SON XƏBƏR

Qənizadə: "Mənə təklif olundu ki, Madriddə baş verənlərin olmamasını və bununla bağlı heç nə görmədiyimi deyim"

Mart 07
02:06 2020
Çingiz Qənizadə: "Mənim "günahım” cənab Prezidentə düzünü deməyim olub”

Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə akademik Abel Məhərrəmovun barəsində səsləndirdiyi ittihamlara cavab verib.

Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Abel Məhərrəmov sözügedən məsələdə tamamilə haqsız danışır: "Bu gün Speys TV-də efirdə gedəcək "Sadə həqiqətlər” verilişinin anonsuna salınan fikirlərimlə bağlı şəxsiyyətinə böyük hörmət etdiyim akademikimiz Abel Məhərrəmovun belə kəskin reaksiya verəcəyini heç vaxt düşünməzdim. Mən Abel müəllimi də, onun rəhmətlik atasını və qohum-əqrəbalarını da çox yaxından tanıyıram, onlara hər zaman böyük hörmətim olub. Amma Abel müəllim bu məsələni qabartmaqda haqlı deyil.

Əvvəla, Abel müəllim qeyd edir ki, Çingiz Qənizadənin Siyavuş Novruzovla düşmənçiliyi var və məni də ora qatmaq istəyir. Tam səmimiyyətimlə deyirəm ki, mənim heç kəslə düşmənçiliyim yoxdur.

Mən 10 il parlamentdə olmuşam və hazırda da hüquq-müdafiə təşkilatının rəhbəri olaraq amalım və mövqeyim o kəslərə qarşı olub ki, onlar Azərbaycan dövlətinə qarşı çıxıblar, onlar hər şeyi qara görməyə çalışıblar, onlar xaricdə oturub Azərbaycan dövlətinə və onun rəsmilərinə qarayaxmalar atmaqla ölkəmizdə gərginlik və xaos yaratmaq arzusunda olanlardır. Mənim də bu cür adamlara qarşı düşmənçiliyim hər zaman olacaq. Mənim düşmənçiliyim cənab Prezident İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın başlatdığı islahatlara qarşı çıxanlarla hər zaman olub və bundan sonra da davam edəcək. Ayrı-ayrı fərdlərlə mənim hər hansı düşmənçiliyim yoxdur.

Digər tərəfdən isə mən "Sadə həqiqətlər” verilişində heç kəsin adını çəkməmişəm. O verilişin formatı belədir ki, hamının bildiyi məsələləri daha da yaxından göstərmək qarşıya məqsəd qoyulub. Mən nə Abel Məhərrəmovun, nə də başqalarının adını çəkmədən ümumi fikir bildirmişəm”.

Sabiq deputat deyib ki, Abel Məhərrəmov onun adını çəkməklə və bu məsələni gündəmə gətirməklə özünə zərər vura bilər:

"Abel müəllim qeyd edir ki, mən həmin tədbirə dəvət olunmamışam. Bu da yalandır. Mən sözügedən tədbiri dəvətli olmuşam. Hətta, tədbirdən əvvəl möhtərəm Şeyximizlə də görüşmüşəm. Məni o tədbiri təşkilatçı və İspaniyada yaşayan iş adamı Əli Evsen dəvət edib. Mənim o tədbirdə nümayəndə heyətimizlə bir arada iştirakımla bağlı foto və video görüntülər var. Abel müəllim bunları çox yaxşı bilir. Hətta, tədbirin rəsmi açılış hissəsində mən, Abel Məhərrəmov və onun İspaniyada səfir işləyən oğlu yanaşı əyləşmişik. Həmin vaxtı da bizim söhbətlərimiz olub. Abel müəllim bu söhbətlərin nə ilə bağlı olduğunu da çox yaxşı bilir.

Abel Məhərrəmov qeyd edir ki, o tədbirdə 3 dəfə ziyafət verilib, heç birində spirtli içki olmayıb. Əlbəttə ki, orada spirtli içki ola bilməzdi. Çünki həmin tədbirdə xarici ölkələrin dini liderləri iştirak edirdilər. Buna görə də həmin məclisdə spirtli içki ola bilməzdi. Söhbət o məclisdən deyil, ayrı məclislərdən gedir.

O qeyd edir ki, Çingiz Qənizadə bizim təyyarə ilə də getməyib. Abel müəllim bunu düz deyir. Çünki həmin ərəfədə mənim ən yaxın dostum olan ədliyyə generalı Zahir Əlizadə Türkiyədə xəstə idi, İstanbulda xəstəxanada yatırdı. Bu hadisələrdən sonra da biz onu itirdik. Mən Bakıdan İstanbula gedərək bir gecə onun yanında qalıb, oradan da Madirdə uçmuşdum. Rəsmi tədbirdən sonra isə yenidən İstanbula geri qayıdaraq dostumun yanında olmuşdum. İndi bir təyyarə ilə getməmək adı altında ictimai fikri çaşdırmaq düzgün deyil. Əgər mən o tədbiri dəvət edilməmişdimsə, o zaman nəyə görə bizi sonradan Prezident Administrasiyasına dəvət edirdilər?

Bizi Prezident Administrasiyasına dəvət edib, Madriddə səfərdə olmuş şəxslərdən hamının iştirakı ilə bəzi məsələlərə aydınlıq gətirdilər. Madriddə içki məclisi ilə bağlı baş vermiş məlum qalmaqaldan sonra cənab Prezidentin tapşırığı ilə rəsmi şəxslər bizi Prezident Administrasiyasına çağırmışdılar. Onlar Madriddə baş verənlərin nədən ibarət olduğunu bir daha araşdırdılar. Madriddə baş verənlərlə bağlı artıq Prezident Administrasiyasında hüquq mühafizə orqanlarının rəsmi arayışı var idi. Madriddə baş verənlərlə bağlı bütün həqiqətlər həmin arayışdı öz əksini tapmışdı.

Bizim Prezident Administrasiyasına çağırılmağımızın əsas səbəbi Madriddə bəzi adamların içkili vəziyyətdə özünü apara bilməməsi ilə bağlı olub. Orada mənə təklif olundu ki, Madriddə baş verənlərin olmamasını və bununla bağlı heç nə görmədiyimi deyim. Mən buna qəti razı olmadım və bildirdim ki, cənab Prezident həqiqəti bilmək istəyir, mən ona yalan danışa bilmərəm. Ona görə də qeyd etdim ki, Madriddəki qalmaqalla bağlı hüquq mühafizə orqanlarının arayışında göstərilənlər tam həqiqətdir.

Yəni, mənim orada bəzi adamlara görə olan "günahım” cənab Prezidentə düzünü deməyim olub. Mən Abel müəllimə məsləhət görürəm ki, o bu məsələ ətrafında yaranan qalmaqalın böyüməsində maraqlı olmasın. Qoy unutmasınlar ki, həmin tədbirlə bağlı əllərdə kifayət qədər video və foto materiallar var. Amma mən heç vaxt bu materialların ictimailəşməsinin tərəfdarı olmamışam”.



Qeyd edək ki, Milli Məclisin sabiq deputatı, akademik Abel Məhərrəmov keçmiş deputat həmkarı Çingiz Qənizadənin "Space” TV-də yayımlanan "Sadə həqiqətlər” verilişində onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

A.Məhərrəmov Demokrat.az-a açıqlamasında bildirib ki, Ç.Qənizadənin bəhs etdiyi Madriddə keçirilmiş həmin tədbiri Azərbaycan dövləti təşkil edib: "Sözügedən tədbir mənim oğlumun deyil, Azərbaycan dövlətinin tədbiri olub. Həmin tədbirə də Çingiz Qənizadə dəvət edilməyib. O, özü təxribat yaratmaq üçün tədbirə gəlib. Axı necə olur ki, bu adam həmin tədbirə dəvət olunmadığı təqdirdə Bakıdan İspaniyaya gəlir? Çingiz Qənizadə özbaşına gəlib o tədbirdə iştirak edib. Bakıdan gələn nümayəndə heyətinin də tərkibində Çingiz Qənizadə olmayıb. O ayrı təyyarə ilə gəlib-gedib. Heç bilmirəm ki, onu tədbirə kim dəvət edib, nə məqsədlə gəlib və sair. Yəni, o bizim nümayəndə heyətinin tərkibində olmayıb. Bizim heyətin tərkibində Allahşükür Paşazadə, Siyavuş Novruzov, Cavanşir Paşazadə olub. O isə tədbirə dəvət olunmadan tək gəlib. Mənə elə gəlir ki, Çingiz Qənizadə bu cür qalmaqallar yaratmaq və Azərbaycan nümayəndə heyətini gözdən salmaq üçün o tədbirə gəlibmiş. Bunun başqa məntiqini görmürəm”.

A.Məhərrəmov deyib ki, həmin tədbir zamanı 3 dəfə ziyafət verilib: "Həmin ziyafətlərin heç birində Çingiz Qənizadə iştirak etməyib. Ziyafətlərin üçündə də spirtli içki verilməyib. Axı Çingiz Qənizadə spirtli içki verildiyini harada görüb? Onun məqsədi nədir? Yəqin ki, Çingiz Qənizadə təxribat yaratmaq üçün o tədbirə gəlib. Görünür, onun xarakteri belədir”.

Sabiq deputat qeyd edib ki, əslində Çingiz Qənizadənin davası Siyavuş Novruzovladır: "Onun Siyavuş müəllimlə davası var, məni də bura qatır. Bütün bu qalmaqalları da Siyavuş Novruzova görə edir”.

Xatırladaq ki, 2018-ci ildə İspaniyada "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanda böyük qalmaqala səbəb olub. Belə ki, sözügedən konfransda iştirak edən Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə həmin konfransda iştirak edən rəsmi şəxslərdən bəzilərinin adlarını şərab qalmaqalında hallandırıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook