SON XƏBƏR

Qazi ola bilməyən qazılar

İyul 19
11:03 2019
 Vahid Qazi
 
Əhməd Ağaoğlunun "Xatirələr”, Çəmənzəminlinin "Studentlər”, Mehriban Vəzirin "Gövhər Ağa Cavanşir” kitabları üstündə Qarabağ düşüncəsi

Sözün axırını əvvəl demək kimi çıxmasın ulu babam Şuşanın qazısı olub. "Qazıyev” soyadımız ondan gəlir. Şəcərəmizi babam Həbibin atası Əlişəcən bilirəm. Zəncir qazıda qırılır. Bəlkə də öz adıyla yox, vəzifə adıyla çağırırmışlar deyə Əliş babamın qazı babasının adı gəlib bizə çatmayıb.

Heç, hardasa Uruset tərəflərdə oxuyub Qarabağa qayıdan oğlunun da adını bilmirəm. Yəqin onu da adıyla yox, "qazının oğlu” deyə çağırırmışlar. Bir onu bilirəm ki, babat vuran imiş. İçdiyi arağın şüşəsinə baxıb deyərmiş: "O butulkanın dibində yataydım, durmayaydım”.

Mirzə Cəlilin "kefli İsgəndər”lərindən biriymiş.

Mehriban Vəzirin "Gövhər Ağa Cavanşir” tarixi romanı uşaq vaxtı hər məhərrəmlikdə gəlib imamın yeddisi çıxanacan bizdə qalan atamın yaşı illər görmüş əmisi Tiyqəli babanın söhbətlərini yadıma saldı. Sovet vaxtı Ağdam məscidi regionun fəaliyyət göstərən tək məscidi olduğundan məhərrəmlikdə ətraf rayonlardan adamlar şəhərimizə axışardı. Tiyqəli baba da gündüzlər məscidə ibadətə gedər, gecələr yatmağa bizə gələrdi. Qazı babamız, onun oğlu haqda söhbətləri ondan, bir də atamdan eşitmişəm.

"Gövhər Ağa Cavanşir” Qarabağ xanlığının çiçəklənmə dövründən, süqutundan bəhs edir. Kitabı tarix səhifəsi kimi oxuyursan. İki od arasında – Rusiya ilə İranın basqısı altında qalan xanlığın ağır günlərində vəzir-vəkilin, molla-axundun tutduğu mövqe, dinin, təriqətin dağıdıcı rolu düşünüb təhlillər etmək üçün beyinə "yem” verir. Sədaqət və xəyanət, patriarxal ənənə və məhəbbət mövzuları da romanda şirin bir dildə yazılıb, sözüm bunda deyil.

Qəsdim romandan ədəbi tənqid stilində yazı yazmaq da deyil. Sadəcə, anlamaq istəyirəm, 58 il müstəqil ömür sürmüş bir dövlətin – Qarabağ xanlığının, Azərbaycan millətini təşkil edən qövmün ən ciddi ictimai-siyasi, sosial-mədəni qaynaqlarından birinin mövcud olduğu yerdə necə oldu adını dırnaqarasında yazdığımız "Arsax Respublikası” yarandı? Düşünürsən, cəmi iki yüz il əvvəl Azərbaycan türklərinin dominant olduğu Qarabağ, İrəvan xanlıqlarının ərazisində nə oldu ki, bu gün bir soydaşımız belə qalmayıb? Necə oldu ki, bu torpaqlarda Ermənistan adlı dövlət yarandı?

Tək səbəb Rusiyanın işğalı və onun Qafqazda strateji məqsədlə yürütdüyü siyasətidimi? Başqa səbəb yoxdumu?

Oxuduqca kitab səni bu suala doğru aparır. Suala birbaşa cavab almasan da əsər sənə yön verir.

Romanda bir cümlə var – "Molla Fərzəli beş yüz şişpapaq yeger polku ilə Qalaya girən Lisaneviçi duz-çörəklə qarşıladıqdan sonra komendantın yaxın dostuna çevrilmişdi”.

Bu cümlə nə vaxtsa oxuduğum Əminə Pakrəvanın "Abbas Mirzə və Azərbaycan” əsərini yadıma saldı. Qacariyyənin (indi İran deyirik) İstanbul konsulunun qızı kitabında yazırdı ki, 1827-ci ildə Təbriz əhli general Paskeviçin qarşısında qurban kəsib, şəhərin axundu rusları duz-çörəklə qarşılayıb.

Dindar oxucular inciməsin, bir söz deyim! İllər ötdükcə, yaşa dolduqca əminliyim daha da artır ki, bizim tarixən zəmanədən geri qalmağımızın ən əsas səbəbi dinimizdi. Məhz dinimiz əsrlər boyu bizi amorf insan kütləsi (hümmət) halında saxlayıb, əvvəl özünü tanıyan etnos, sonra da özünü dərk edən millət olmağa qoymayıb! Din pərdəsində gizlənən "min hin yarmış” "din tacirləri”miz də bu ocağın körükçüləri olublar. Zavallı sadə möminlər özlərinə götürməsinlər bu sözümü, kiminsə könlünə dəymək istəmərəm!

Ulu babamı gözümün qabağında canlandırmağa çalışıram! Onun yaşadığı dövrü, ələlxüsus da onun təmsil olunduğu hakim zümrənin formalaşdırdığı mühiti təsəvvür etmək istəyirəm. Gördüyüm Şuşa yaddaşımda nə qədər işıqlı qalıbsa, göz önünə gətirməyə can atdığım babamın Şuşası bir o qədər qaramat gəlir mənə. Niyə? Nə səbəbə?

Gözü-qulağı İranda qalan din xadimlərinin ictimai şüurda yaratdığı xurafat ocağının "tüstüsü” bizim əksər klassikimizin əsərlərində olduğu kimi bu romanda da boy verir. Şuşanın, Qarabağın işğal səbəblərini düşünsən. Gümanın yüz yerə gedir.

Xəyanətmi deyəcəksiniz?

Xəyanət sədaqətlə əkiz doğulub! Tarixi işğallar kimi şahidi olduğumuz işğallarda da xəyanət payını kimsə danmaz, sübut edə bilməsə də. Bir də ki, sübut axtarıldımı? Qarabağın işğal səbəblərini araşdıran məhkəmə quruldumu? Siyasi sifarişli məhkəmələri demirəm, hüquqa, fakta əsaslanan ümummulli mühakimədən danışıram.

Mən bütün məğlubiyyətlərin başında cəhaləti görürəm! Xəyanət də cəhalətdən doğur!

Bilmirəm, demək istədiyimi oxucu dostlara deyə bilirəmmi?

Ərəbləri Avropada görəndən sonra inanmağa başlamışam ki, müqəddəs kitabında yazıldığı kimi islamın məhz ərəblər üçün göndərilmiş din olduğunu deyənlərin fikrini qəribçiliyə salmaq lazım deyil. İslama qorxu altında, zorla "gəlmişik”, anlamadan, dərk etmədən qəbul etməyə məcbur olmuşuq. Nəticədə xalq kimi xarakterimiz də, psixikamız da, dünyadərkimiz də, ənənə-kültürümüz də dəyişib.

Din özü bir yana, təriqətlərin vurduğu sağalmaz zərbə "orbitdən çıxmaq” qədər sarsıdıcı oldu, nəhəng bir etnosu param-parça elədi. Bizi birləşdirən, qoruyan yox, ayıran, bölüb kültürlər içində əridən oldu.

Ağzıgöyçəklər sözümü yozmasınlar ki, Qarabağın, İrəvanın işğalında birbaşa dinimizi ittiham edirəm. Yox! Olsa-olsa onu torpağı qorumağa intellekti, təşkilati bacarığı, hərbi qabiliyyəti olmayan bir toplum formalaşdırmaqda qınaya bilərəm.

Bəli, xalq kimi mövcud forma almağımızda dinimizin, təriqətimizin həlledici rolu var! Hər toplum onu formalaşdıran insanların təfəkkürünün məhsuludu. Nəsən, elə osan!

Fikrimi daha aydın izah eləmək üçün dünyanın mədəniyyət paytaxtı Parisin Sarbonna universitetində təhsil alıb Şuşaya maarifçi missiya ilə dönən Əhməd Ağaoğlunun 150 illiyi münasibətiylə təzəcə nəşr olunmuş "Xatirələr” kitabından seçmələr verim.

 "…Mənim anam Sarıcalı obasından idi. Tərəkəmə idilər. Balaca boylu, incə, zərif, həssas bir qadındı…
…Axundların, mollaların əcaib geyimləri, cübbə və nəleyinləri qətiyyən xoşuna gəlməzdi. "Bunlar hamısı hiylədir, aldadıcı şeylərdir, mən oğlumu elə görmək istəmirəm!”- deyərdi.

Ürəyindən keçirdi ki, rusca oxuyum, çiyinlərimdə parlaq epoletlər daşıyım…

Anam bu işi necə gördü? Qonşuluqda yaşayan ixtiyar dayəsi Kərbəlayı Bahar nənə vasitəsi ilə bir erməni müəllim tapdı. O mənə Bahar nənənin evində, gizlicə rus dilində dərs verəcəkdi.

Üç il bu qayda ilə davam etdi. Müəllim mənə hesab, tarix və coğrafiya dəsrləri də verdi və hər ayın sonunda anam nimtənəsinin ətəyinə tikilmiş rus imperiallarından birini qoparıb zəhmət haqqı kimi Kərbəlayı Bahar vasitəsi ilə ona göndərirdi. Nə atamın, nə də başqa heç kəsin bu məsələlərdən xəbəri vardı.

…Anam sonda öz istəyini həyata keçirəcək, yolumu Kərbəlayi-Müsəlladan, Nəcəfül-Əşrəfdən Peterburqa, Parisə çevirəcəkdi”.

Dövrü, mühiti təsəvvürünüzdə canlandıra bildinizmi?

İcazə verin, o kitabdan seçmələri davam edim:

"…Şəhərimizdə (Şuşada – V.Q.) türklərlə ermənilər qarışıq yaşayırdılar. Ermənilər çoxdan rus məktəblərinə ayaq açmışdılar, orda təhsil alıb yerli rus idarələrini ələ keçirmişdilər və bizdən tamamilə fərqli tərzdə yaşayırdılar. Yadımdadır, yaşlı ermənilərin istər kişiləri, istərsə də qadınları bizim kimi geyinirdilər, bizim dildə danışırdılar, bizdən heç fərqləri yox idi. Amma yeni yetişənlər, gənclər tam başqa cür idilər. Bizim dildə danışmırdılar, geyimləri tamamilə fərqli idi, üstəlik də bizə yuxarıdan aşağı baxırdılar.

…Oxuduğum üçüncü sinifdə qırx beş şagirddən yalnız biri türk idi. Qalanların hamısı xaçpərəst idi. Amma xaçpərəst dediklərimin qırxı da tanıdığım, alışdığım erməni uşaqları olduğundan…”.

Yusif Vəzir Çəmənzəminlinin "Studentlər” romanını oxumusunuz? Neçə il əvvəl o romandan balaca bir yazı yazmışdım (burada oxumaq olar – V.Q.), oxumayanlara tövsiyyə edirəm. Bax, o kitabda belə bir abzas var, onu da yazıya gətirim cızmaq istədiyim mənzərəni tamamlasın.

 "Əvvəla, rеalni məktəb еrməni məhəlləsində idi. İkinci, bütün hökumət müəssisələri də оrada idi. Еrməni məhəlləsi şəhərin abad bir yеri idi. Türk hissəsi qaranlıq və xərabə bir halda idi. Оdur ki, biz hər gün еrməni hissəsinə gəzməyə gеdərdik. Yayda hər axşam bulvarda оlardıq”.

Hər üç kitabdan verdiyim sitatlar 200 il, 150 il, 100 il qabağın söhbətidi.

Özüm şahid olduğum, 40 il əvvəl sovet Qarabağında gördüyümü də yazım, oxucu dostlarımı öz düşüncələriylə baş-başa buraxım.

Xatırlayanlar qoymaz səhv yazam, rəsmən Azərbaycan şəhəri olsa da Stepanakertdə (indi Xankəndi deyirik) küçə yazıları iki dildə olurdu – rus, bir də erməni. O şəhərdə Azərbaycan dilində tək bir yazı oxumuşdum – bir parkda zibil qutusunun üstünə "Zibil qabı” yazılmışdı. 1979-cu il idi, Brejnevin "Azərbaycan iri addımlarla irəliləyir” deyən vaxtlar idi, qırmızı bayraqlar dalınca Moskvaya, yağ, başqa ərzaq, sənaye malları almağa Ermənistana, Gürcüstana getdiyimiz vədələr idi. Bu gün xalqımızın ulu öndər, ümummilli lider çağırdığı şəxs 10 il idi Azərbaycana rəhbərlik edirdi.

***

Müstəqillik illərində "Qazıyev” soyadımdakı rusdanqalma "yev” sonluğunun basqısı ağır gəldi, illah da hər dəfə xarici ölkələrdə konfranslarda iştirak edəndə. Odur ki, 1999-cu ildə dəyişməyə qərar verib "ZAQS” idarəsinə getdim. Qadın əməkdaşla sözümüz bir balaca çəpləşdi. Dirəndi ki, soyad "Qazı” ola bilər, "Qazi” yox. Dedim, bir nöqtənin söhbətini edirsiniz? Uzun bir monoloq söylədim, qazıların yox, qazilərin ölkəsini qurmaqdı arzum, dedim. Ömrümü bu işə həsr etməkdi məqsədim, dedim. Yola gəldi sonunda. "Onda al, nöqtəni özün qoy” deyib, doğum haqda şəhadətnaməmi mənə uzatdı. Mən də "ı”-nın başına nöqtə qoyub "i” elədim. Beləcə soyadım "Qazi” oldu.

Amma qazıların əsrlər boyu yaratdığı cəmiyyəti qazilərin toplumuna çevirmək "ı”-nın başına nöqtə qoymaq qədər asan deyil. Mirzə Fətəli Axundovdan başlayan proses 150 ildi bitmək bilmir.

Qazıların yox, elmdə, kültürdə, hərbdə qazi olan kəslərin quracağı azad, ədalətli, Qarabağlı Azərbaycan arzusu, niyyətiylə yazdım bu yazını.

Bilmədim, deyə bildimmi demək istədiklərimi…

İyul 2019



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook