SON XƏBƏR

Qəzet oxumayan icra başçısının nağılı

İyul 10
00:47 2018
Gündən-günə qəribələşən bir məmləkətdə yaşayırıq. Qəribələşdikcə də mozaxistcəsinə sevgin artır. O gündən-günə qəribələşir, sən də sökülən asfaltına, sönən işıqlarına, dolub-daşan kanalizasiyasına, "quş buraxan" məmuruna gündən-günə "vurulursan". Hətta bəzən darıxmağa, təəccüblənməyə başlayırsan işığın, suyun, qazın, internetin kəsilməyəndə, hansısa məmur "quş buraxmayanda". Ancaq bu həsrət nağıllardakı kimi uzun sürmür, daha doğrusu nağıllardakı kimi yüyrək olur. Elə darıxmağa yeni başlayan kimi, bir də görürsən suyun da kəsildi, qazın da, işığın da. Üstəlik hansısa bir məmur qırğı kimi şığıyır mediaya. Və başlayır "həsrət"inə son qoymağa. 
 
Bu gün də belə oldu. Məşhur Quba xanı Fətəli xanın xələfi Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu gün "Rixos" hotelində baş vermiş qəza ilə bağlı açıqlama almaq istəyən jurnalistə deyib ki, mən xəbər saytlarına baxmıram, heç qəzet də oxumuram. Üç cümləlik açıqlamasının iki cümləsində bu sözü təkrarlayıb: Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram...
 
Doğrudanda da, etiraf edək ki, qarşılaşmadığımız haldır. İndiyə qədər əksini görmüşük axı. Məsələn, hansısa alim müsahibəsində deyib ki, daha Bakıya qar yağmaycaq. Biz də düşünmüşük ki, əşi ağsaqqal adamdı, 70-80 yaşı var, 50 ildir akademiyada çalışır, yəqin çox kitab oxuyub, indi də qarışdırır. 
 
Biri mələyin sürətini hesabladığı deyib. Yenə də dözmüşük, düşünmüşük ki, yəqin bu da çox oxumaqdandı. Yola vermişik. 
 
Biri İsa peyğəmbərin türk olduğunu deyib, o biri yuxuda Allahla danışdığını deyib. Biri atom bombası düzəltdiyini, o birisi poeziyaya 20 yeni cərəyan gətirdiyini deyib. Hamısını anlamışıq. Yenə də düşünmüşük ki, yəqin çox kitab oxumaqdandı.
 
Ancaq bu dəfə mənzərə tam fərqlidi. İlk dəfədir ki, yüksək vəzifəli məmur qəzet oxumadığını, saytları izləmədiyini deyir. Bunu həm də bir fəxarətlə deyir. Təsəvvür edin ki, qəzet oxumadığını deyən kəs 182 minlik əhalisi olan rayona rəhbərlik edir. Müəllim 8 aydı Quba rayon İcra hakimiyyətinin başçısıdır, indiyədək heç bir işi, sözü ilə mediaya çıxmayıb. Və qəzavü-qədər nəticəsində mediaya çıxır, onda da deyir ki, qardaş mən qəzet-zad oxumuram, saytlara da baxmıram. 
 
Bu cür açıqlama əlbəttə ki, Ziyəddin Əliyevin siyasi fəhminin naşılığından irəli gəlir. Müəllim digər icra başçılarından fərqli olaraq sistemdə yenidir. Böyük təcrübəsi yoxdur. Digərləri kimi bu vəzifəyədək 3-5 rayonda işləməyib. Həm də səmimidir. Çünki qəzet oxumadığını deyir. Axı olmayan şeyi necə oxumaq olar? Qəzet oxumaq üçün gərək əvvəlcə qəzet olsun, sonra da köşk. Məmləkətin paytaxtında qəzet yoxdursa, qəzet satan köşklər yoxdursa, Qubada hardan olsun?! 
 
Ziyəddin müəllimin saytları oxumadığına gəldikdə isə düz edir. Bu dəqiqə saytlar şeytan sandığı kimi bir şeydi. Girirsən "A"-ya, bir də baxırsan ki, "Z"-ə gedib çıxmısan. Özü də bilmirsən ki, kim kimdi. Bunun kafiri, müxalifəti var...
 
Həm də axı Ziyəddin müəllimdə hardandı o qədər vaxt "A"-dan "Z"-yə xərcləyə.
 
Yaxşısı budur, 8 ayı necə gəlib, bundan sonrasını da elə getsin.
 
Allah bərəkət versin.
 
Mübariz Məmmədov
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook