyasında göstərilən hörmətin, inamın və etimadın göstəricisidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook